Qadın  evinə girən   yad kişi ilə evləndi
26 oktyabr 2023 13:49 (UTC +04:00)

Qadın evinə girən yad kişi ilə evləndi

ABŞ-da bir qadın evinə səhvən girən yad kişiyə aşiq olub və onunla evlənib.
 
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Nyu-York ştatından olan 29 yaşlı Ketrin Conston gələcək həyat yoldaşı Maykl Constonla 2016-cı ildə tanış olub. Mayın 8-də qadın ziyafətə gedib və gec qayıtmağı planlaşdırdığı üçün bacısından giriş qapısını bağlamamasını istəyib. Ketrin səhər tezdən evə girəndə qonaq otağındakı divanda sərxoş bir qəribin yatdığını görüb.

“Əvvəlcə bunun bacımın dostu olduğunu düşündüm. Telefonumdakı fənəri yandırdım və kişinin üzünə tutdum və kim olduğunu anlamağa çalışdım”, - o deyir.
 
Qadın bacısını oyadıb və o, qonaq çağırmadığını deyib. Daha sonra onlar küçəyə qaçaraq polisə müraciət ediblər. Bir neçə dəqiqə sonra evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Mayklı həbs ediblər. Bacılar kişiyə qarşı evə qanunsuz daxil olmaqda ittiham irəli sürüblər. Mayklın fotosu yerli qəzetdə dərc olunub.
 
Ertəsi gün Ketrin baş verənləri dostlarına danışıb. “Dostlarımdan biri onu tanıdığını dedi. Sonra başqaları mənə onunla dost olduqlarını, yaxşı oğlan olduğunu söyləməyə başladılar və məndən ona qarşı ittihamları götürməyimi istədilər”, - o deyib.
 
Bacılar Maykla qarşı ittihamları götürdükdən sonra o, evlərinə çiçəklər və davranışına görə bütün ailədən üzr istədiyi qeydlə gəlib. 35 yaşlı kişi həmin gün çox sərxoş olduğunu və gecələmək üçün həmkarının evinə getdiyini düşündüyünü deyib.
 
Ketrin baş verənlərin səhv olduğunu anlayıb və Mayklı bağışlayıb. Tezliklə onunla yaxınlaşıb və bir il sonra onunla münasibət qurub. 2020-ci ildə Maykl Ketrinə evlilik təklifi edib və üç il sonra onların Mila adlı qızı dünyaya gəlib.

“Bu, gözəl və axmaq hekayədir, onu unikal edən də budur. Mən heç nəyi dəyişməzdim və düşünürəm ki, bu, sevgimizi daha da gücləndirir. Həyat yoldaşım gözəl insandır və ona sahib olduğum üçün çox şanslıyam. Biz bir-birimizə sahib olduğumuz üçün çox şanslıyıq”, - Ketrin vurğulayıb.
 

# 5607
avatar

Oxşar yazılar