"Azad Rəhimovun oğlu dindirilsin" - MƏHKƏMƏ
18 noyabr 2024 15:10 (UTC +04:00)

"Azad Rəhimovun oğlu dindirilsin" - MƏHKƏMƏ

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinin keçirilməsi təklif edilib.

Təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər - Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib.

Vəkil, həmçinin Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da şahid qismində dindirilməsini istəyib.

Dövlət ittihamçısı Orxan Səmədov zərurət yaranarsa, Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib.

Məhkəmə vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib.

Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək iclasa gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib.

Vəkil Araz Hüseynli Zaur Məlikaslanovun məhkəməyə məcburi gətirilməsini istəyib. Vəkilin bu vəsatəti qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb. Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair vəsatət ibtidai istintaq dövründə rədd edilib.

Digər sənəddə təqsirləndirilən şəxsin anasının adına olan "Dayton" şirkətinə alınan mallara görə xüsusi külli miqdarda vəsaitin köçürüldüyü bildirilib.

Təqsirləndirilən şəxs adı keçən şirkətin daha öncə yaradıldığını və 2,5 milyon manat dövriyyəsi olduğunu qeyd edib. Vəkil, həmin şirkətə cəmi 940 min dollar köçürüldüyünü əlavə edib.

Daha sonra məhkəmə, "Formula 1"-ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmadığını və onlara ayrılan vəsatətin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına köçürülməsinin səbəbini izah etməsini istəyib. Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən, həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

O, əlavə edib ki, Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait "Formula 1" yarışına ayrılan vəsaitin 0,6 faizini təşkil edib.

O da məlum olub ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib, köçürməni dayandırdıqdan sonra, o, qalan pulu Kiprdəki hesabına köçürüb.

Məhkəmə dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar