Aprelin 16-da Bakı sakininin həyat yoldaşını döyərək öldürməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin məlumatı yayılmışdı. Lent.az baş vermiş olayın təfərrüatlarını əldə edib.
Məlumata görə, Əhmədli qəsəbəsi N.Tusi küçəsində yaşayan 1976-cı il təvəllüdlü Məmmədxanov Zaur Aslan oğlu həyat yoldaşı, 1980-ci ildə dünyaya gəlmiş Məmədxanova Rəhimə Cuvat qızını ailə-məişət münaqişəsi zəminində döyə-döyə öldürüb. Yaxınları bildirirlər ki, R.Məmmədxanova ilə Zaur doğma xalaoğlu-xalaqızıdırlar. Onların nikahından 2005-ci və 2010-cu il təvəllüdlü iki övladı var. Münaqişə isə ailənin böyük övladı olan 8 yaşlı oğlanın məktəbdəki problemi ucbatından baş verib. Orta məktəbin 3-cü sinfində oxuyan oğlan dəfələrlə sinif yoldaşlarından birinin ona qarşı aqressiv hərəkətlərindən evdə anasına şikayət edib. Nəhayət, hadisədən bir gün əvvəl R.Məmmədxanova oğlunun oxuduğu orta məktəbə yollanıb (azyaşlı hazırda həmin məktəbdə oxuduğundan məktəbin adını qeyd etmirik). O sinif yoldaşının oğlunu incitməsi, tez-tez gəlib itələməsi ilə bağlı müəlliməyə müraciət edib. Problem məktəbdə həll olunmayıb, direktor məsələnin valideynlər arasında həll olunmasını məsləhət görüb. R.Məmmədxanova həmin şagirdin valideyninin telefon nömrəsini tapıb və aprelin 5-də ona zəng vurub. Lakin zəngləri cavabsız qalıb.
Elə həmin gün axşam saatlarında R.Məmmədxanovanın zəng vurduğu nömrədən həmin şagirdin atası ona zəng vurub. Bu vaxt evdə olan R.Məmmədxanovanın həyat yoldaşı Zaur onu sorğu-suala çəkib və həmin kişiyə niyə zəng vurduğunu tələb edərək dava salıb. Qadın isə nömrənin uşağın atası və ya anasına məxsus olmasının dəqiq bilmədiyini deyib. Cavab Z.Məmmədxanovu qane etməyib və o, həyat yoldaşını vəhşicəsinə döyüb. Eyni zamanda R.Məmmədxanovanın aprelin 6-na nəzərdə tutulmuş ad günü mərasimi də ləğv edilib. Yaxın qohumlara zəng edilərək bildirilib ki, ad günü keçirilməyəcək.
Bu davadan sonra Z.Məmmədxanov evi tərk edib. O, bir daha aprelin 7-də evə qayıdıb. Bu dəfə həyat yoldaşını daha amansızlıqla döyüb. Qadın başına dəyən güclü zərbələrdən komaya düşüb və elə həmin gün təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Həkimlər 33 yaşlı R.Məmmədxanova üzərində ağır cərrahi əməliyyat həyata keçiriblər, onun beyin sümüyü çıxarılıb. Qadın komadan ayılmayıb və aprelin 15-də xəstəxanada ölüb.
R.Məmmədxanovanın ailə üzvləri onu da bildiriblər ki, onların ailəsində əvvəllər də problemlər yaşanıb, Zaur həyat yoldaşını dəfələrlə döyüb. Lakin xalası və digər qohumlarının israrına baxmayaraq o, boşanmayacağını bildirib. Z.Məmmədxanov hər dəfə deyirmiş ki, arvadı öldürmək boşamaqdan yaxşıdır.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaur Məmmədxanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. İşi aparan Xətai rayon Prokurorluğunun müstəntiqi Vasif Əsgərov Lent.az-a bildirib ki, hazırda fakt üzrə araşdırmalar davam etdirilir və hadisəyə obyektiv hüquqi qiymət veriləcək.
****
16 aprel 12.06
Bakı şəhərinin Xətai rayonu ərazisində qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 7-də N.Tusi küçəsində yaşayan Zaur Məmmədxanov ailə münaqişəsi zəminində həyat yoldaşı Rəhimə Məmmədxanovanı döyüb. Zərərçəkmiş xəstəxanaya daxil olub və aprelin 15-də orada ölüb.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaur Məmmədxanov tutulub.