Misirin keçmiş prezident müavini Ömər Süleymanın iki qızını Qahirədən çıxmalarına icazə verilməyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar İngiltərəyə getmək istəyirmiş. Buna səbəb kimi Ö.Süleymanın qızlarının adlarını korrupsiyaya qarşı dövlət komitəsinin «qara siyahıya» daxil etməsi göstərilib.
Hüsnü Mübarəkin prezidentliyi dövründə müavin olmuş Süleymanın qızları Daliyyə və Raniyyə Qahirə hava limanının gömrüyündə saxlanılıb. Sənədləri yoxlanıldıqdan sonra London uçan təyyarəyə onların minməsinə icazə verilməyib.
Xatırladaq ki, Ömər Süleyman ötən ilin iyulunda 76 yaşında ABŞ-da xəstəxanalardan birində vəfat edib. 1993-cü ildən o, Misirin ümumi kəşfiyyat xidmətinin başçısı olub. Ölkədə inqilab günlərində Mübarək onu 30 il boş qalmış prezident müavini vəzifəsinə təyin etmişdi.
Süleymanın qızlarından biri Hüsnü Mübarəkin şəxs dostu misirli milyader Hüseyn Salimin xanımıdır. Salim isə İspaniyadadır. Onun ölkəyə təhvil verilməsi ilə rəsmi Qahirənin cəhdləri hələlik uğursuzluqla nəticələnib.
Misirdə məhkəmə qiyabi olaraq, bu milyaderi 15 il azadlıqdan məhrum edib. O, təbii qazın İsrailə ötürülməsi ilə bağlı müqavilədə «ölkəsinin maraqlarına zərbə vurmaqda, maliyyə fırıldaqlarında» ittiham olunub.