Balkan müharibələri: türk xalqının soyqırımının 100 ili - TARİX
21 oktyabr 2012 12:30 (UTC +04:00)

Balkan müharibələri: türk xalqının soyqırımının 100 ili - TARİX

2012-ci il... 1912-ci ildə Balkanlarda müharibənin alovlanmasından düz 100 il keçir. Bu müharibə bütün Avropanın, ilk növbədə Balkan yarımadasında coğrafi və siyasi tarixin formalaşması üçün müstəsna əhəmiyyət kəsb edib. Həm Türkiyədə, həm də Balkan dövlətlərində müharibənin 100 illiyi ilə bağlı tədbirlər keçirilir: bəziləri rəsmi bayram proqramları tərtib edirlər, digərləri isə xatirə tədbirləri düzənləyirlər. Bu tədbirlərin bir-birinə zidd olan xarakteri bir sual yaradır: Balkan müharibəsini bayram etmək, yoxsa sadəcə xatırlamaq lazımdır? Bununla bağlı, Balkan müharibələrinə zəmin yaradan səbəbləri, eləcə də onun nəticələrini düzgün dərk etmək lazımdır.

XIX əsrin Balkanı və Rusiyanın siyasəti

1912-ci il Balkan müharibələrinə üz tutmamışdan öncə, müharibələrin başlamasına səbəb olan XIX əsr situasiyasını nəzərdən keçirmək lazımdır.

Rusiya 1853-cü ildən başlayaraq, Misir valisi Məhəmməd Əli paşanın üsyanından sonra zəifləyən Osmanlı imperiyası üzərində ağalıq etmək cəhdlərindən əl çəkərək imperiyanın parçalanmasına yönəlmiş siyasət yürütməyə başlamışdı. O zaman Osmanlı imperiyası barədə «xəstə adam» ifadəsi işlədilirmiş. Rusiya yaranmış vəziyyətdən istifadə edərək, Böyük Britaniyaya imperiyanı bölüşdürməyi təklif edir. Amma Böyük Britaniya təklifi rədd edir. Krallıq belə güman edir ki, Osmanlı imperiyasının yaşaması onun maraqlarına daha çox uyğun gəlir. Çünki imperiyanın qorunması şərqdə Britaniya müstəmləkələri, ilk növbədə Hindistanla kommunikasiyaların təmin edilməsinə müsbət, Rusiyanın Aralıq dənizinə çıxmaq imkanlarına isə mənfi təsir göstərəcəkdi. Bu səbəbdən Britaniya Balkanlarda mövcud balansın qorunmasında maraqlı idi. Fransa dünyada katolizmi müdafiə etdiyindən, Rusiya isə pravoslavlığın maraqlarını yaydığından, Rusiyanın Fransa ilə sövdələşməsi də baş tutmur. Beləliklə, Rusiya Osmanlı imperiyasının bölünməsi istiqamətində təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır.

XIX əsrdə xristianların hüquqları problemi

Osmanlı imperiyasını parçalanmaq yolu ilə Aralıq dənizinə çıxmağa can atan, amma müttəfiqsiz qalan Rusiya öz məqsədinə çatmaq üçün Osmanlı dövlətinin tərkibində yaşayan xristianlardan istifadə edir və imperiyanın sərhədləri çərçivəsində yaşayan pravoslav xalqlarının hüquqlarının müdafiə olunmasını tələb edir. Osmanlı imperiyasının Rusiya ilə razılığa gəlməməsindən, eləcə də İsa peyğəmbərin doğulduğu yerdə tikildiyi iddia edilən Vifliyemdəki kilsənin pravoslav xristianların nəzarətinə verilməsindən imtinasından, Rusiyanın isə Valaxiya və Moldovanı işğalından sonra 1853-cü ildə Krım müharibəsi başlayır.

Krım müharibəsinin 1912-ci ildəki Balkan müharibələrində yeri

Böyük Britaniya, Fransa, Sardiniya krallığı və Osmanlı imperiyasının ittifaqından narahat olan və təklikdə qalan Rusiya Fransa inqilabının təsiri altında, bütün slavyan xalqlarının birləşməsini hədəfə götürən panslavyanlıq cərəyanının köməyi ilə 1875-ci ildə əvvəlcə serblərin, sonra isə çernoqoriyalıların üsyanını təşkil edir. Beləliklə, Balkan dövlətlərində yaranan doktrina sonradan 1912-ci ildə Balkan müharibələri üçün zəminə çevrilir.

Sardiniya krallığı Krım müharibəsində iştirak etmək üçün qoşunlarını göndərərək İtaliyanın birləşməsi yolunda sürət yığır. Yeni yaranan İtaliya Krallığı müstəmləkə müharibəsinə qoşularaq Tripolitaniyanı tutur. Bu da öz növbəsində 1912-ci il Balkan müharibələrinin başlamasına gözəl imkanlar açır.

Osmanlı imperiyası 3 il davam edən Krım müharibəsindən qalib kimi ayrılsa da, imperiya ciddi itkilər verir. Çünki hərbi xərcləri ödəmək üçün götürülən borc dövlətin ödəmə qabiliyyətindən xeyli yüksək olur. Sonradan Osmanlı dövlətinin bu borcu Avropa dövlətlərinin Osmanlı imperiyası üzərində maliyyə nəzarətinin yaradılmasına və imperiyanın faktiki olaraq yarımmüstəmləkəyə çevrilməsinə səbəb olur. Bütün bunlar Osmanlı imperiyasının Balkanlarda vergi yükünü artmasına gətirib çıxarır. Çünki imperiya borcun faizini ödəmək qabiliyyətində olmur. Vergi yükünün artırılması isə Balkan yarımadasında üsyana gətirib çıxarır və 1876-cı ildə Balkanlarda böyük üsyan üçün zəmin yaradır.

Balkan yarımadasında 1876-cı il üsyanı

Sultan I Abdulməcidin dövründə həddən artıq maliyyə xərcləri, artıq ənənəyə çevrilmiş xarici borclar və Krım müharibəsi zamanı xarici dövlətlərdən pul alınması son nəticədə ona gətirib çıxarır ki, 1874-cü ildə Osmanlı imperiyası maliyyə iflası ilə üz-üzə qalır. Avropa qarşısında nəhəng borcları ödəyə bilmək üçün Osmanlı dövləti Balkanlarda vergiləri artırır və bu da Balkan xalqlarının narazılığına səbəb olur.

Dəniz sahilində yerləşən, türk və qərb dünyasına açıq olan Çərkəz dövlətinin strateji əhəmiyyətini anlayan Rusiya, dəniz sahilində və ya dənizə yaxınlıqda yaşayan müsəlman icmasının təsirini zəiflətməyə və hətta məhv etməyə can atırdı. Osmanlı dövlətinin Şimali Qafqazdan gələn müsəlman əhalisini qəbul etməsi üçün birgə mühacir komissiyaları yaradılır. Çərkəzlər, abazinlər və adıqlar (adıgeylər) isə məcburi olaraq Şimali Qafqazdakı tarixi yaşayış yerlərindən Osmanlı dövlətinə sürgün edilirlər. Osmanlı imperiyası təxminən 493 min mühaciri əvvəlcə Qara dəniz sahilindəki ərazilərdə yerləşdirir. Amma bu ərazilərdə epidemik xəstəliklərin yayılması və ölüm faizinin artmasından sonra mühacirlər Balkan yarımadasına köçürülür. Mühacirlərin xristianların yaşadığı ərazilərə köçürülməsi ilə bağlı, onları yaşayış yerləri ilə təmin etmək zərurəti ortaya çıxır. Beləliklə, Balkanlarda yerli xristianlarla mühacirlər arasında düşmənçilik başlayır. 1876-cı ildə bolqarların üsyanı zamanı mühacir çərkəzlərlə bolqarlar arasında silahlı toqquşmalar baş verir. Üsyan yatırılır. Avropada isə yerli bolqarların öldürülməsi ictimai rəyi yaranır və bolqarlara qurban kimi baxmağa başlayırlar.

Bolqarlardan sonra serblər üsyan qaldırırlar və Avropa yenə də serbləri qurban sayır. Rusiya yaranmış vəziyyətdən istifadə edərək serb ordusuna kömək göstərir. Tezliklə Osmanlı imperiyasına qarşı döyüşən bu ordunun sıralarında rus əsgərləri peyda olur. Osmanlı imperiyası Balkandakı problemləri sülh yolu ilə həll etməklə bağlı böyük dövlətlərin təklifini rədd edir. Rusiya isə Paris sülh razılaşmasında təsbit olunmuş Qara dənizin neytrallaşdırılması bəndinin qanuni qüvvəsini tanımadığını bəyan edir. Böyük Britaniya Rusiya və Osmanlı imperiyası arasında yeni müharibənin başlayacağından narahat olaraq, London konfransı keçirir. Osmanlı imperiyası həmin konfransda təklif olunan protokolu dövlətin daxili işlərinə qarışmaq kimi dəyərləndirərək, rədd edir. Beləliklə, bütün səylərə baxmayaraq, “93 müharibə” kimi tanınan növbəti rus-türk müharibəsi başlayır.

Balkanlarda türk soyqırımı: 93 müharibə

Rumıniya və Bolqarıstanın müstəqillik tələbi ilə yanaşı, milli azlıqların üsyanı yaranmış problemlərin, Rusiyanın qərbə və cənuba doğru genişlənmək siyasətinin nəticəsi olur. Balkan müharibəsinin özünəməxsus məşqi olan və panslavyanlıq cərəyanı üzərində başlayan rus-türk müharibəsi Balkanlarda türk xalqının soyqırımına gətirib çıxarır. İşğal olunan ərazilərdən qaçan türk və müsəlman əhalisi daha təhlükəsiz saydıqları ərazilərə köçür. Plevnanın mühasirəsi başa çatandan sonra bolqarlar şəhərə girirlər və bütün yaralı türkləri qətlə yetirirlər. Müxtəlif mənbələrdə qaçqınların sayının 130 mindən 1,5 milyona qədər olduğu göstərilir. Qaçqınlar Osmanlı imperiyasının nəzarətində olan ərazilərdəki məscidlərə, dini məktəblərə, adi vətəndaşların evlərinə sığınırlar. Bu da son nəticədə Osmanlı imperiyasının iqtisadiyyatına təsir edir.

93 müharibədən sonra imzalanan və çox sərt şərtləri olan San-Stefan sülhündən sonra Osmanlı imperiyası üçün daha məqbul sayılan Berlin traktatı imzalanır. Bu razılaşmalar nəticəsində Balkanların coğrafiyası tamamilə dəyişir. Türk və müsəlman əhalisinin soyqırımı və mühacirəti nəticəsində Balkanlarda türk əhalisinin sayı ciddi şəkildə azalır, Rusiyanın dominantlığı isə artır. Güman edildiyinə görə, Balkan yarımadasından 1,5 milyon adam mühacirət edib. Balkanlardakı türk kəndləri qarət və məhv edilir, türk əhalisi isə işgəncə ilə öldürülür. Kamal Karpatın bildirdiyinə görə, yarımadadan 1,5 milyon adam qaçqın düşüb və bu zaman 300 min nəfər qətlə yetirilib. Amerika mənbələrinə görə, müharibələr zamanı 400 min türk öldürülüb, 1 milyon adam isə qaçqın düşüb. Britaniya mənbələri də bu soyqırım barədə məlumat verirlər. Həmin məlumatlara görə, kəndlərdən birində 170 evdən 96-sı və 1 məktəb, digər kənddə 120 evdən 13-ü, 1 məktəb və 1 məscid yandırılıb. Elə həmin mənbələrə görə, Bolqarıstandakı Qazanlıq yaxınlığındakı Muflis kəndində rus və bolqarlardan ibarət qrup qaçmaq istəyən 100 türkü qətlə yetirib.

Beləliklə, 93 müharibə tarixdə dönüş nöqtəsinə çevrilib və ilk dəfə olaraq türklər Balkanlarda milli azlığa çevriliblər. Bu vəziyyət 1912-ci il Balkan müharibələrinə kimi davam edib. Həmin dövrdən sonra isə Osmanlı dövlətinin Balkanlardakı mövcudiyyətinə son qoyulub.

1912-ci il Balkan müharibələri

Bolqarıstan, Serbiya, Çernoqoriya və Yunanıstan 200 batalyondan (75 min canlı qüvvə) ibarət Osmanlı qoşununun Balkanlardan çıxarılmasından istifadə edərək 1912-ci ildə Balkan müharibəsinə başlayırlar. Onlar Balkanlarda toqquşmaların qarşısını almaq şüarını əldə rəhbər tutaraq, türklərin Balkan yarımadasında mövcudiyyətinə son qoymağa çalışırlar.

Əgər həmin müharibələrin türklərin və müsəlmanların Balkanlardan tamamilə çıxarılması və ərazidə türk mövcudiyyətinin məhv edilməsi xarakteri daşıdığı nəzərə alınsa, baş verənləri müharibə deyil, soyqırım adlandırmaq üçün bütün əsaslar var. Bu günün özündə də şərqdən qərbə, şimaldan isə cənuba qədər həmin dövrün qaçqınlarının nəslinə rast gəlmək olar. Onlar soyqırım günlərini və vətənlərindən didərgin salındıqlarını qan yaddaşlarında saxlayırlar.

"Turksam", Özlem Süslüoğlu


Hazırladı: Kamal Gürşad
# 3389

Oxşar yazılar