İsrail və HƏMAS girovların azad edilməsi üçün potensial razılaşmanın şərtlərini müzakirə etməkdə davam edir.
Lent.az –ın İsrail mediasına istinadla məlumatına görə, Küveytin “Al Jarida” qəzetinin yazıb ki, İsrail girovların və meyitlərin dəyişdirilməsi, habelə müvəqqəti atəşkəs daxil olmaqla üç mərhələdən ibarət yeni layihə təklif edib. Layihə Qəzzanin Fələstin Muxtariyyətinə inteqrasiyası planını təklif edən Qətər və Misiri əhatə edir.
Təklifin birinci mərhələsinə əsasən, İsrail Qəzza zolağında saxlanılan bütün israilli girovların və 3000 fələstinli məhbusun azad edilməsi müqabilində atəşi dayandırmağa, eləcə də qoşunlarını Rəfah keçidindən çıxarmağa hazırdır. İkinci mərhələdə girovların cəsədlərinin Həmas komandirləri və yaraqlılarının cəsədləri ilə dəyişdirilməsi müzakirə edilir, HƏMAS isə Misir vasitəsilə Qəzzanı tərk edə biləcək.
Üçüncü mərhələ İsrail qoşunlarının Filadelfiya dəhlizindən yekun şəkildə çıxarılmasını və Yəhya Sinvarın meyitinin təhvil verilməsini nəzərdə tutur.
HƏMAS sözçüsü bildirib ki, qrup İsrail qüvvələrinin Qəzzadan çıxarılması və humanitar dəhlizlərin açılması da daxil olmaqla bir sıra şərtlər yerinə yetirilərsə, atəşkəsə hazırdır. Bununla belə, Yəhya Sinvarın müavini Xəlil əl-Hayyanın dediyi kimi, HƏMAS-ın mövqeyi dəyişməz olaraq qalır: onlar tam atəşkəs və bütün İsrail qüvvələrinin çıxarılmasını tələb edirlər.
HƏMAS qısamüddətli atəşkəs və bir neçə girovun azad edilməsini nəzərdə tutan “kiçik sövdələşmə” təklifini rədd etdiyi üçün müzakirələr davam edir.