Dünyadan qaça-qaça...
07 avqust 2013 14:26 (UTC +04:00)

Dünyadan qaça-qaça...

Hərdən istəyirəm dünyadan baş götürüb qaçam... Sonra da deyirəm hara qaçsam elə dünyadı...Və həmişə nəsə axtaran, nədənsə qaçan insanlar bu dünyadan qaça-qaça ölkələr yaradıblar...İnanmırsız? Məncə, inanın...

 

Amerikanı lovğa və özündənrazı adamlar yaradıb. Bu dünyada nə qədər soyuqqanlı, üzü heç nə ifadə eləməyən adamlar varsa hamısı İngiltərədədi elə bil. Dünyanın bütün dəqiq adamları Almaniyada cəmləşib. Əhlikeflər Rusiyanı, istedadlar Yaponiyanı, zəhmətkeşlər Çini, kobud və aqressivlər İtaliyanı, erotik və seksi olanlar Fransanı, əldən əlli il qalanlar Ermənistanı, heç nəyə əhəmiyyət verməyənlər, bu dünyanı fani bilib ora-burasını əncir yarpağı ilə örtüb, yaşamağı məqbul sayanlar Afrika ölkələrini, varı olub, ağlı olmayanlar Ərəb dövlətlərini yaradıb.

 

"Baba hər şeyə xub, yaxşı deyə-deyə" əksini eləyənlər İranda cəmləşib, Türkiyə hələ tam deyil. Ora hələ kimlərsə qaçır... elə ordan qaçanlar da var. Hələ qaçhaqaçdadırlar yəni. Azərbaycana gəlincə...Bura şair və romantiklərin ölkəsidir. Yalnız ruhları qaçhaqaçdadı... Bəlkə kimsə düşünər ki, qaça-qaça hərə öz dünyasını-ölkəsini yaradıbsa, onda bu dünyanı niyə viran günə qoyur insan? Məncə sağına-soluna baxmadan qaçıb. İndi olduğu yerdə ayılıb. Geridə qoyduqlarına görə təəssüflənir...

 

Buraxdığı sərvətdə, gözəllikdə gözü, nəfsi qalıb insanın. Hər şeydən qaçsa da nəfsi yanındadı deyə indi də geriyə qaçışa başlayıb insan... Amma yenə dünyadan qaçır, yenə dünyada qaçır... Hər yer dünyadı, qaçmağa yer yoxdu insan!...Vay o günə ki, bir gün də dünya qaçıb gedə.

# 1409
avatar

Jalə Mütəllimova

Oxşar yazılar