Dünya ilə məzələnən Ağca...
18 yanvar 2010 10:00 (UTC +04:00)

Dünya ilə məzələnən Ağca...

Abdulla Çatlı, Ələddin Çakıcı, adlarının sadalanması uzun vaxt aparacaq Türkiyənin və türkün gizli qoruqçuları sayılan insanlar. Adları müxtəlif cinayətlərdə hallandı, millət naminə yapdıqları işlər sadalandı, bu günün “Kurtlar vadisi”ndə obrazları axtarıldı, bəziləriylə müqayisələr aparıldı. Həbsdən qurtulması təkcə Türkiyənin deyil, bütün dünya xəbər agentliklərinin, yazılı və elektron mətbuatının, televiziyalarının önəmli xəbərinə çevrilən Mehmed Əli Ağca da bu sevdalılardan biridi. Ancaq onun taleyi digərlərindən fərqli oldu… O, canlı əfsanədir!

Sənədlərdəki Ağca

1958-ci il yanvar ayının 9-da Türkiyənin Malatya bölgəsində doğulan Mehmed Əli Ağcanın adı İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin 2-ci kursunda oxuduğu 1976-cı ildən Türkiyədə baş verən olaylarda hallanmağa başladı. 1979-cu ildə “Milliyyət” qəzetinin baş redaktoru Abdi İpəkçiyə qarşı sui-qəsddə ittiham olundu və 6 aylıq həbsdən sonra ülküçü Abdulla Çatlının təşkil elədiyi əməliyyatla həbsxanadan qaçırılıb, Bolqarıstana keçirildi. Mehmed Əli Ağca 1981-ci il may ayının 13-də Roma Papası II İohan Pavelə sui-qəsd etdi. Atdığı güllələr qurbanını yaralasa da, Papa qurtula bildi. Dünya katoliklərinin başçısı sui-qəsddən 4 gün sonra onu bağışladığını deyərək, 1983-cü ildə həbsxanada ziyarət də elədi. Ağca 1986-cı ildə başa çatan məhkəmə prosesindən sonra İtaliyada ömürlük həbs cəzasına məhkum edildi və 2000-ci ildə əfv olunaraq, Türkiyəyə təhvil verildi. Abdi İpəkçinin qətli və həbsxanadan qaçdığı üçün barəsində çıxarılan ölüm cəzası 10 illik həbslə əvəz edildiyindən, cəzasını çəkərək, 2006-cı ildə sərbəst buraxıldı. Türkiyə Ədliyyə Nazirliyinin təkrar şikayəti nəticəsində yenidən həbsə alınan Ağca bu gün – 2009-cu il yanvar aynın 18-də azadlığa çıxdı.

Papanın fəxr elədiyi adam

Türkiyə də daxil, bütün dünya Ağcaya qarşı çox özəl bir münasibət sərgiləyib. Əgər Mehmed Əli Türkiyədə “dərin dövlət” üçün işlər yapan bir fədai, ülküçü cəngavər və keçmiş günlərdən qalan sonuncu millətçi kimi sevilirsə, Avropanın ona marağının kökündə bu adamın Qərb insanı üçün qeyri-standart görünən hərəkətləri, əcaib-qəraib açıqlamaları, düşmən də olsa, mərd və qəribə düşmən olması dayanır. Mən indi cənnətdə olan Roma Papasının 1983-cü ildə İtaliya həbsxanasında cəlladını ziyarət eləyərkən Ağcanın və rəhmətliyin üzünün ifadəsini olduğu kimi xatırlayıram. Elə pıçıldaşırdılar, elə bil iki il əvvəl biri qurban, o biri cəllad deyildi. Ağca ona sevgi və şəfqətlə baxır, Papanın isə Tanrının bu yolagəlməz, şıltaq cocuğuyla hətta bir az fəxr elədiyi gözdən qaçmırdı.
Onun qəribəliyini və bu qədər ad-san qazanmasını qətiyyən törətdiyi cinayətlərlə bağlamaq olmaz. Mehmed Əli Ağcanı hamı üçün sirli eləyən onun indiyə qədər adına yazılan cinayətlərin bir qismindən boyun qaçırmasında, digər qismi barədəsə ağzına su alıb susmasındadır. Məsələn, Roma Papasını güllələyəndən sonra düz 128 dəfə ifadəsi alınan Ağcadan İtaliya polisi və məhkəməsi doğru-dürüst bir fikir qoparıb konkret nəticəyə gələ bilmədi, heç indi də gələ bilməyib. Sui-qəsdlə bağlı sorğu-suala çəkilən Abdulla Çatlı demişdi ki, Ağcanı bu əmələ sövq eləyən Bolqarıstanın xüsusi-xidmət orqanlarıdır. Papalığa gələndə kommunistlərin birinci düşməni kimi tanınan Pavelin hətta SSRİ DTK-sının göstərişi ilə gülləbaran edildiyi də ehtimal olunurdu. Ancaq nə edəsən, işin həqiqiliyini bilən Mehmed Əli Ağcadan həqiqi olan bir kəlmə belə qopara bilmədilər. Həqiqətdən savayı hər şey danışdı…

Dünya bir teatrdır, bizsə aktyor

Mən Mehmed Əli Ağcanın dünya və insanlarla məzələndiyi qənaətindəyəm. Bəli, bəli, Mehmed Əli Ağca özünün əslində, 1981-ci ilin dünyasında, 1981-ci ildəki zamanda qaldığını çox gözəl bilir və bu həqiqətlə nazlı bir qadınla flört eləyən kimi əylənir. Bu illər ərzində onun tay-tuşları, onun dövrünün qəhrəmanları get-gedə qloballaşan dünyanın qurbanına çevrildilər, yaxud keçmişlərini unudaraq bu günlə ayaqlaşmağa çalışdılar, Mehmed Əli isə bu acı və sərt həqiqətlərdən həbsxana divarlarıyla qoruna bildi. İndi artıq Türkiyədə erməni terrorundan cana gələrək Abdulla Çatlı kimi Avropanın göbəyində 5 ASALA üzvünü qanına qəltan eləyənlərin, türk millətinə qarşı istifadə olunacaq silah alverində iştirakına görə küçənin ortasında kiminsə başına güllə sıxanların işi çox zordu. Mehmed Əli Ağca bunu da bildiyindən, bu dünyaya həqiqətən bir teatr kimi baxır. Ağca bir açıqlaması, bir fikriylə dünyanın dev dövlətlərinin məmurlarını, o boyda Roma Katolik kilsəsinin yekə-yekə dinbaşılarını necə dilləndirə bildiyini görür və özünün 21-ci əsrin insanları üçün unikal bir Adəm Övladı olduğunu anlayır. Məhz buna görə gah İsanın Tanrıdan hamilə qalan anası Müqəddəs Məryəm haqqında heç kimin bilmədiyi sirri bildiyini, gah “İtaliyada katolik olmam üçün mənə 50 milyon dollar, azadlıq və kardinallıq vəd etdilər, ancaq İtaliyada katolik olmaqdansa, gedib Afrikada meymun olmağı üstün tutaram” deyir, gah “xristianlığı qəbul edəcəyəm” söyləyir, gah da “İncil”i təzədən yazacağam” deyir…

Estetik dəyər olan Ağca

Bu gün Ağca XXI əsr üçün daha çox estetik bir dəyər kəsb eləyir. Bəziləri bu estetik dəyərdən yaxşı para qazanmaq, bəziləri sənət əsəri yaratmaq, bəziləri sadəcə, onu mənəvi bir xəzinə kimi qorumaq istəyindədirlər. Mehmed Əli Ağca bütöv qərinədir ki, ismi çəkiləndə istər-istəməz türk və Türkiyənin də xatırlandığı məşhuri-cahan olan bir zatdır. Dünyanın ayrı-ayrı millətləri çox terrorçular yetirdilər, çox cinayətkarlar bəslədilər. Ancaq Mehmed Əli Ağca yapdığı cinayətlərə baxmayaraq, hətta düşmənləri tərəfindən də hörmətə və ehtirama layiq birisi oldu. Bunun sirri bir tərəfdən türkün və türk milliyyətçiliyinin mahiyyətində, onun mənəvi və etik qurallarındadırsa, digər tərəfdən də bu adamın özünün qeyri-ordinar, heç kimə bənzəməyən şəxsiyyətindədir. Ona görə də, Mehmed Əli Ağcann həbsdən çıxmasıyla biri onu əsgərliyə aparmaq istəyir, digəri əlində “dəli” kağızı olduğunu bildirərək, bunun qanunsuz olduğunu deyir, başqa birisi, kinoya çəkmək arzusunu dilə gətirir, qeyrisi xatirələrini dərc eləmək niyyətini açıqlayır. Ağca isə yenə bir-birindən fərqli açıqlamaları ilə danışır, yazır… Əslindəsə, yenə susur… Çünki bu dünyayla bir nazlı qadınla flört eləyən kimi əylənir və özünün keçmişin adamı olduğunu dönə-dönə xatırlayaraq, bunun həzzini çıxarmaq istəyir.

İlham Tumas
ilham_tumas@mail.ru
# 714

Oxşar yazılar