3 gün öncə qəzada yaralanan şəxs dünyasını dəyişdi - YENİLƏNİB2
12 iyun 2025 01:48 (UTC +04:00)

3 gün öncə qəzada yaralanan şəxs dünyasını dəyişdi - YENİLƏNİB2

Qax rayonunda üç gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, iyun ayının 8-də Qax-Zaqatala avtomobil yolunun Qax rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 44 yaşlı Eşqin İsmayılov axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Eşqin İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai” daha sonra isə “Honda” markalı avtomobillərlə toqquşmuşdu.

Qəza zamanı Eşqin İsmayılov və onun ailə üzvləri 43 yaşlı Gülər İsmayılova, ailənin övladı 20 yaşlı Qalib İsmayılov və “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyeva xəsarət almışdı

Faktla bağlı Qax rayon polis Şöbəsində araşdırma aparılır.

***

08.06.2025

16:03

Xəbərə foto əlavə edilib 

***

saat 15.02

Qaxda zəncirvarı qəzada xəsarət alanlardan 3-ü bir ailənin üzvüdür.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qax rayonu Güllük kənd sakinləri - “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov və onun ailə üzvüləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılovu qəzada xəsarət alıb.

Digər xəsarət alan şəxs isə “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyevadır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

saat 12.29

Qaxda zəncirvarı yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə 4 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7223

Oxşar yazılar