Bakı şəhəri ərazisində daha bir istirahət-əyləncə obyekti sökülüb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, Günəşli qəsəbəsində yeni tikilərək istifadəyə verilmiş ikimərtəbəli çay evi – restoran binası sökülüb. Günəşli qəsəbəsindəki AB yaşayış massivi ərazisində (qartal heykəlinin arxasında) yerləşən binanın sökülməsinə aprelin 10-na keçən gecə başlanılıb və bu gün səhər saatlarında da davam edilib. Söküntü işləri zamanı Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ərazidə olub.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Bərxudar Bərxudarov Lent.az-a bildirib ki, həmin obyekt ərazidə aparılan abadlıq işləri ilə əlaqədar olaraq sökülüb.
Qeyd edək ki, aprelin 10-na keçən gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki məşhur “Mamoniya” istirahət-əyləncə mərkəzinin də bir hissəsi sökülüb, obyektin fəaliyyəti dayandırılıb.