Bakıda aksiya keçirilməsinə cəhd edilib - YENİLƏNİB-1 - FOTO
17 noyabr 2012 16:06 (UTC +04:00)

Bakıda aksiya keçirilməsinə cəhd edilib - YENİLƏNİB-1 - FOTO

APA-nın məlumatına görə, müxtəlif şüarlar səsləndirərək meydana doğru irəliləyən müxalifətçiləri polis ərazidən tamamilə uzaqlaşdırıb. Bununla da, aksiya yekunlaşıb.





***

Saat 15.08



Bir qrup müxalifət fəalı “Fəvvarələr meydanı”nda aksiya keçirməyə cəhd göstərir. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, bir qrup gənc müxtəlif şüarlar səsləndirərək meydana daxil olmaq istəsə də, polis bunun qarşısını alıb. Saxlanılanların olduğu bildirilir. Polislə müxalifətçilərin qarşıdurmasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu xəsarət alıb.



Polis səsgücləndiricilər vasitəsilə aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edir. Xəbərdarlıqda onların “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozduqları bildirilir, ərazini tərk etmələri istənilir.

F. İlqaroğlunun aksiya zamanı xəsarət alması faktına görə qəzetin baş redaktoru Rauf Arifoğlu DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova müraciət edib. Müsavat.com-un məlumatına görə, S. Gözəlov müraciətə cavab olaraq bildirib ki, hansısa polis üzərində “PRESS” yazılan gödəkcə geyinən jurnalistə əl qaldırıbsa, ciddi cəzalandırılacaq: “Bu barədə cənab nazir də dəfələrlə polislər qarşısında məsələ qaldırıb. Aksiya zamanı hadisəni işıqlandıran jurnalisti polis nəinki vurmalıdır, lazım gəlsə, qorumalıdır. Biz bu məsələni ciddi araşdıracağıq. Burada polisin hər hansı bir günahı varsa, ciddi cəzalandırılacaq. Yox əgər jurnalist xüsusi geyimdə olmayıbsa və aksiya iştirakçılarına qoşulubsa, burada polisə heç kim irad tuta bilməz”.


S. Gözəlov onu da bildirib ki, redaksiya məsələni araşdırmaq üçün nazir Ramil Usubovun adına müraciət hazırlasın.



***

Saat 14:11



Bir qrup müxalifət fəalının “Fəvvarələr meydanı”na təyin elədiyi razılaşdırılmamış aksiya ilə əlaqədar olaraq polis əməkdaşları ərazini nəzarətə götürüblər.



APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, meydanın əksər yerlərində polis nəfərləri görmək mümkündür. Hazırda ərazidə xeyli sayda istirahətə gələn insan var. Meydanda jurnalistlər toplaşsa da, hələlik aksiya iştirakçılarından kimsə görünmür.



Aksiyanın “Parlament buraxılsın” şüarı ilə keçirilməsi nəzərdə tutulur.
# 5134

Oxşar yazılar