Tarixin istənilən dövrünü öz hərbi, siyasi, iqtisadi yaxud sosial aspektləri ilə yanaşı, romantik tərəfləri, sevgi hekayələri də var. Bu baxımdan narahat, qeyri-müəyyən və amansız dövrlərdə yaranan, bütün maneə və məhrumiyyətlərə sinə gərən sevgi hekayələri xüsusən maraqlıdır.
Lent.az bu dəfə Stalin dövrünün total şübhə və qorxusu fonunda yaranan və bütün sınaqlardan üzüağ çıxaraq əsl sevgi və cəfakeşlik nümunəsi olduğunu isbat edən azərbaycanlı Tağı Cəfərovla osetin qızı Aza Tsalikovanın qeyri-adi sevgi hekayəsi barədə danışacaq.
Aza Tsalikova
Bu sevgi hekayəsinin başlanğıcı Şimali Osetiyaya gedib çıxır. Çar Ordusunun polkovnikinin qızı olan Fatimə Bekuzarova daha bir zabit oğlu Xamirzə Tsalikova ərə gəlir. Xamirzə Tsalikov Şimali Osetiyanın Alaqir rayonunun Noqkau kəndində müəllim idi. Sakit kənd həyatı sürən ailədə tezliklə uşaqlar dünyaya gəlir.
Amma tanışlarının daha çox “Batsko” ləqəbi ilə çağırdıqları Xamirzə Tsalikov qohumları arasında keçmiş bəylər və Çar zabitləri olduğu üçün tez-tez saxlanılırdı. 1930-cu ildə “Batsko” və qardaşı növbəti “donos”la yenidən həbs olunurlar və Mərkəzi Asiyaya, ucsuz-bucaqsız səhralıqlara sürgün edilirlər. Nəticədə başçısını itirən ailə ağır maddi duruma düşür. Fatimə Bekuzarova aclıqdan ölməmək üçün kənddən köçmək üçün variantlar axtarmağa başlayır.
Bakıda tanışları və qohumları olduğu üçün Fatimə Bekuzarova Noqkaudakı əmlakını sataraq övladları ilə Bakıya yola düşür. O, özü ilə yalnız tikiş maşını və atasına vaxtı ilə hərbi xidmətlərinə görə, İmperator II Nikolayın hədiyyə etdiyi üzüyü götürür.
Dolanışıq üçün üzüyü Bakıdakı zərgərlərdən birinə gətirir. Zərgər üzüyü diqqətlə gözdən keçirərək onun dəyərsiz olduğunu deyir və “Sizə nə qədər pul lazımdır?” deyə, sual edir. Fatimə Bekuzarova vəziyyəti olduğu kimi deyir: “Övladlarımla qalmağa yerim olsun, kifayətdir”.
Vicdanlı zərgər müştərini aldatmır və ona üzük üçün yüksək məbləğdə pul ödəyir. Əldəki pula Fatimə Bekuzarova hazırkı “Şamaxinka” ərazisində torpaq sahəsi alır. O, övladlarını “Şamaxinka”dakı rus məktəbinə göndərir. Övladlarının rus dilində təhsil almasını istəyən ana bununla yanaşı, onların doğma osetin dilini unutmamasını, həmçinin, Azərbaycan dilini öyrənmələrinə çalışır.
Fatimə Bekuzarovanın qızı Aza öz gözəlliyi ilə hər kəsin diqqətini cəlb edirdi. O, yaxşı oxusa da, məktəbi bitirəndən sonra universitetə daxil olmur. Anasının ailəni saxlamaq üçün böyük əziyyət çəkdiyini görür. Fatimə Bekuzarova Osetiyadan gətirdiyi tikiş maşını ilə sifarişlə paltar tikməklə ailəsini dolandırır. Amma vergi orqanlarından qorxduğu üçün o, işlərini gizli şəkildə görməli olur.
Aza anasına dəstək məqsədilə Bakı Karamel fabrikinə işə düzəlir. Gözəl qıza dərhal fabrikin baş mühəndisi Tağı Cəfərov diqqət edir. Azərbaycanlı gənc öz xarizması və yaxşı yumor hissi ilə seçilirdi. Bundan başqa, o, işinin peşəkarı idi və Sənaye İnstitutunu qırmızı diplomla bişirmişdi.
Tağı Aza Tsalikovanın ailəsini yaxından tanıdıqca, aralarında daha çox oxşarlıqların olduğunu başa düşürdü. Çünki onun da ailəsində “xalq düşmənləri” damğası ilə repressiya olunanlar var idi. Belə ki, atası Hacı Hadi Cəfərov Rusiya İmperiyası dövründə iri ticarətçi idi. Onun Bakının mərkəzində 3 mülkü var idi. Böyük Qala küçəsindəki həmin evlərdən birində də Cəfərovlar ailəsi yaşayırdı.
Cəfərovlar ailəsinin yaşadığı ev
Sovetləşmə dövründə Cəfərovlar ailəsinin bütün əmlakı müsadirə olunur. Onlara yaşadıqları evin yalnız iki otağını saxlayırlar (hazırda həmin evdə İsveçrə səfirliyi yerləşir). Atasını bundan az sonra itirən Tağı anası ilə onlara qalan 2 otaqda yaşayırdılar.
Tezliklə, Tağı Aza ilə evlənir.
Bir-birinə olan sevgi, hörmət və xarakter uyğunluğu onların ailə həyatını da xoşbəxt edir. Cütlüyün 2 oğlu və 1 qızı doğulur. Məsuliyyətli, ailəcanlı və qayğıkeş Tağı yoldaşının bütün istəklərini yerinə yetirməyə, övladlarını mümkün olan hər şeylə təmin etməyə çalışır.
Amma Azanı uzun illərdir ki, görmədiyi atasının taleyi get-gedə daha çox narahat edir. Ata nisgili onun ailə üzvləri ilə münasibətinə də təsir göstərməyə başlayır. Yoldaşının ağır mənəvi durumunu görən Tağı Cəfərov onun atasını tapacağını özünə söz verir.
O, 20 ildir ki, barəsində xəbər olmayan Xamirzə Tsalikovun izi ilə 1950-ci ildə Özbəkistana gedir.
İosif Stalinin ölümünə hələ 3 il qalırdı...
Tağı ailəsini riskə atmamaq üçün öz planları barədə Azaya bir söz demir. Heç vaxt Xamirzə Tsalikovu görmədiyi üçün planın üzləşəcəyi çətinlikləri təsəvvür edir. O, qayınatası barədə yalnız yoldaşının danışdıqlarından və gördüyü ailə fotolarından təsəvvür formalaşdırmışdı. Ailəsinə ezamiyyətə getdiyini deyən Tağı Özbəkistana yola düşür. Səfərdən öncə Tağı Cəfərov yoldaşına “Mənə 8 Marta hədiyyə gətirəcəm”,- deyərək yola çıxır. Təbii ki, Aza Tsalikova hədiyyənin atası olacağını təsəvvürünə belə gətirə bilməzdi.
Məntiqli düşüncə tərzinə malik olan mühəndis kimi Tağı Cəfərov qayınatasını həbsdən azad etmək planını bir neçə mərhələyə bölür və ciddi hazırlıq işləri aparır. İlk olaraq o, Özbəkistandakı həmkarları və tanışları vasitəsilə Xamirzə Tsalikovun hansı islah-əmək düşərgəsində saxlanıldığını öyrənir.
Tağı qayınatasını ilk dəfə görməyə gələndə onun ağır fiziki durumundan dəhşətə gəlir. Yarımcan Xamirzənin 20 illik həbs həyatı və yaşadığı iztirablardan dolayı sanki hər an ölə biləcəyi təəssüratı yaranırdı. Düşərgə rəhbəri ilə sıx ünsiyyət quran Tağı müəyyən məbləğ müqabilində qayınatasının islah işləri zamanı ölməsi ilə bağlı sənədi ondan alır və nəhayət qayınatasını həbsdən azad edir.
Əməliyyatın ilk mərhələsi uğurla başa çatsa da, növbəti mərhələ daha təhlükəli idi. Belə ki, Tağı yaşlı və taqətsiz qocanı Bakıya çatdırmalı idi. Bunun üçün isə ilk olaraq, Türkmənistanın Krasnovodsk limanına (indiki Türkmənbaşı) gətirməli idi. Qatarda qayınatasını dəmir yolu işçilərindən (konduktor) gizlətmək üçün Tağı onu vaqondan-vaqona keçirərək gizlədirdi. Onlar çətinliklə olsa da, Krasnovodska çatsalar da, burada əməliyyatın üçüncü və ən çətin mərhələsi – gəmi ilə Bakıya yola düşmək lazım idi.
Tağı Bakıdakı ailəsinə teleqram vurur: “Mən Krasnovodskdayam, narıngı göndərin”. Ailə üzvləri onun Türkmənistanda ticarətlə məşğul olduğunu düşünərək ora meyvədən bir neçə yeşik göndərirlər.
Tağı Xamurza ilə gəmiyə minəndə 2 yeşik narıngını nəzarətçilərə verir. Bu nəzarətçilərə 2 sərnişindən birinin üstündə pasportun olmamasına göz yummasına vəsilə olur.
Tağı və Xamirzə birlikdə Bakıda limanına gəlirlər. Yerli polis isə gəmidən düşmənləri və yükləri diqqətlə yoxlayırdılar. Azanın qardaşı Davud və dostları limanda gözləyən insanlarla qarışaraq qəsdən dava salırlar. Bu zaman polis bütün diqqətini onlara yönəldir və gəmidən düşən sərnişinləri yoxlamağa vaxt ayıra bilmirlər. Amma hələ bu da ailənin rahatlığa qovuşması üçün kifayət etmir.
Tağı Cəfərov qayınatasını öz bibisinin evində saxlayır. Təhlükəsizlik məqsədilə yaşlı kişi otağını belə tərk etmirdi. Bu onun zəif sağlıq durumu üçün təhdid idi. Bir müddət sonra Tağı onu “Şamaxinka”dakı evlərinə köçürür amma qonşulardan kimsə, bu barədə polisə “donos” yazır. Xamirzəni həbs etmək üçün polis evin ehtiyat qapısından evə daxil olur. Amma Tağı çevik tərpənərək qayınatasını əsas qapıdan çölə çıxararaq taksi ilə ərazidən uzaqlaşır. O, izi itirmək üçün qayınatasını öz ata yurduna – Xanlar rayonuna (indiki Göygöl) aparır. Təmiz hava və gözəl təbiət Xamirzə Tsalikovun səhhətinə də müsbət təsir göstərir.
O, həbs müddətində yaşadıqlarına rəğmən, xeyli möhkəmlənir. 1953-cü ildə Stalinin ölümü və repressiya qorxusunun zəifləməsindən sonra Tağı qayınatasını Bakıya gətirir və çalışdığı Karamel fabrikində işə düzəldir. O, burada ömrünün sonuna qədər çalışır. Hər zaman böyük zövqlə geyinən, səliqəli qoca tezliklə bütün kollektivin sevgisini qazanır.
Bir dəfə Xamirzənın oğlu Əhməd atası ilə zarafatlaşmaq qərarına gəlir. Arxadan ona yaxınlaşıb, əlini atasının çiyninə qoyaraq deyir: “Dayan. Tərpənmə. Siz həbs olunursunuz”, deyir. Yerində donub qalan Xamirzənin əlləri açılır, əlindəki portfel və çətir suya düşür, özü isə əllərini qaldıraraq başına qoyur.
Əhməd atasının hansı qorxu və təşviş içində yaşadığını anlayır və dərhal atasından uğursuz zarafatına görə üzr istəyir.
Xamirzə Tsalikov Stalinin ölümündən 9 il sonra dünyasını dəyişir. Hazırda onun törəmələri Vladiqafqazdan tutmuş Bakıya, San-Fransiskoya və Nyu-Yorka qədər dünyanın fərqli şəhərlərində yaşayırlar.
Və onlar bir süfrə başına toplaşanda hər zaman sevgi və vəfanın simvolu olan bu ailə tarixçəsini xatırlayırlar.