. “Mavi axın-2” qaz kəməri layihəsinin həyata keçirilməməsi və “Nabucco” layihəsi son illərdə Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir edib”.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusiya-Türkiyə münasibətlərinə dair konfransda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, siyasi ekspert Sergey Drujilovski bildirib.
MDBMİ-nin Şərqşünaslıq fakültəsi, Orta Şərq Araşdırmalar Mərkəzi və Türk Klubu tərəfindən təşkil olunan tədbirdə çıxış edən S.Drujilovski bildirib ki, ABŞ raketdən müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi, Suriya münaqişəsi barədə ciddi fikir ayrılığı, NATO-nun “Patriot” raket sistemlərinin Türkiyə-Suriya sərhədində yerləşdirilməsi, Türkiyə ərazisində bəzi Qafqaz xalqlarının anti-Rusiya tədbirlər keçirməsi 2000-2012-ci illər ərzində Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir edən hadisələrdəndir: “Bu gün iki ölkə arasında iqtisadi münasibətlərdə inkişafın olduğu barədə deyilən təxminlərin özü belə sual altındadır”.
S.Drujilovski Türkiyənin Orta Asiyada və ərəb dünyasında söz sahibi olmaq siyasəti apardığını da söyləyib: “Bu da Rusiyanın regionda mənafeyinə ciddi zərbədir”.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Türkiyə bölməsinin rəhbəri Natalya Ulçenko iki ölkə arasında ticarət-iqtisadiyyat faktorunun çox önəmli olduğunu söyləyib: “Uğurlu ticarət əlaqələri siyasi münasibətlərə də müsbət təsir göstərir. Türkiyə Rusiyaya ixracatın miqdarını artırmağın tərəfdarıdır. Türkiyə eyni zamanda təbii qaz idxalı ilə bağlı təkcə Rusiyadan asılı olmaq istəmir. Bundan narahat olan Türkiyə digər təbii qaz ixracatçısı ölkələrindən qaz almaq siyasətini davam etdirir”.
Şərqşünaslıq İnstitutunun mütəxəssisi Yelena Urazova Orta Asiyada Türkiyənin 1990-cı illərdə başlatdığı “Türk birliyi” siyasətinə bu gün də davam etdiyini bildirib. O, Türkiyənin Orta Asiyada ABŞ və Avropanın mənafeyinə xidmət etdiyini söyləyib: “Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərdə problemlər hələ də mövcuddur”.
“Rusiyanın Orta və Yaxın Şərqdə gücünü və təsir imkanlarını itirməsində Türkiyənin günahı yoxdur” - deyən Rusiya Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisi İrina Svistunova bildirib ki, bu regionda hər iki ölkənin bənzər mövqeyi var: “İranın nüvə probleminin həllində Moskva və Ankara ortaq mövqe nümayiş etdirirlər. Hər iki ölkə “altılıq” ölkələri ilə İran arasında aparılan danışıqlara dəstək verirlər. Eyni zamanda Moskva və Ankara İsrail-Fələstin probleminin həllində də ortaya eyni mövqe qoyublar”.
“Rusiyanın Orta və Yaxın Şərqdə təkrar lider ölkə olmasına Türkiyə maneə ola bilərmi?” sualına siyasi ekspert belə cavab verib: “İki ölkənin bölgədəki münasibətləri bir-birini tamamlayır. Suriya münaqişəsi istisna olmaqla, iki ölkə arasında ümumilikdə bölgəyə dair ciddi fikir ayrılığı yoxdur. İranla bağlı siyasətimiz buna örnəkdir. Bu o deməkdir ki, biz bir çox mövzuda ortaq məxrəcə gələ bilərik. Ona görə də hesab edirəm ki, Rusiyanın bu bölgədə təsirini itirməsi Türkiyə ilə bağlı deyil, bunun səbəbi daxili problemlərdir”.