Rusiyanın paytaxtı Moskvada Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təminatı Baş İdarəsinin ofis işləri və rejim şöbəsinin keçmiş rəisi, polis polkovniki Yelena Litvinova "gözəl" nömrə nişanları ilə dələduzluq etdiyinə görə şərti cəza alıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 2021-ci ildə bu vəzifəyə təyin olunan Litvinova tanışına deyib ki, pul müqabilində ona “AMP” hərfləri olan avtomobil üçün istədiyi dövlət nömrə nişanını almağa kömək edə bilər. Lakin 2021-ci ilin avqustunda pulu alsa da, Litvinova vədini yerinə yetirə bilməyib. Çünki bu, onun səlahiyyətlərinə aid olmayıb.
Buna baxmayaraq, Litvinova kişini aldatmağa davam edərək, onu avtomobilində səs siqnalları ilə sayrışan işıqlar quraşdırmaq imkanı üçün yenidən pul ödəməyə inandırıb. Polis polkovniki onun aldığı bütün pulları mənimsəyib.
Yelena Vladimirovna Litvinova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə əsasən iki cinayət törətməkdə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə ona 800 min rubl cərimə ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, təyin edilmiş cəza 3 il sınaq müddəti ilə dayandırılıb.
Litvinova məhkəmədə təqsirini tam etiraf edərək, cinayəti maddi vəziyyətinin ağır olduğu üçün törətdiyini deyib. O bildirib ki, keçmiş əri onun adına kredit götürüb.