Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin tərəfdarları yeni hökumətin “Həyat Təhrir əl-Şam” qruplaşmasına aid 6 nümayəndəsini öldürüblər.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunur ki, qruplaşmanın döyüşçüləri Əsəd hökumətinin keçmiş rəsmisini həbs etməyə çalışarkən öldürülüblər.
Agentliyin məlumatına görə, Əsəd rejiminin süqutundan sonra onlarla yerli sakin də qisas məqsədilə, əsasən, eks-prezidentin mənsub olduğu şiə İslamının qolu olan Ələvi icmasının azlıqlarının nümayəndələrinə qarşı qətllər törədiblər.
Ələvilərin Suriya sahillərində, Homs şəhəri və Həma çölündə HTŞ tərəfindən əsir götürülmüş Suriya ordusunun keçmiş əsgərlərinin azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirdikləri də məlumdur.
Qeyd edək ki, dekabrın 8-də Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” elan edib. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya qaçıb.