Türk sui-qəsdçi azadlıqda
18 yanvar 2010 13:00 (UTC +04:00)

Türk sui-qəsdçi azadlıqda

Jurnalist-yazıçı Abdi İpəkçini qətlə yetirməkdə, Roma Papası II İohan Pavelə sui-qəsddə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Məmməd Əli Ağca yanvarın 18-də azadlığa buraxılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağcanın 30 illik həbs həyatı bu gün başa çatıb və o, həbsxanadan çıxıb. Vəkili Hacı Ali Özxan Ağcanın həbsxanadan hərbi komissarlığa aparıldığını açıqlayıb.

Vəkil Ağcanın hərbi xidmətə yararsız olması barədə daha əvvəl arayış verildiyini xatırladıb, bu arayışın Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmədiyini söyləyib: “Bu səbəbdən müayinə üçün o, GATA-ya aparılacaq”.

52 yaşlı Ağcanın Ankarada 1-2 gün qalandan sonra adı açıqlanmayan bir tanışının İstanbulda kirayə tutduğu villaya köçəcəyi bildirilir.

Onun İstanbuldakı Çırağan Sarayında keçirəcəyi mətbuat konfransı üçün bir çox ölkədən 150 jurnalist Türkiyəyə gəlib.

Qeyd edək ki, 1979-da Türkiyənin “Milliyet” qəzetinin baş redkatoru Abdi İpəkçini qətlə yetirən Ağca 5 ay sonra yaxalansa da, 1 ay sonra həbsxanadan qaçıb. Bir neçə cinayətdə adı hallanan Ağca Bolqarıstanda gizlənib. 1981-ci il mayın 13-də Roma Papasına sui-qəsdi təşkil edib, tutularaq ömürlük həbsə məhkum olunub. 2000-ci ildə əfv edilərək Türkiyəyə gətirilib, ömürlük həbs cəzası 36 illik həbslə əvəzlənib. Onun həbsxanada xristianlığı qəbul etdiyi barədə xəbərlər yayılıb.

Məmməd Əli Ağcaya çoxlu, sənədli film, kino, serial və kitabla bağlı təkliflər var. Avropa və ABŞ-ın çox tanınmış prodakşn şirkətləri ona filmə çəkilmək üçün təkliflər yollayıb.
# 845

Oxşar yazılar