Əhəd Abıyev qardaşının böyrək qalmaqalından danışdı - EKSKLÜZİV
09 oktyabr 2012 15:31 (UTC +04:00)

Əhəd Abıyev qardaşının böyrək qalmaqalından danışdı - EKSKLÜZİV

Oktyabrın 8-də saat 15.00 radələrində Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında Sabunçu rayonunun Mayakovski küçəsi ev 2, mənzil 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Cəbrayılova Elyanora Lətif qızı özünü dənizə atıb. Lent.az-ın məlumatına görə, dənizdən sağ çıxarılmış qadın polisə ifadəsində bildirib ki, keçən il böyrəyini Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı Səməd Abıyevə satıb, lakin həmin şəxs böyrəyə görə söz verdiyi 50 min dollar pulu ona verməyib.

Əhəd Abıyev Lent.az-a açıqlamasında bildirib ki, həqiqətən keçən il İranda onun qardaşına böyrək köçürülüb: “Əməliyyat İranda olub, 1 il 3 ay əvvəl. Qardaşım xəstə adamdı. Qanuna müvafiq qaydada qardaşım da, donor da İrana gedib və böyrək köçürülüb. Həmin qadın sənədə də qol çəkib ki, mən böyrəyimi təmənnasız verirəm. Belədə qardaşımın da böyrək məsələsi həll olunub, böyrək verənin də işləri düzəlib. Həmin qadın haqqını alıb, ona iş verilib”.

Əhəd Abıyev bildirdi ki, E.Cəbrayılovadan böyrəyini İranda qardaşı deyil, həkimlər alıb: “Həkimlər qadından böyrəyini götürüblər, hər şey qanuna müvafiq qaydada həyata keçirilib. Orda həkimlər böyrəyi kimdən alıb, kimə verirlər öz işləridi. Mən də sevinirəm ki, qardaşımın əməliyyatı uğurla başa çatıb. Amma mənim bu məsləyə nə aidiyyatım var ki, adım hallandırılır? Sonradan biliblər ki, xəstə Əhəd Abıyevin qardaşıdır. İstəyirlər ki, daha 50 min alsınlar. Mənim doğma qardaşım gedib işini İranda həll edib. Mən adımı qəsdən hallandıranları, böhtan atanları məhkəməyə verəcəyəm. 15 ilin deputatına belə hədə gəlməkmi olar?”

Daşkəsən rayonunun icra başçısı onu da bildirib ki, intihara cəhd etmiş E.Cəbrayılova şou düzəldir: “Özünü dənizə atmışdı, niyə ölmədi? O özü qalmaqallı adamdı. Elə bu hərəkətləri ucbatından, bildiyimə görə, əri boşayıb onu”.

Nizam RZA
# 5029

Oxşar yazılar