Səhiyyə rəsmiləri son bir ayda Konqo Demokratik Respublikasının cənub-qərbində ən azı 27 nəfərin naməlum xəstəlikdən öldüyünü bildirir. Naməlum xəstəlik hərarət, baş ağrıları və öskürəyə səbəb olur və uşaqlar da daxil olmaqla, hər yaşda olan insanlara təsir edir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, xəstəliklər paytaxt Kinşasadan təxminən 700 kilometr cənub-şərqdə yerləşən və səhiyyə müəssisələrinə girişin məhdud olduğu Panzi bölgəsində qeydə alınıb.
"Oktyabrın 24-dən bəri naməlum ictimai sağlamlıq hadisəsi təsirlənən 382 nəfərdən 27-nin ölümü ilə nəticələndi" deyə Milli Səhiyyə İnstitutu açıqlayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, qurbanların sayı daha çox ola bilər.
"Vətəndaş cəmiyyəti və Panzi sağlamlıq zonasının baş həkimi 67 ölüm xəbərini verdi" deyə əyalətin səhiyyə naziri Apollinaire Yumba bildirib. O əlavə edib ki, bir qrup epidemioloq bölgəyə ezam olunaraq, əhalini panikaya düşməməyə və hərəkəti məhdudlaşdırmağa çağırıb.
Yumba qeyd edir ki, virusun yayılmasının qarşısını almaq üçün sanitar zonaya giriş və çıxış məhdudlaşdırılmalıdır. O, insanlara əl sıxışaraq salamlaşmamağı və mütəmadi olaraq əllərinizi yumağı tövsiyə edib.
Ümumdünya Səhiyyə Təşkilatı AFP-yə vəziyyəti təhlil etmək üçün Konqo səlahiyyətliləri ilə işlədiyini söyləyib.
"Biz laboratoriya testləri üçün nümunələr toplamaq üçün əraziyə bir qrup göndərdik" - BMT-nin səhiyyə orqanı vurğulayıb.
Xatırladaq ki, dünyanın ən kasıb ölkələrindən biri olan Konqo Demokratik Respublikası son aylarda mindən çox insanın həyatına son qoyan çiçək xəstəliyi ilə də üzləşib.