Tağı Əhmədov Bakı Metropolitenində təhlükəsizlik tədbirlərindən danışdı
24 oktyabr 2012 14:07 (UTC +04:00)

Tağı Əhmədov Bakı Metropolitenində təhlükəsizlik tədbirlərindən danışdı

“Son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib, “Nəsimi”, “Azadlıq prospekti”, ”Dərnəgül” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib, “İçərişəhər” və “Koroğlu” stansiyaları tamamilə yenidən qurulub”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Bakı Metropolitenin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib. Tağı Əhmədov deyib ki, hazırda metronun “Avtovağzal”, “Memar Əcəmi-2”, “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarında işlər davam etdirilir. Bakı Metropolitenin rəisi dünyanın 55 ölkəsinin 154 şəhərində metro olduğunu, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerə layiq görüldüyünü də nəzərə çatdırıb. Onun sözlərinə görə, Bakı Metropoliteninin maddi-texniki bazasının gücləndirilməsi, xüsusən, vaqon parkının genişləndirilməsi də diqqətəlayiq nailiyyətlərdəndir: “Prezident İlham Əliyevin tapşırığı ilə metronun təhlükəsizliyi, təxribat və terrorçuluq cəhdlərindən qorunması üçün də ciddi tədbirlər görülüb. Stansiyalarımızın hamısı videomüşahidə qurğusu ilə təchiz edilib. Belə qurğular vaqonlarda da quraşdırılıb. Eyni zamanda, dünya metroları arasında birinci olaraq üztanıma kamerası bizdə quraşdırılıb”.

Tağı Əhmədov qeyd edib ki, Bakı Metropoliteninin qarşısında böyük perspektivlər var: “Ölkənin sosial-iqtisadi inkişaf sürəti nəzərə alınmaqla hazırlanmış layihəyə əsasən, 2030-cı ilədək respublikamızın paytaxtında metro stansiyalarının sayının 73-ə çatdırılması nəzərdə tutulur. Hər ildə bir neçə metro stansiyasının tikilib istifadəyə verilməsi dövlət başçısının Bakı Metropoliteninin rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifədir və metro inşaatçıları dövlətimizin dəstəyi ilə bu vəzifəni uğurla yerinə yetirmək əzmindədir”.
# 1369

Oxşar yazılar