30 il yol kənarında yar gözləyən dəli ozan - Dərdli Əziz və "Qaragözlüsü"
24 avqust 2022 18:37 (UTC +04:00)

30 il yol kənarında yar gözləyən dəli ozan - Dərdli Əziz və "Qaragözlüsü"

Mardində dildən-dilə dolaşan bir əfsanə var. Dərdli Əziz və Qaragözlüsünün eşq hekayəsidir bu.

Lent.az qəribə ömür hekayələri silsiləsindən bu maraqlı hekayəni sizlərlə paylaşır.

1929-cu ilin iyul ayında Şəhmus və Fatma İşıkhanların evində  bir oğlan doğulur, göz nurlarının adını Əziz qoyurlar. 20 yaşında gəncliyin gətirdiyi o ilham, o çırpıntılarla Əziz könlünü bir qıza verir. Onun adını hər kəsdən gizli saxlayıb, şəninə şeirlər qoşur, "Qaragözlüm", deyə bəhs edir ondan.

Qısa zamanda Əzizin qara sevdaya tutulması barədə söhbətlər bütün Mardini başına alır. Atasından qalmış mirasını “Qaragözlü”sünün yolunda fəda edər. Amma kimsə o ismi-pünhanın kim olduğunu bilməz. Bir neçə dəfə qızın evinə elçi getsə də, “yox” cavabı alıb həyatdan küsər. Sazının tellərindən qopan yanıqlı türkülərini, könlündən gələn şeirlərini Qaragözlüsünə, onun həsrətinə ithaf edər.

Günlərin birində “Qaragözlü”sünü ailəsi alıb başqa şəhərə köçər. Qız xəbər göndərər Əzizə: “İzmirə apardılar məni, gözlə gələcəm”.  

Qaragözlüsü istəmiş, Əziz gözləməzmi?

O gündən sonra Mardinə girən avtobus yollarında bitər qalar, hər gələn qonağı Dərdli Əziz adıyla tanınan dəli ozanın nisgilli  türküləri qarşılayar. Düz 30 il yol gözləyər, gələn- gedən avtobuslara, avtomobillərə boylanar, dibində keşik çəkdiyi palıdla birlikdə yaşlanar Dərdli Əziz, amma getməz, yorulmaz.  “Saçları ağarmış gəlsin, beli bükülmüş gəlsin, dişi tökülmüş gəlsin, amma gəlsin Qaragözlüm” deyərək oxumuş, gözləmiş  ozan Əziz, Dərdli Əziz.

Əqrəb zəhəri və balqabaq tumu sataraq, türkü oxuyaraq dolanıb. Ömrünün sonuna qədər evlənməyən Əziz hətta ən yaxınlarına belə sevdiyinin kim olduğunu söyləməyib, adını könlünə yazıb.

Dərdli Əzizin ömrü 1989-cu ildə başa çatdı. Ölümündən 2 il öncə ayaqları tutulub, yeriyə bilməyib, daha yol ayrıcına çıxıb yollara baxa bilməyib. Onu görmək istəyənlər Mardində “Qala arxası” deyilən yerə gedər, nakam aşiqin yanıqlı səsini dinləyib kövrələrdilər.

1987-ci ildə “Qala arxası” siyasi səbəblərlə yasaq bölgə elan edilir və o gündən kimsə Dərdli Əzizin səsini bir daha eşitmir. Əsəb xəstəliyinə tutulur, kimsəylə danışmır, dinmir, sadəcə, susur. Amma heç kimə bir zərəri dəymir...

Və günlərin birində Dərdli Əziz səssiz-sədasız çəkir ömür karvanını bu dünyadan. Ömrünü sevdası uğruna qurban eləmiş Dərdli Əzizin məzarını da 30 il yol gözlədiyi palıdın dibində, yol kənarında qazırlar. Sonralar bu yerdə böyük məzarlıq yaranıb. 

İndi Dərdli Əzizin  məzarı Mardində aşiqlərin ziyarətgahına çevrilib. Ayrılmaq istəməyən cütlüklər onun məzarı üstündə Allaha dua edərlərsə, xoşbəxt olacaqlarına inanırlar.

Bax beləcə, bu dünyadan bir nakam aşiq keçdi. Özü getdi, adı qaldı. Adına istəsəniz vəfa deyin, istəsəniz dəlilik. Bu da bir ömür idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4314
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar