Nigeriyada Hindistanın neft barjasına hücum nəticəsində iki hərbçi və bir heyət üzvü həlak olub.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, gəmi Hindistanın “Sterling Global Oil” şirkətinə məxsusdur.
Məlumata əsasən, pusquda gizlənmiş silahlılar hərbçilərlə müşayiət olunan Hindistanın neft barjasına qəflətən hücum edib. Atışma nəticəsində həlak olanlarla yanaşı, üç nəfər də yaralanıb.
Silahlılardan bir neçəsi yaralansa da, onlar hadisə yerindən qaça bilib.
Hindistan şirkəti olayla bağlı hələlik heç bir şərh verməyib.
Qeyd edək ki, hücum “Niger deltasının azadlığı uğrunda” üsyançı qruplaşmanın fəaliyyət göstərdiyi ərazidə baş verib. Bu qruplaşmanın üzvləri davamlı olaraq, neft-qaz hasilatı obyektlərinə hücum edərək, əcnəbiləri girov götürür.
Həmin ərazidə dəniz quldurları da tez-tez gəmilərə basqın edir.