Bu il cəbhədə 36 erməni hərbçi məhv edilib
03 oktyabr 2012 17:36 (UTC +04:00)

Bu il cəbhədə 36 erməni hərbçi məhv edilib

Cari ilin 9 ayı ərzində Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində Ermənistan Ordusunun ən azı 36 hərbçisi məhv edilib. APA-nın Ermənistan KİV, internet saytları və sosial şəbəkələrdən dəqiqləşdirdiyi məlumatlara görə, bu dövrdə cəbhədə baş vermiş atışma və mina partlayışlarında ən azı 22 erməni əsgəri yaralanıb.

Cəbhədə ölən erməni əsgərlərinin 3-ü mina partlayışının qurbanı olub. Bu itkilərə qar uçqununa düşən, nizamnamədən kənar hallardan və ya xəstəlikdən ölən erməni hərbçiləri daxil deyil. Bundan başqa, Ermənistan Ordusu tərəfindən cəbhə xəttində istifadə olunan 5 hərbi texnika (1-i Xocavənd, 2-si Füzuli və 2-si Qazax istiqamətində) vurularaq sıradan çıxarılıb. Bu texnikalar personalın daşınması və ön xətdə mühəndis-istehkam işləri həyata keçirib.

Ermənilərin ən çox itkiləri iyun, aprel və fevral aylarında olub. İyun ayında Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun 11, apreldə 9, fevralda isə 5 hərbçisi məhv edilib. İyun ayında cəbhədə Ermənistan Ordusunun 8, apreldə 4, fevralda isə 1 hərbçisi yaralanıb. Son iki ay ərzində isə cəbhədə Azərbaycan snayperləri tərəfindən öldürülmüş erməni hərbçilərinin sayı da 5 nəfər olub.

Ümumilikdə, Ermənistan Ordusunun itkilərinin daha çox olduğu ehtimal edilir. Qarabağda - yerli əhali arasından orduya çağırılanların həlak olması barədə məlumatlar demək olar ki, Ermənistan KİV-də yer almır. Məlumatların təhlili zamanı bəlli olub ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən itkilər barədə məlumatlar bəzən bir həftə sonra təsdiqlənib.

Qeyd edək ki, 2012-ci ilin yanvar - sentyabr aylarında cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1150 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib. Aparılmış dəqiqləşdirmələrə görə, cari ilin yanvar-sentyabr aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 18 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 15 hərbçi isə atəşkəsin pozulması və mina partlayışları nəticəsində şəhid olub.
# 789

Oxşar yazılar