Türkiyə və Rusiya arasında viza rejimi ləğv olunacaq
14 yanvar 2010 21:15 (UTC +04:00)

Türkiyə və Rusiya arasında viza rejimi ləğv olunacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı iki ölkə arasında viza rejiminin ləğv edilməsi üçün fəaliyyətə başlanılması qərara alınıb.


Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Moskvada öncə prezident Dmitri Medvedyev, sonra baş naziri Vladimir Putinlə görüşüb. Baş nazirlər təkbətək və geniş heyətlə görüş keçirdikdən sonra ziyafətdə iştirak ediblər.


Ziyafətdən sonra keçirilən mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin 35 milyard dollara çatdığını söyləyən Rəcəb Tayyib Ərdoğan yaxın 4 il ərzində bu həcmin 100 milyard dollara çatacağına inandığını dilə gətirib. Vladimir Putin replika ataraq, “5 il ərzində” deyib. Türkiyənin baş naziri isə 4 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması yönündə tərəflərin iradəsi olduğunu vurğulayıb. Rəcəb Tayyib Ərdoğan qarşılıqlı iqtisadi yatırımların da genişləndirilməsini zəruri sayıb.


Vladimir Putin Rusiya şirkətlərinin Türkiyədəki özəlləşmə proseslərində iştirakı arzuladıqlarını nəzərə çatdırıb. Vladimir Putin qeyd edib ki, keçirilən görüşlərdə Türkiyənin kənd təsərrüfatı və balıqçılıq məhsullarının Rusiyaya idxalı müzakirə olunub. O, iki ölkə arasında gömrük məsələsi ilə bağlı problemlərin də arxada qaldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar