Hökumət təyyarəsində yaranan texniki nasazlıq səbəbindən ABŞ dövlət katibi Con Kerrinin Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
Kerri Vaşinqtondan İstanbula uçması bu gün yerli vaxtla 7.00-a nəzərə tutulmuşdu, ancaq təyyarənin yola düşməsinə az qalmış qapıda nasazlıq yaranıb. Dövlət katibi, onun xanımı, xidmətçi heyəti və cangüdənləri təyyarəni tərk etməli olublar.
Bir müddət sonra dövlət katibinə təcili olaraq, dövlət ehtiyat təyyarəsi təşkil olunub və o, ən azı iki saat yubanma ilə yola düşüb.
Kerri İstanbula Avropa və Yaxın Şərq turnesi çərçivəsində səfər edib. Səfər zamanı o, həmkarları ilə Suriya və Şimali Koreyadakı vəziyyəti də müzakirə etməyi planlaşdırır.