Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu
12 aprel 2025 10:56 (UTC +04:00)

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

Yaponiyanın qərbində fövqəladə hadisə baş verib. Tufan zamanı futbol meydançasında məşq edən bir qrup məktəblini ildırım vurub. 13-14 yaşlı 5 yeniyetmə müxtəlif bədən xəsarətləri ilə təcili xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır və huşunu itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yaponiyanın milli televiziya kanalının məlumatına görə, hadisə Nara şəhərindəki orta məktəbdə baş verib. Fırtına xəbərdarlığına baxmayaraq, bir qrup tələbə açıq sahədə məşqlərini davam etdirib. Məşqçinin dediyinə görə, əvvəlcə güclü leysan başlayıb, bir neçə dəqiqə sonra isə meydanın düz mərkəzinə ildırım çaxıb.

Son məlumata görə, 14 yaşlı oğlanın vəziyyəti ağır hesab olunur - o, hələ özünə gəlməyib. Digər dörd zərərçəkən isə əzaların müvəqqəti iflicindən, nitqin pozulmasından və elektrik cərəyanının tipik əlamətləri olan şiddətli baş ağrılarından şikayətlənir. Bütün yeniyetmələr prefektura mərkəzi xəstəxanasına çatdırılıb, onlara xüsusi tibbi yardım göstərilir.

Yaponiya Meteorologiya Xidməti hadisə zamanı bölgədə şiddətli tufan yağdığını təsdiqləyib.

Yerli hakimiyyət orqanları hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. Fırtına xəbərdarlığına baxmayaraq, təlimin niyə ləğv edilmədiyi sualına xüsusi diqqət yetirilir. Polis şahidləri dindirir və kamera görüntülərini araşdırır.

Həkimlər qeyd edirlər ki, ildırım vurmasının nəticələri dərhal görünməyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar