Mübarəkdi... – PORTRET
11 fevral 2011 15:32 (UTC +04:00)

Mübarəkdi... – PORTRET

1950-ci ildən başlayaraq bir kral ölkəsi olmaqdan çıxıb ərəb liderliyinə doğru yüksələn Misirin son 200 ildə Məhəmməd Əli iqtidarından sonra hakimiyyətini ən çox sürdürən prezidenti Hüsnü Mübarəkdir... Son 20 günün ən məşhur adamı... Onu bu qədər diqqətdə saxlayan təkcə 30 illik hakimiyyəti deyil, həm də 30 illik yolun sonundakı dirənişidi. İndi nəinki misirlilər, bütün dünya Hüsnü Mübarəkin hər çıxışında istefa bəyanatı səsləndirib-səsləndirməyəcəyini gözləyir. O isə hər dəfə çıxışını belə bitirir: “Həyatımın başlanğıcı Misirdə oldu, sonu da burda olacaq. Mən bu torpaqlarda gömüləcəm!”

Bəs kimdi bu

Dirənən adam

Məhəmməd Hüsnü Seyid Mübarək 1928-ci il mayın 4-də Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində doğulub. Atası Ədliyyə (Ədalət) Nazirliyinin məmuru olub. Hüsnü MÜbarək yüksək təhsil alıb. İxtisasca hərbi təyyarəçidir. Qahirə Hərbi Akademiyasını 1949-da, Bilbays Aviasiya Akademiysını 1950-də fərqlənmə ilə bitirib. 4 il SSRİ-də hərbi təcrübə keçib. 1954-də Misirə döndükdən sonra Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. 1966-da Aviasiya Akademiyasının rəhbəri vəzifəsinə təyinat alıb. 1972-də prezident Ənvər Sədatın Hərbi Hava Qüvvələri komandanı olub. 1975-də vitse-prezidentliyə yüksəlib, 1981-də Ənvər Sədatın sui-qəsd nəticəsində ölümündən sonra prezident olub. Ondan sonrası məlumdu...

Mübarəkdən əvvəl Misirin taleyi

1950-ci ildən sonra Misirin respublika quruluşuna keçməsi prosesi başladı. 1953-cü ildə Kral Faruk silahlı çevrilişlə hakimiyyətdən salındı. İnqilabçılar hakimiyyətə kralın yaxın adamı olan Məhəmməd Nəcibi gətirsələr də, əsas söz sahibi kimi qaldılar. Üsyançıların rəhbəri Camal Əbdülnasir bir neçə aydan sonra Nəcibi uzaq bir kəndə sürgün edib, hakimiyyəti tam ələ keçirdi və iqtidarın ən ciddi siyasi rəqibi «Müsəlman Qardaşları»na (İhvan-i Müslimin) əks hücumlar başladı.

Əbdülnasir siyasi rəqiblərini sıradan çıxarandan sonra Misiri güclü dövlətə çevirmək üçün hərəkətə keçdi, strateji əhəmiyyətli obyektlərin milliləşdirilməsinə başladı. Süveyş kanalını milliləşdirmək istəyi isə ona baha başa gəldi.

1956-cı ildə «Süveyş» savaşını Böyük Britaniya, İsrail və Fransa qazandı. Əbdülnasir vəziyyətdən çıxış üçün dünyanın ikinci qütbü olan SSRİ ilə əlaqələri daha da sıxlaşdırmağa məcbur oldu.
SSRİ-nin himayəsinə girən Misir qısa müddətdə Süveyş kanalını geri qaytardı.

Ərəb dünyasının liderliyinə iddia edən Əbdülnasir qazandığı uğurdan ruhlandı və Suriyanı da Misirə qatıb Birləşmiş Ərəb Respublikası yaratdı. Qarşıda İraqın BƏR-ə birləşməsi dayanırdı.
Nasir kommunizmin ərəb dünyasındakı Çe Gevarasıydı, sürətlə bütün əmlakların dövlətləşməsinə start vermişdi, sosialist ideyalarının Yaxın Şərqdə yayılmasının başında dayanırdı. Yəmən inqilabında «Ərəb Çesi»ndən – Nasirdən yardım istənilməsi də təsadüfü deyildi.

Nasir 100 minlik ordu ilə sosialist inqilabına dəstək üçün Yəmənə savaş açdı. Ancaq Qərbin Yəmənə və mülkləri, sərvətləri əlindən alınan misirlilərə dəstəyi, Xruşşov islahatlarıyla imperiya maraqlarından geri duran SSRİ-nin isə Misiri taleyin ixtiyarına buraxması ərəblərin sosialistləşməsinə mane oldu. Daxili və xarici savaşda zəifləyən ölkə iqtisadiyyatına isə İsrail son zərbəni vurdu: Yəmənlə müharibəni bəhanə gətirib, Misirlə iqtisadi əlaqələri kəsdi.

Suriya və Yəməndən əl çəkməyə məcbur olan Nasir bir də Xruşşovdan sonra, 1967-ci ildə Qərbin bölgədə əsas dayağı olan İsraillə müharibəyə cəsarət edə bildi.

Savaş 3 saat çəkdi. Misir uduzdu. Televiziya efirində ağlayan Nasir infarkt keçirdi və qoruya bilmədiyi “növbəti Gevaranın” müalicəsini SSRİ öz üzərinə götürdü. Amma “İkinci Gevara” da öldü, SSRİ Latın Amerikası kimi, Yaxın Şərqi də Qərbə uduzdu.

Nasirin hakimiyyəti dövründə Məclis rəhbəri olan Ənvər Sədat sələfinin ölümündən sonra prezident seçildi. Sədat da ideoloji baxımdan olmasa da, siyasi baxımdan sələfinin tutduğu kursu davam etdirirdi. Hər necə olsa Birləşmiş Ərəb Respublikasını üçcə ilə beşiyində boğan Qərbin Misiri əzməyini unutmurdu və dünyanın 1/6-ni əhatə edən “böyük SSRİ-yə” güvənci tam itməmişdi. Ona görə də Rusiya hərb məktəbini keçən kadrlar irəli çəkilirdi.

Elə Hüsnü Mübarəkin sürəkli karyerası da belə başladı. 1972-ci ildə Hərbi Hava Qüvvələrini komandanı və müdafiə nazirinin müavini olan Hüsnü Mübarək 1973-də İsrailə qarşı lokal savaşlarda qazandığı uğurlarla məşhurlaşdı, əvvəlcə marşal, 1975-ci ili aprel ayında isə vitse-prezident təyin olundu.

Şokdan şoka

Mübarək ordu komandanı kimi cəsarəti və peşəkarlığı ilə seçilmişdi. 1973-cü ildə «əzəli düşmən» İsrailə qarşı aparılan azsaylı uğurlu əməliyyatlardan birinə rəhbərlik etmişdi. Sina Yarımadasında İsrail hərbçilərinə elə bir dəhşət yaşatmışdı ki, illərlə yəhudi əsgərləri «Mübarək xofu»nu daşımalı olmuşdular.

1981-ci ildə isə özü dəhşətli sarsıntı keçirdi. 1979-cu ildə uzunmüddətli düşmənçilikdən bezən Ənvər Sədatın İsraillə münasibətləri yoluna qoymaq üçün atdığı addım Misirin ən güclü müxalifət təşkilatı olan «Müsəlman Qardaşları» razı salmadı. İki il sonra narazı müsəlmanların «Əl-Cihad» terror şəbəkəsi Ənvər Sədata sui-qəsd edəndə prezidentin bir addımlığında olan Mübarəkin yıxıldığı, ayağa qalxdıqdan sonra təmizlədiyi papağı başına qoymasına və qamətini dikəltməsinə baxmayaraq, rənginin ağardığı və bir müddət çaşqınlıqla ətrafı süzdüyü jurnalistlərin gözündən qaçmamışdı.

İsrail ordusunu şoka salmaqla yüksək karyera qazanan Hüsnü Mübarək Ənvər Sədatın öldürülməsiylə keçirdiyi şokla prezident kürsüsünü qazandı.

Ənvər Sədatın ölümündən 8 gün sonra and içən Mübarək Misir xalqına bunları vəd eləmişdi. Demokratik cəmiyyət, iki dönəmdən artıq prezident seçilməmək, Misirin bölgədəki liderliyini gücləndirmək... Onun bu vədi zamanında bütün dünyaya səs salıb, Misir haqqında xoş ümidlər doğurmuşdu...

Sirli Mübarək

Mübarək şəxsi həyatını həmişə ictimaiyyətdən gizli tutmağa çalışıb. Məlum olan budur ki, o, uşaq həkimi olan ərəb Saleh Thabet ilə ingilis Lilu Palmerin Qahirədəki Amerikan Universitetinin məzunu olan qızları Suzan ilə ailə qurub. Bu evlilikdən iki oğlu dünyaya gəlib. Böyük oğlu Alaa siyasətdən kənardadır, bizneslə məşğuldur. Ondan Ömər adlı bir nəvəsi də var.

Kiçik oğlu Camal aktiv siyasətlə məşğuldur. Hakim Beynəlxalq Demokrat Partiyasının rəhbərliyindən fevralın əvvəlində, yəni Misirdə inqilab dalğası başlayandan sonra istefa verdi; o vaxta qədər prezidentin siyasi varisi hesab olunurdu.

Camal 2007-ci ildə Misirin öndə olan zəngin ailələrindən birinin qızı - Xədicə əl Camalla evlənib, Fəridə adlı bir qızı var.

Hüsnü Mübarək 2010-cu ilin mayında həyatının ikinci böyük sarsıntısını keçirib. Böyük nəvəsi Məhəmməd 12 yaşında qəflətən dünyasını dəyişib. Prezident uzun müddət depressiyadan qurtula bilməyib, görüşlərini təxirə salınıb, cəmiyyət arasında görünməyib, səhhətində ciddi problemlər yaranıb.

Bu gün dünyanın dartışdığı ən mübahisəli məsələlərdən biri də Mübarəkin var-dövlətidir. Onun Bil Qeytsdən daha varlı olduğu, xarici banklarda milyardlarla dollar məbləğində varidatı olduğu bildirilir.

Mübarək ailəsinin bütün dünyadakı əmlakı isə 620 milyard dollar dəyərində qiymətləndirilir.

“Heç kəs əbədi deyil”

Hərbi intizamla yaşayıb, bu vaxta qədər siqaret çəkməyib, içki içməyib. Gününü sabah saat 6-da idmanla başlayır. Pəhriz, idman, ciddi rejim – Mübarəkin sağlamlıq və uzunömürlülüyünün səbəbi kimi göstərilir.

Amma Mübarəkin özünün dediyi kimi, «heç kəs əbədi deyil». Misir prezidentinin də səhhətində ötən ildən başlayaraq ciddi problemlər yaranıb. Almaniyada müalicə alıb. Xəstəliyi haqda rəsmi və səhih məlumat yoxdur, ancaq ödündən və böyrəyindən əməliyyat olunduğu haqda şayiə düzü-dünyanı bürüyüb.

Misirin “Mübarək dövrü”

Hüsnü Mübarək prezidentliyə 5 dəfə namizəd oldu: 1981, 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxladı. Beynəlxalq aləmin təkidilə 2005-ci ildə keçirilən «alternativli» ümumxalq səsverməsində də qutudan yenə də Mübarək çıxdı!

1953-cü ildən aparılan Rusiyayönümlü siyasəti məhz Hüsnü Mübarək dəyişdi. İsrail və Amerika ilə çox ciddi siyasi-iqtisadi əlaqələr qurdu. Bu xarici siyasət Misiri Ərəb Birliyindən kənarda qoysa, müsəlman ölkələrini aqressiyası ilə qarşılansa da, 1991-ci ilin Körfəz Müharibəsi hər şeyi dəyişdi. Qərbin İraq işğalına qarşı çıxan və Amerikanın iqtisadi sanksiyaları ilə üzləşən Misir yenidən Ərəb Birliyinin üzvü seçildi. Birliyin baş qərargahının Qahirəyə köçməsi və Qərblə İslam dünyası arasında Misirin vasitəçi rolunu oynaması bu ölkəni Yaxın Şərqin lider dövlətinə çevirdi. Hüsnü Mübarək 1981-ci ildə verdiyi üçüncü vədi yerinə yetirdi, Misir ərəb dövlətləri arasında liderliyini qazana bildi.

Daxili siyasətində isə sələflərindən fərqli tək bir addımı oldu. O, dövlətin aparıcı vəzifələrinə, xüsusilə hərbi struktura Amerikada təhsil görmüş şəxsləri təyin elədi. Misir ordusu Rusiyanın hərbi təsir dairəsindən çıxıb “Amerikalaşdı”. Mübarək bu məsələdə Əbdülnasirin və Sədatın səhvlərini təkrarlamadı.

Mübarəkin apardığı iqtisadi islahatlar Misiri Səudiyyə Ərəbistanından sonra bölgənin ən qüdrətli dövlətinə çevirdi. Təkcə 2004-2008-ci il islahatları Misirin ümumdaxili məhsulunun iki dəfədən də çox artmasına səbəb oldu. Hüsnü Mübarək işsizliyin aradan qaldırılması üçün dövlət idarələrində lazım olduğundan da artıq işçi götürülməsinə də qərar verdi. Ancaq işsizliyi nəzərəçarpacaq dərəcədə azalda bilmədi. Çünki islahatlar liberalizmə yox, avtoritarizmə əsaslanmışdı.

Oddayanmaz, sudabatmaz

Bəli, o, dəfələrlə törədilən sui-qəsdlərdən sağ çıxdı. Mübarək bir prezident üçün gərəkəndən daha çox - düz 6 dəfə sui-qəsdə məruz qalıb. Sonuncu sui-qəsd cəhdi 1995-ci ildə olub. Afrika zirvə görüşünə qatılmaq üçün Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gedən Misir prezidentinə qəsd bu dəfə də baş tutmayıb.

Köməkçisiz Prezident

Sədat Nasirin, Mübarək Sədatın vitse-prezidentiydi. Sədat Nasirin, Mübarək Sədatın ölümü üstündən hakimiyyətə gəlmişdi. Hüsnü Mübarək öz meyiti üstündən olsa belə hakimiyyətə kimsəni buraxmaq istəmədiyindən 30 illik hakimiyyəti dönəmində vitse-prezident postunu vakant saxladı. Öz təcrübəsindən bilirdi ki, vitse-prezident hakimiyyəti indidən kiməsə təhvil verməyin etirafı deməkdir.

Hökmünü bölüşməyi sevməyən Mübarək gözü görə-görə iqtidarına şərik istəmirdi.

Yalnız bu ilin yanvarına qədər. Xalq hərəkatı başlayandan sonra 29 yanvar 2011-də Milli Təhlükəsizlik naziri Ömər Süleymanı vitse-prezident təyin etdi, səlahiyyətlərinin bir hissəsini ona verdi.
Amma istefa vermədi!

Misir İran deyil!

Qərb mətbuatı tez-tez Misir inqilabını 1979-cu ildə İranda baş vermiş inqilabla müqayisə edir. Çünki 79-cu il inqilabından cəmi bir neçə ay öncə ABŞ prezidenti Cim Karter Şah Pəhləviyə ciddi siyasi dəstək göstərmiş, onu bir demokrat və reformator olaraq dəyərləndirmişdi.

Barak Obama da 2011-ci il yanvarın 25-də Misirdə başlayan inqilabdan cəmi bir neçə gün əvvəl Mübarəki eyni ilə Karterin Pəhləviyə dediyi sözlərlə təriflədi.

Karter İran İslam inqilabı başlayan kimi dediyi sözləri danaraq inqilabı dəstəklədi; Barak Obama da Misir inqilabını dəstəkləyir və Mübarəki istefaya çağırır, amma açıq mətnlə “get!” demədən...

ABŞ o vaxt nefti İrandan alırdı, indi isə Misirdən alır.
Karterin Şah Pəhləvini, Obamanın Mübarəki son ana qədər dəstəkləməsinin çox sadəcə səbəblərindən biri də budur. Bir də
Misir ABŞ-ın bölgədəki müttəfiqi və himayəsində olan İsrailin tək qurtuluş yoludur.

Amma paralellər burda da bitir. Çünki 2011-ci ilin Misiri 79-cu ilin İranı deyil!

Və yazıdakı son

Mübarəkin teleçıxışı kövrək idi: “Bu gün Sizinlə danışan Hüsnü Mübarək xalqın xidmətində keçirtdiyi uzun illərlə qürur duyduğunu ifadə etmək istəyir. Bura mənim ölkəmdir, burda yaşadım, savaşdım, qüdrətimi, hakimiyyətimi qorudum və mən bu torpaqlarda öləcəyəm. Mənim də, başqalarının da qiymətini tarix verəcək. Misirin bayrağı isə hər zaman göylərdə dalğalanacaq”...

... İndi dünyanı təkcə Misir inqilabı heyrətləndirmir. Dünya inqilabı seyr edir. Amma Mübarəkin dirənişindən heyrətə düşüb. Deməli, belə də olurmuş...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1610

Oxşar yazılar