Tamara Yandiyeva. Bəlkə də bu ad oxucuya heç nə deməyəcək. Əlavə etsək ki, “Babək” filmindəki Pərvin... onda vəziyyət dəyişər. Pərvin obrazında bu aktrisa çox sevilib.
Rasim Balayev Çeçenistanda “Dağ nağılı” adlı çeçen filmində çəkilirmiş. Tamara Yandiyeva həmin televiziya filmində Rasim Balayevlə tərəf müqabili olub.
Bakıda isə Eldar Quliyevin çəkməyə hazırlaşdığı “Babək” filminə Pərvin rolu üçün aktrisa axtarışı gedirmiş. Rasim Balayev xatirələrini Lent.az-a danışır. Deyir, hələ “Babək”ə çəkiləcəyim dəqiqləşməmişdi heç: “Gördüm ki, bu qız Pərvin roluna çox yarayır. Dedim, şəklini verərsən mənə. Gördüm, çox təəccüblü və şübhəli baxdı üzümə. Dedim, qorxma, mən evliyəm, ailəmə də sadiqəm. Şəklin bizim kinostudiyaya lazımdır, ola bilər, səni kinoya dəvət etsinlər”.
Rasim Balayev aktrisanın şəklini Eldar Quliyevə verib. Rejissor bəyənib və onu filmin çəkilişlərinə dəvət ediblər.
Aktrisanın dediyinə görə, Rasim Balayevin təklifi ilə onu Azərbaycanda filmə çəkilməyə dəvət edəndə böyük sevinclə gəlib: “Gəldim, amma sınaq çəkilişləri üçün aktrisaların şəkillərini görəndə, dedim yəqin necə gəlmişəm, elə də qayıdaram, burda çox gözəl aktrisalar var. Ümidimi üzüb getmişdim, sınaqdan keçdiyimi eşitdiyim gün mənim üçün bayram oldu”.
Beləliklə, ilk dəfə tammetrajlı bədii filmə Bakıda çəkilib. 1979-cu ildə Eldar Quliyevin çəkdiyi “Babək” filmində Pərvin roluna: “İlk rolum olduğu üçün çox həyəcanlı idim. Həm ona görə həyəcanlı idim ki, rejissora bəzi səhnələrə niyə çəkilə bilməyəcəyimi izah etməkdə çətinlik çəkirdim. Kinoya çəkilmək yeganə məqsədim olsa da hər səhnəyə, yəni açıq-saçıq səhnələrə çəkilə bilməzdim. Nəticədə səhnələr yenidən yazıldı, paltarlarım yenidən tikildi. Rejissor mənə çox güzəştə getməli oldu. Hətta lağ edib gülürdülər ki, Tamara skafandrda çəkiləcək filmə”.
Bəzi səhnələri dəyişdirsə də, aktrisa iki kadrın filmdən çıxarılmasından narazı qalıb. Biri filmin əvvəlində Babəklə “Yallı” getdikləri yerdir: “O “Yallı”nı öyrənmək üçün bütün çəkiliş qrupu mənimlə məşğul olmuşdu”. Biri də filmin sonunda, Babəkin edam vaxtı Pərvinin qucağında oğlan uşağı göründüyü səhnə olub. Mənası belə olub ki, yəni Babəkin nəsli tükənməyib, davam edir. Sovet senzurası onu çıxarıb ki, Babəkin nəslinin davam etdiyi barədə fikir formalaşmasın. Yeri gəlmişkən, Babəkin araşdırmaçısı Həyat Şəminin dediyinə görə, Babəkin varisi olub, həm də təkcə Pərvindən deyil, başqa qadınlardan da.
“Çox istərdim yenə oralara gəlim”
“Babək” filmindən sonra, yəni 1980-ci ildən başlayaraq Tamara Yandiyevanın kino karyerasına bir növ start verildi. Aktrisa bir-birinin ardınca bədii filmlərə çəkilib. “Əgər sevirsənsə”, “Məhəbbətin qəribəlikləri haqda”, “Şəhrizadın yeni nağılları”, “Stalinlə gecə”, “Odlu yollar” və sair.
“Stalinlə gecə” filmi iki beynəlxalq festivalın iştirakçısı olub.
1980-ci ildə aktrisa Azərbaycana daha bir filmə dəvət alıb. İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsəri əsasında Kamil Rüstəmbəyovun çəkdiyi “Gözlə məni” filmində Şahnaz roluna. Yenə Rasim Balayevlə tərəf müqabili idi. Tamara Yandiyeva bu günə qədər Rasim Balayevi özünün “xaç atası” adlandırır: “Onun dəvəti ilə Bakıya gəlib filmə çəkildim, ikinci dəfə yenə onunla çəkildim. Ondan sonra kino karyeram, ümumiyyətlə, karyeram çox uğurla irəlilədi. O vaxtdan Azərbaycan, filmlərdə çəkildiyim Bakı, Quba, Şamaxı mənim nağıllar dünyamdır. Çox istərdim yenə oralara gəlim. 30 illik yaradıcılıq yubileyimdə Polad Bülbüloğlu təbrik göndərmişdi. Məni “Pərvin” adlandırmışdı, çox xoş oldu. İstərdim Rasim Balayevi də yubileyimdə görüm, amma onu tapa bilməmişdim”.
Tamara Yandiyeva 1955-ci il iyulun 23-də Qazaxıstanın Karaqanda
şəhərində dünyaya gəlib. Sovet kino və teatr aktrisasıdır, estrada müğənnisidir. Çeçenistan-İnquşetiyanın əməkdar artisti olub. Rusiyanın əməkdar artisti, İnquşetiyanın xalq artistidir.
Milliyyətcə inquşdur. Ata tərəfdən osetin kökü də var. Tamara dünyaya gələndən sonra ailəlikcə İnquşetiyaya qayıdıblar. Valideynləri sanatoriyada işlədiklərindən elə orda da qalırdılar. Sanatoriyaya çox sayda tanınmış adamlar gələrdilər – teatr, kino, opera və estrada artistləri. Tamara onların qarşısında çıxış edərdi. Qonaqlar onu “artistka” adlandırardı. Tamara özü uşaqlıqdan kinoya vurğun idi. 3 yaşından atası onu açıq meydanlarda olan kino çəkilişlərə apararmış.
Tamara məktəb yaşına çatanda onu böyük bacısı ilə birgə Orconikidze (indiki Vladiqafqaz) şəhərindəki 1 nömrəli internat məktəbinə göndəriblər. Qızları evə ildə bir-iki dəfə gətirərmişlər. Ancaq 5-ci sinifdən sonra onu adi orta məktəbə qoydular. Məktəb illərində qız qiraət müsabiqələrində iştirak edir, “Rovesnik” adlı vokal-instrumental ansamblında çıxışlar edirdi. Hərdən xalq rəqsləri ansamblında da rəqs edərdi.
Orta məktəbi bitirəndən sonra Moskva Kinematoqrafiya İnstitutuna qəbul olunmaq istəyinə atası mane olub. İzn verməyib. Atası onun böyük bacısı kimi həkim olmasını istəyirdi. Tamara atasının təkidi ilə kimyadan müəllim yanına getmək üçün Qroznıya yollandı. Həmin vaxt Qroznıya Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutundan qəbul komissiyası gəlibmiş. Yandiyeva özü danışır: “Qroznıda xalamgildə qalırdım. O, çox inkişaf etmiş, savadlı filoloq idi. Mənim istəyimi bilən kimi, dedi get, sına özünü. Atan icazə vermir, qəbul olunmasan özün də soyuyarsan o arzudan. Xalamla qərara gəldik ki, sınayaq görək, aktrisalıq iddiasında olmaq üçün hansısa əsasım, istedadım varmı? Biz onun özü kimi gözəl, fransız dili müəlliməsi rəfiqəsi ilə getdik imtahana. Üç turdan sonra imtahan götürən sənətkar Merkurev özü mənə yaxınlaşıb – “siz qəbul olundunuz, təbrik edirəm” - deyəndə, sevincimi təsəvvür edin”.
Atası isə yenə icazə vermirdi. Atasının yanına xahişə ailənin yaxın qohumu, tanınmış rejissor Sulumbəy Mamilov da gəldi. Mədəniyyət Nazirliyindən nümayəndə heyəti minnətçi düşdü. Faydası olmadı.
Axırda ailənin yaxın qohumlarından bir gənc dünyasını dəyişir. Yas mərasimində mərhumun atası göz yaşları içində Tamaranın atasından Tamaranın oxumasına icazə verməsini xahiş edir. Kişi bu dərdli qocaya etiraz edə bilmir.
Tamara dərhal əşyalarını yığıb Leninqrada (indiki Sankt-Peterburq) yollandı.
Ondan imtahan götürən Vasili Merkurev ilk kurs rəhbəri oldu.
1979-cu ildən M. Lermontov adına Qroznı Rus Dram Teatrında işləməyə başlayıb. Tamaşalarda müxtəlif rollarda oynayırdı, amma onu kino çəkirdi.
İlk dəfə kinoya elə həmin il “Azərbaycanfilm”də çəkilib. Bayaq dediyimiz kimi, “Babək”də Pərvin.
Bir müddət Teatr Universitetində aktyor ustalığından dərs də deyib. Teatr rollarına görə müxtəlif mükafatlar qazanıb.
1990-cı illərin hadisələrində Tamara Yandiyeva Moskvaya köçməyə məcbur qalıb. Moskvada teleradio işçiləri üçün ixtisas artırma kurslarına gedəndən sonra, ali rejissorluq kurslarını da bitirib. İnquşetiyanın Moskvadakı daimi nümayəndəliyində işləməyə başlayıb. “Mir” telekanalının diktoru olub. Konsertlərdə və rəsmi tədbirlərdə aparıcılıq edib. Bu qədər müxtəlif, amma bir-birini tamamlayan sahələrdə təcrübəsi var. Son vaxtlar vokalist kimi tanınmağa başlayıb. İlk dəfə çeçen-inquş xalq mahnısı ifa etməklə bu sahədə uğurlu olduğunu hiss edib.
Bütün Qafqazda məşhur “Loam” (Dağlar) adlı vokal qrupun solistidir.
2010-cu ildə Moskva beynəlxalq musiqi evində yaradıcılığının 30 illiyini qeyd edib.
Tamara Yandiyeva indi soyadına Dağlı soyadını da əlavə edib. Ailə qurandan sonra filmlərə az çəkilir. Həyat yoldaşı icazə vermir kinoya çəkilməsinə. “Qara şahzadə” filminin çəkilişləri zamanı tanış olublar.
Hətta çəkilişlər toydan sonra yarımçıq qalıb. Müqaviləni pozduğu üçün ona hədə-qorxu gəliblər. “Birtəhər o vəziyyəti yoluna qoyduq” - deyir. Vokalist kimi isə yaradıcılığı davam edir.