Baş nazirin 35 il sonrakı qanlı intiqamı
29 yanvar 2010 16:30 (UTC +04:00)

Baş nazirin 35 il sonrakı qanlı intiqamı

Banqladeşin baş naziri atasını və ailə üzvlərini qətlə yetirən hərbçiləri edam etdirib

1975-ci ildə Banqladeşdə müstəqillik uğrunda hərəkatın lideri olan Şeyx Mucibur Rahmanın evinə hücum çəkən hərbçilər onu, o cümlədən həyat yoldaşı və oğlu da daxil olmaqla, 20 nəfəri öldürüblər.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Rahmanın qızları Şeyx Hasina və Reyhana həmin vaxt Avropada səyahətdə olduqları üçün sağ qalıblar.
O vaxtdan Şeyx Hasina ailəsinin qatillərinin mühakimə edilməsi üçün mübarizə aparıb. 1996-cı ildə baş nazir seçiləndən sonra qiyamçıların məhkəməyə çıxarılmasını qadağan edən toxunulmazlıqla bağlı qanunu da ləğv etdirib. 1998-ci ildə 15 nəfər Şeyx Mucibur Rahmanın öldürülməsində günahkar bilinərək edama məhkum edilib. Qalan 12 nəfərin 6-ı xaricə qaçarkən, 1 də Zimbabvedə ölüb.
Ancaq Şeyx Hasina 2001-ci il parlament seçkilərində uduzur və baş nazir postuna atasının öldürülməsində rolu olduğunu iddia etdiyi general Ziya Rahmanın dul arvadı Halide Ziya gəlir. Məhkəmələrdə də süründürməçilik başlayır. Lakin keçən il keçirilən parlament seçkilərdə Şeyx Hasina yenidən qalib gələrək baş nazir postuna yiyələnir və yenidən ailəsinin öldürülməsi ilə bağlı məhkəmə prosesinin arxasınca düşür.
Nəticədə ötən gün Ali Məhkəmənin qərarı ilə 5 sabiq hərbçi asılaraq edam edilib. Edamdan sonra Şeyx Hasinanın sözçüsü açıqlama ilə çıxış edib. O deyib ki, baş nazir bu edamları tarixin qaranlıq bir səhifəsinin qapadılmasına və ölkədə hüququn aliliyinin yenidən təmin edilməsinə yardım göstərəcəyini düşünür.
# 748

Oxşar yazılar