Hindistanda təcavüzə görə bacısının müəlliminə silahla hücum edən iki gənc saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə fevralın 14-də Uttar-Pradeş ştatının Böyük Noida şəhərində baş verib. Səhər saat doqquz radələrində 26 yaşlı müəllim Rakib Hüseyn məktəbə gedirmiş. Yolda onu 17 və 18 yaşlı iki gənc qarşılayıb. Qısa mübahisədən sonra onlardan biri tapançasını çıxarıb Hüseyni güllələyib. Müəllim yıxılıb, gənclər isə qaçıblar.
Hadisə şahidləri onu dərhal xəstəxanaya aparıb və polisə məlumat veriblər. Hüseyn qulaq nahiyəsindən yaralanıb, həyatı üçün təhlükə olmayıb. Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan və onun yanında olan şəxsi saxlayıb, onların qardaş olduğu üzə çıxıb.
Onlar bildiriblər ki, müəllim yanvar ayında dərs zamanı onların bacısına cinsi təcavüz edib. Dindirmə zamanı məktəbli bunu təsdiqləyib.
Daha sonra müstəntiqlər Hüseynin telefonunu yoxlayıb və bəzi tələbələrlə nalayiq söhbətlərin yazılarını aşkar ediblər. Onun işlədiyi məktəbin rəhbərliyinə təzyiq faktları barədə məlumat verilib. İstintaq davam edir.