Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalar davam etdirilir.
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.