Bakıda kəşfiyyatçıların “Qaradəniz - Xəzər dialoqu” müşavirəsi keçirilib
13 sentyabr 2013 15:49 (UTC +04:00)

Bakıda kəşfiyyatçıların “Qaradəniz - Xəzər dialoqu” müşavirəsi keçirilib

Bakıda beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş “Qaradəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri Müşavirəsinin X iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin, Bolqarıstan, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri təmsil olunublar.

 

Tədbiri giriş sözü ilə “Qaradəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsi iclasının sədri milli təhlükəsizlik naziri Eldar Mahmudov açın.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və dövlət başçısının təbrik məktubunu oxuyub.
X iclasda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasın əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi geniş təhlil olunmuş, həssas məqamlar və qarşıda duran vacib vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ümumən terrorçuluğun, ekstremizm və radikallaşma meyllərinin, bundan irəli gələn təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə olduğunu bildirib. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində intensiv və səmərəli informasiya mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

 

 Milli təhlükəsizlik naziri Müşavirə iştirakçısı olan ölkələrin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Müşavirənin X iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.


Müşavirənin X iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda kəşfiyyat xidmətlərinin rəhbərləri “Qara dəniz – Xəzər dialoqu” ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq əleyhinə yönəlmiş təhlükələrlə mübarizə sahəsində tərəfdaşlıq münasibətlərinin və qarışılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını, siyasi, iqtisadi, enerji və informasiya təhlükəsizliyinin təmin olunması, həmçinin maraq doğuran digər məsələlərin həlli üçün səylərin artırılacağını bəyan etmişlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar