Üç dəfə ərə gedən, bədəninə Çörçilin doğum tarixini döydürən aktrisa
15 avqust 2019 14:00 (UTC +04:00)

Üç dəfə ərə gedən, bədəninə Çörçilin doğum tarixini döydürən aktrisa

Ən cazibədar məşhurların reytinq siyahısında başda olub həmişə. Dəfələrlə “Oskar”a və “Qızıl qlobusa” layiq görülüb.  2013-cü ildə ən yüksən qonorar alan Hollivud aktrisası kimi adını tarixə yazıb. Hollivud gözəli Ancelina Coli Voytdan gedir söhbət.

Ailə və uşaqlıq

Ancelina 1975-ci ildə iyunun 4-də Los-Ancelisdə dünyaya gəlib. Atası aktyor Con Voyt, anası aktrisa, fransız əsilli Marçelin Bertrandır. Atası anasına mütəmadi xəyanət etdiyindən Ancelina dünyaya gələndən bir il sonra valideynləri ayrılır.  Marçelin Bertran Ancelina və qardaşı Ceymsin tərbiyəsi ilə məşğul olmaq naminə aktrisalığından imtina edib uşaqlarını da götürüb Nyu-Yorka gedir.

Ancelina artıq 6 yaşında atasının çəkdiyi “Çıxış yolu axtarışında” filmində çəkilib. Çəkilişlərdə ailəlikcə iştirak edirdilər.

Uşaqlıqda Ancelina eksentrik xarakteri ilə ilə seçilərmiş. 11 yaşında o, Hollivuda atasının evinə qayıdıb Li Strasberq kino məktəbində ardınca Beverli Hillz ali məktəbində  oxuyub. 

14 yaşında Ancelina Amerikanın və İngiltərənin müxtəlif şəhərlərində model kimi çalışırdı. Cəmi bir il sonra gələcək aktrisa etiraf edib ki, model karyerası bir ildə yaranmır, bu yolda əsəbləri korlayacaq illər lazımdır. Məlum olub ki, o, psixoemosional gərginlik keçirib. 1989-cu ildə Ancelina psixoloji vəziyyətdən çıxmaq yolunu bir cavan oğlanda tapır. Hər halda ona elə gəlir. İki il həmin oğlanla anasının evində birlikdə yaşayırlar. Nəticədə Ancelina özünün özünə vurduğu bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilir. 16 yaşında ikən arterial damarını kəsdiyinə görə yenidən xəstəxanada yatmalı olur. Bu aralar o, həm də narkomanlarla dostluq edir, çox sərbəst həyat tərzi keçirirdi. Yatağından yalnız kişilər deyil, həm də qadınlar çıxırdı.

Atasını qətiyyən yaxına buraxmır, onun verdiyi həyat dərslərini qəbul etmirdi.

İlk filmlər və mükafatlar

Nəhayət, 1993-cü ildə Ancelina yenidən kinoya qayıdıb. “Kiborq-2” filmi ekranlara onun qayıdışı ilə çıxdı, amma bu film ona uğur gətirmədi. Aktrisa özü də işindən narazı qalmışdı.İki il fasilədən sonra Ancelina özünün ən böyük layihəsində “Hakerlər” filmində çəkildi. Çəkilişlər zamanı filmdə onun tərəf müqabili olan Conni Li Millerə ərə getdi.

 

“Allahı təsvir edərkən” filmi isə 1997-ci ildə yayıldı. Ardınca “Corc Uoelles”, “Cia” , Qorxunun hakimiyyəti”, “Uçuşları idarə et”və sair.

Aktrisanın ilk “Oskar”ı da axırıncı adını çəkdiyim filmə görə olub. İkinci planda ən yaxşı aktrisa olduğuna görə. “Qızıl qlobus”u da həmin nominasiyada qazanıb.

Bu mükafatların təqdimetmə mərasimində aktrisa qəflətən qardaşına eşq elan edib. Söz-söhbət Hollivudu götürüb ki, aktrisa qardaşını sevir, onların arasında hansı münasibətlər var. Yalnız bir il sonra aktrisa qardaşı ilə bu söz-söhbətlərə kütlə qarşısında açıqlamaları ilə son qoydular. Bu sadəcə bir şou imiş.

Milyonlar qazanan aktrisa

“Lara Kroft-sərdabələr talançısıdır” filmi 2001-ci ilin filmidir, dünya prokatında 270 milyon dollar yığıb. Ancaq Ancelinaya dünya şöhrəti gətirən ondan sonrakı “Mister və miss Smit” filmi oldu. Film ekranlara 2005-ci ildə çıxıb və dünya prokatında 480 milyon dollar toplayıb. Bred Pitlə çəkildiyi bu film Ancelina ilə onun arasında uzunmüddətli romantik ittifaqın əsasını qoyub.

2008-ci ildə məşhur “Kunq-fu panda” cizgi filmində dişi pələngi Ancelina səsləndirib.

2010-cu ildə aktrisa ənənvi filmlərindən fərqli olaraq  “Turist” adlı melodramaya çəkilir.2013-cü ilin mayında isə aktrisa gündəmə yenə qəribə etirafı ilə düşüb. Deyib ki, xərçəngə tutulma qorxusu və riski böyük olduğundan həm süd vəzlərini həm də uşaqlığını götürtdürüb. Buna səbəb 2007-ci ildə onun anasınn yumurtalıq xərçəngindən dünyasını dəyişməsi olub.

 

Ancelina Hollivudun ən çox taturovkalı aktrisasıdır. Harda yeni tatu çıxdısa Ancelina onu bədəninin müxtəlif nahiyəsinə döydürür. Məsələn, sol çiynində coğrafi koordinatlar çəkdirib. Bu koordinatlarda uşaqlarının doğulduğu yerlər təsvir olunub. Ovcunda “m” hərfi döyülüb, anasının şərəfinə. Bədənində aqillərin deyimləri, hətta Çörçilin doğum tarixi var.

Şəxsi həyatı

1996-cı ildə 20 yaşında “Hakerlər” filmində birgə çəkildiyi Conni Li Millerə ərə gedib. Evlənəndən az sonra dağılışıblar – Ancelina Amerikada, Conni isə İngiltərədə yaşayırdılar. 1999-cu ildə rəsmən ayrılıblar. Sonralar yaxşı münasibətlərini qoruyub saxlayıblar, amma evliliklərini cavanlıq səhvi adlandırıblar.

İkinci əri aktyor Billi Bob Tornton idi. 2000-ci ildə evləniblər. Üç il sonra ayrılıblar.

Evlənəndə bir birlərinin adlarını bədənlərinə həkk etmişdilər, taturovka şəklində. Deyirlər, onu sildirmək olmur, amma onlar sildiriblər. Necə? Nə bilim.

Bred Pitlə Ancelinanın sevgi hekayəti

“Mister və miss Smit” filmində başlayıb bu hekayət.  Həmin vaxt Bred aktrisa Cenifer Enistonla evli olduğundan yaxınlıqlarını xeyli vaxt gizlədiblər.

Nəhayət, Coli yenə etiraf edib : “Ata-analarının bir-birinə vurulduqları filmə baxmaq hər övlada nəsib olmur”.

Bred arvadından boşanandan sonra Ancelina ilə daha çox bir yerdə görünüməyə başlayırlar. Ancaq münasibətlərinə heç cür aydınlıq gətirə bilmirdilər.

Yenə Ancelina 2006-cı ildə jurnallardan birinə müsahibəsində Bred Pitdən hamilə qaldığını deyib.  Şaylo Coli-Pid onların ilk övladıdır. Ondan əvvəlki Medoksla Zaxari də eyni soyadı daşıyırlar. Şaylonun ilk şəkli 10 min dollara satışa çıxarılıb və satılıb.

2007-ci ildə Vetnam müharibəsindən sonra cütlük Paks adlı Vetnamlı uşağı övladlığa götürürlər. Yarım il sonra Ancelina əkiz uşaq dünyaya gətirir. Bir qız və bir oğlan, Noks və Viven. Ulduz övladlarının ilk şəkli yenə 14 milyon dollara satılmaqla dünya rekordunu qırır. Bütün pulları ata ilə ana öz yaratdıqları xeyriyyə fonduna köçürüblər.

 

Nəhayət, 2012-ci ildə, tanışlıqdan 10 il sonra,  uşaqlarının təkidi ilə ulduz cütlük toy mərasimi təşkil edib rəsmi evlənirlər. Uşaqları onların toyunu televizorla izləmək istədiklərini bəyan ediblər. Buna görə cütlük Fransadakı malikanələrində etdikləri toya bütün Hollivudu dəvət edirlər.

Təəssüf ki, bu evliliyə 2016-cı ildə son qoyulur. Həmin il onların ayrılığı Hollivudun ən böyük sensasiyası idi.

Ayrıldıqdan sonra Ancelina 6 uşağına ataları ilə görüşməyə qadağa qoyub. Qızı Şaylo bu məsələni özünəməxsus həll edib. Anasının həyatından bəzi məlumatları mətbuata ötürməyin qarşısını yalnız atası ilə görüşməyə qadağanın götürülməsi ala bilərdi. Belə də olur.

Ancelina bu gün da Hollivudun ən arzuolunan aktrisasıdır. Son vaxtlar vaxtını daha çox ailəsi ilə keçirməsinə rəğmən, həm də xeyriyyəçiliklə məşğuldur. Qaçqınlara yardım fondlarına milyonlarla vəsait köçürür. Qaynar bölgələrə gedib insanlara dayaq olur. 2018-ci ildə qəflətən çəkisinin 40-a düşməsi də keçirdiyi stresslərlə bağlı idi. Psixoloji dispanserdə bərpa müalicəsindən sonra özünə gələn aktrisa indi  uşaqlarının tərbiyəsi ilə məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8609
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar