XXI əsrdə minlərlə insanın öldüyü dəhşətli aviaqəzalar -   SİYAHI
26 dekabr 2024 20:15 (UTC +04:00)

XXI əsrdə minlərlə insanın öldüyü dəhşətli aviaqəzalar - SİYAHI

Adətən təyyarə qəzaları nadir hallarda baş versə də əksəriyyəti böyük faciə ilə nəticələnir. Onlarla, yüzlərlə insan belə qəzaların qurbanlarına çevrilir. Texniki nasazlıqlar, insan səhvləri və diplomatik gərginliklər bu qəzaların əsas səbəbləri arasında yer alır. Dünən Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması göstərir ki, aviasiya nəqliyyatı üzrə nə qədər təhlükəsizlik tədbirləri alınsa da, ölümlə nəticələnən təyyarə qəzaları tamamilə aradan qalxmayıb. 

Lent.az XXI əsrdə dünyada baş verən aviaqəzaları araşdırıb.

11 sentyabr 2001-ci il, ABŞ

Bu aviaqəza bütün dünyanı şoka salmışdı. İki Boeing-767 terrorçular tərəfindən qaçırılaraq Nyu-Yorkdakı əkiz qüllələrə çırpılıb. Göyərtədə ümumilikdə 137 sərnişinin olmasına baxmayaraq hadisənin qurbanlarının sayı 3 minə çatıb. Hər iki bina yerlə-yeksan olmuş, dağıntılar altında minlərlə insan qalmışdı. Bu, insan itkisinə görə, ən genişmiqyaslı təyyarə faciəsi idi.

1 iyul 2002-ci il, Almaniya

Almaniyadakı bu qəza digərlərindən fərqlənir. Burada diqqət çəkən məqam ölənlərin sayı deyil, onların yaş həddidir. Çünki Rusiyaya məxsus TU-154 ilə Almaniya şirkətinə məxsus Boeing-757 yük təyyarəsinin toqquşması zamanı ölənlərin əksəriyyəti uşaqlar idi. Dispetçer cihazında baş verən nasazlıq pilotları çaşdırıb. Hər iki təyyarənin ekipajı toqquşmadan qaçmağa çalışsalar da, dispetçerdən düzgün və vaxtında məlumatın daxil olmaması səbəbindən yanlış qərar veriblər. Qəzada həyat yoldaşı və övladını itirən bir şəxs hadisədən 2 il sonra həmin dispetçeri qətlə yetirib. Cinayət affekt vəziyyətində olarkən törədildiyindən ona nəzərdə tutulduğu kimi 24 il deyil, 8 il cəza verilib. Ölənlərin əksəriyyəti qəzanın baş verdiyi yerin yaxınlığında dəfn olunub, onların xatirəsinə memorial inşa edilib. Ancaq heç bir kompensasiya və ya kiminsə cəzalandırılması uşaqları qaytara bilməz.

22 avqust 2006-cı il, Ukrayna

“Tu-154” modelli təyyarə 3 000  metrdə turbulentliyə tutulub. Təyyarələrin tez-tez qarşılaşdığı bir vəziyyət olan turbulentlikdən xilas olmaq üçün mübarizə aparılıb və siqnallar göndərilib. Ancaq səylər nəticə verməyib və “Ukrayna Hava Yollar”ına məxsus təyyarədə olan 170 nəfər  həyatını itirib.


18 iyul 2007-ci il, Brazilya 

Brazilyada baş verən bu qəzada 250-dən çox insan həyatını itirib.  Uçuş xəttinə enən təyyarənin əyləc sistemində problem yaranıb və təyyarə yanacaq saxlanan anqara çırpılıb. Təyyarədə 170 sərnişin və 6 heyət üzvü olub, onların hamısı qəzada dünyasını dəyişib.

Baş verən partlayış zamanı təyyarədəki sərnişinlərdən başqa həmin vaxt anqar yaxınlığında olan çoxlu sayda aeroport əməkdaşı da ölüb. Şahidlər hadisə zamanı anqar yaxınlığındakı sərbəst zonada yerləşən mağazalarda çoxlu sayda insanın olduğunu bildirib. Həmin şəxslərin bir çoxu baş verən partlayış zamanı dünyasını dəyişib. 

10 aprel 2010-cu il, Rusiya

Smolensk səmasında qəza 14 il əvvəl baş verib, hadisənin səbəbləri də məlumdur. Aprelin 10-u 2010-ci ildə Smolenskdə Polşa Hərbi-hava Qüvvələrinə məxsus TU-154 təyyarəsi qəzaya uğrayıb. Nəticədə 96 nəfər həyatını itirib. Faciə bütün dünyanı lərzəyə salmışdı, axı laynerin göyərtəsində Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı, ordunun öndə gedən hərbiçiləri, siyasətçilər, görkəmli dövlət və din xadimləri var idi. Bir anda ölkə "yiyəsiz" qaldı. Polşada 1 həftə matəm elan olundu. Təyyarə güclü duman şəraitində uçurdu, ekipaja isə bu barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. TU-154 ağaca ilişib, fırlanıb və havada parçalanmağa başlayıb. Rusiya tərəfi qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildirib. Lakin Polşa hökuməti iddia edir ki, əlverişsiz hava şəraitində rusiyalı dispetçerlər təyyarəni yerə enməyə məcbur ediblər.

12 may 2010-cu il, Liviya

Elə həmin ildə cəmi bir aydan sonra Liviyanın Tripoli şəhərində göyərtəsində 104 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Sərnişinlərinin əksəriyyəti Hollandiya vətəndaşı olan qəzada 8 yaşlı uşaq istisna olmaqla 103 nəfər həlak olub.

17 iyul 2014-cü il, Ukrayna

Ən dəhşətli təyyarə qəzalarından biri iyulun 17-si Ukrayna səmasında Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsinin vurulmasıdır. Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın Kuala-Lumpur şəhərinə uçan sərnişin təyyarəsi Donetsk yaxınlığında separatçılar tərəfindən vurulur. Göyərtədə olan 298 nəfərin hamısı ölür. Daha çox siyasi xarakter daşıyan bu insident dünya liderlərini də şoka salır. Rəsmi Kiyev təyyarənin Rusiyanın himayəsi ilə qiyamçıların vurduğunu deyir, çünki laynerin raket-zenit kompleksi ilə hədəfə alınması həmin qüvvələrin arxasında güclü dövlətin dayanmasından xəbər verir. Ukrayna Təhlükəsizlik Xidməti Malayziyaya məxsus "Boeing 777"-in Rusiyanın "BUK-M" zenit-raket kompleksi vasitəsi ilə vurulduğu barədə məlumat yayır. Rusiya tərəfi isə Ukraynanı ittiham edərək ölkəsinin hava məkanında baş verən istənilən hadisəyə görə Kiyevin məsuliyyət daşıdığını deyir. 

24 mart 2015-ci il, Fransa

Barselonadan Düsseldorfa uçan “Airbus A320” təyyarəsi isə 2015-ci ilin martında Fransız Alplarında qəzaya uğrayıb. Araşdırmalardan bəlli olub ki, 150 nəfərin həlak olduğu qəzanın baş verməsinə səbəb pilotun səhv idarəetməsi ilə əlaqəli imiş.

31 oktyabr 2015-ci il, Sinay yarımadası

Şarm-əl-Şeyxdən qalxan Rusiya təyyarəsi 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub. Hadisəyə görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Qəzanı araşdıran Rusiya tərəfi də qəzanın səbəbi olaraq terror versiyasını təsdiqləyib.

29 oktyabr 2018-ci il, Yava dənizi

İndoneziyanın paytaxtı Cakartadan Pankalpinanq şəhərinə uçan “Boeing 737 MAX 8” təyyarəsi 2018-ci ildə Yava dənizinə düşmüşdü. 189 nəfərin həlak olduğu sözügedən faciədə təyyarədəki avtopilot sistemindəki problemin qəzaya səbəb olduğu aydınlaşmışdı.

9 yanvar 2021-ci il, Cakarta

Bu dəfə isə Cakartadan Pontianak şəhərinə uçan “Boeing 737-500” təyyarəsi havaya qalxandan 4 dəqiqə sonra radarlardan itmiş, nəticədə isə idarəetməni itirərək qəzaya uğramışdı. Təyyarədəki 62 nəfərin hamısı yerindəcə həlak olmuşdu.


Qeyd etdiyimiz kimi, dekabrın 25-də Azərbaycana da belə bir faciə üz tutdu. Sözün həqiqi mənasında başımızın üstünü qara buludlar aldı. 
67 nəfərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 26-sı Azərbaycan vətəndaşı olmaqla 38 nəfər həlak olub. 

Sadalanan aviasiya faciələrindəki itki sayına və səbəblərə diqqət yetirsək, Aktauda baş verən hadisə bir daha göstərdi ki, təyyarədə olan sərnişinlərin yarısından çoxunun sağ qalması AZAL heyətinin peşəkarlığının bariz nümunəsidir.

Pilotlar təyyarəni uzun müddət səmada saxlamağa çalışıb. Onlar qəzanın qarşısını almaq üçün sonadək əllərindən gələni etməkdən çəkinməyiblər. Kapitan hətta təyyarəni boş yerə endirməyə cəhd edib, amma yenə də qara tüstünün Aktau səmasını bürüməsi qaçılmaz olub. 

Baş verən hadisədən təəssüf hissi keçirir, Allahdan ölənlərə rəhmət, yaralılara isə şəfa diləyirik. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Ləman Sərraf

Oxşar yazılar