MTN 17 il bağlı qalan qətlin üstünü açıb
25 sentyabr 2009 15:45 (UTC +04:00)

MTN 17 il bağlı qalan qətlin üstünü açıb

Yardımlıda baş verən hadisənin təfərrüatları məlum olub

Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun (BP) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 17 il əvvəl törədilən və indiyədək bağlı qalan xüsusilə ağır cinayətin üstü açılıb.


Bu barədə MTN və RP-nin birgə yaydığı məlumatda bildirilir. MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a daxil olan məlumata görə, 1992-ci ilin noyabr ayında Yardımlı rayonunun Honuba kəndində, kənd sakinləri Ağamalı Bəhmənov, əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlarla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ağır cinayət törədiblər. Belə ki, onlar Ağamalı Bəhmənov ilə bir evdə yaşayan onun bacısı İradə Bəhmənovanı əxlaqsız hərəkətlər edərək hamilə olmasından şübhələndiklərinə görə qətlə yetiriblər. Fərail və Xubiyar Bəhmənov, həmçinin Ağamalı Bəhmənov İradəni yaşadıqları evdə başına bağladığı şal ilə boğaraq qısqanclıq zəminində qəsdən öldürüblər, cinayətin izini itirmək məqsədi ilə meyiti həyətin kənarındakı ayaqyolunun yanında torpağa basdırıblar.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı Ağamalı Bəhmənov və əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar cinayət işi üzrə verdikləri ifadələrində törətdikləri cinayət əməllərini etiraf ediblər.
23 sentyabr 2009-cu il tarixdə Ağamalı, Fərail və Xubiyar Bəhmənovlar Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Yardımlı rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.
# 331

Oxşar yazılar