"İlkin məlumatda ekipajın təyyarədə yaranan problemi "quş qatarı ilə toqquşma" ehtimalı ilə izah etməsini mövcud situasiyanın yanlış anlaşılması və dəyərləndirilməsi kimi şərh etmək mümkündür. Belə ki, təyyarə ilə bağlı yayılmış, onun qəzaya uğradıqdan sonrakı, eləcə də uçuş vəziyyətində olarkən foto və video görüntülərində quş qatarı ilə toqquşmaya dəlalət edən izlər və əlamətlər - qan ləkəsi, tük qalığı və s. müşahidə edilməyib. Həmçinin, təyyarənin çöl hissəsində müşahidə edilən dəliklərin quş qatarı ilə toqquşma səbəbindən yarana biləcəyi ehtimal olunmur.
Bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.
Araşdırmada yazılıb ki, bu dəliklər daha çox bərk, iti, hərarəti yüksək olan maddənin və ya materialın təsirindən yarana bilər. Bununla yanaşı, təyyarənin salon hissəsi ilə bağlı yayılmış video görüntülərdə dəliklərin bir sıra hallarda təyyarənin içərisinə nüfuz etdiyi görünür ki, bu da “quş qatarı ilə toqquşma” ehtimalını istisna etməyə əsas verir.