AZAL-ın qəzaya uğrayan təyyarəsinin Rusiya tərəfindən vurulması və aparılan istintaqla bağlı yeni məlumatlar var.
APA öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında hazırladığı təhlildə yazıb ki, əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.
Çünki hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.
" Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - deyə mənbə bildirib" deyə, agentlik qeyd edib.
Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Halbuki araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. Başqa sözlə, ilkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.
Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.
" Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdı" APA-nın təhlilində qeyd olunub.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.