Böyük Manipulyator
33-cü hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
SEÇKİ KAMPANİYASININ PULLARI
Makronun seçki kampaniyasının komandası ağır təzyiq altındadır. 2017-ci ilin mart ayının sonunda jurnalistlər hələ ki, ancaq bir şeylə maraqlanırlar: Makron heç bir partiyadan deyil – nə sağçılara aiddir, nə də solçulara. Bəs onun prezidentliyə namizədlik kampaniyasının pulları haradan və necə gəlir? Və ən başlıcası, bu kampaniya neçəyə başa gəlib? Mart ayının 25-də mətbuat işçilərindən biri Qrequar Devo e-mail vasitəsi ilə belə bir sual verir: “İsmael, Silvan, hər şeyə “ok” demək olarmı? Axı jurnalistlər rəqəm tələb edirlər. Onlara rəqəmləri olduğu kimi necə göstərə bilərəm?”. Sonra bu qəribə və təəccüblü e-mail vasitəsilə onu da öyrənirik ki, kampaniyaya keçirilən pulların ümumi məbləği 11 milyon avro olub, ancaq təklif olunub ki, bu rəqəmi azaltsınlar: “... Mətbuata deyərsiniz ki, ümumi məbləğ ancaq 10 milyon avrodur!”. Belə çıxır ki, orta ianə 250 avro olub. Amma bunu jurnalistlərə söyləmək olmaz: “Biz belə şeyləri heç kimə demirik”, – deyə kampaniyadan xəbər gəlir. Komandanın bütün üzvləri, xüsusilə İsmael Emelien iddia edir ki, “orta ianə” cəmi-cümlətanı 50 avro olub. O dəqiqə hiss olunur ki, kampaniya üzvləri Fransada çoxunun “varlıların namizədi” adlandırdığı Makronun imicini qorumaq istəyirlər. Paralel olaraq iddia olunur ki, 5000 avrodan yuxarı ianə verənlərin sayı cəmi-cümlətanı 631 nəfərdir. Bu da ümumi məbləğin cəmisi 1,7 faizini təşkil edir. Burda yenə də varlıların kampaniyanın büdcəsində oynadıqları rolun əhəmiyyətini azaltmağa cəhd olunur. İki ildən sonra JDD jurnalı sayəsində məlum olacaq ki, kampaniya zamanı 5000 avrodan çox ianə verənlərin sayı 913 nəfər olub və onların müqabilində kampaniyanın xəzinəsinə nə az, nə çox, düz 6,3 milyon avro pul keçirilib, yəni ümumi məbləğin 48 faizi!.. Pis deyil. Heç kəsdən gizli deyil ki, rəqəmləri necə gəldi dəyişmək olar. Kampaniyanın xəzinəsi ilə məşğul olanlar, bu teoriyadan istifadə etmək üçün “fake news” dövrünü gözləmədilər. Hiss olunur kampaniya zamanı Makronun komandası yaxşıca kef eləyib. Mart ayının 14-ü ilə 27-i arasındakı e-mail mübadiləsində, kampaniyaya keçirilən “ümumi ianə” e-mail göndərənin əhval-ruhiyyəsindən asılı olaraq, 8 milyonla 11 milyon arasında qalxıb enir... Sonradan dövlət mətbuat katibi keçən Benjama Qrivo Makronun kampaniyasının mətbuat xidmətinin direktoru Sibet Ndaya belə bir sual verir: “Sibet, sən özün demədin ki, Kristianın (Kristian Darnyat – kampaniya zamanı ianəyə nəzarət edən adam) razılığı ilə bütün jurnalistlərə 8 milyon deyəcəyik?”. Cavab birmənalıdır: “Bəli, tamamilə doğrudur. 8 milyon, 9,3 milyon yox... Biz ən aşağı rəqəmi deməliyik...”. Göründüyü kimi bu adamlar utanıb qızarmadan, ianə statistikasını istədikləri kimi dəyişirlər. Bu məsələdə qaranlıq qalan digər bir şey də var: JDD jurnalının yazdığına görə, Emmanuel Makronun komandası siyasi kampaniya[1]ların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiyaya (CNCC[1]FP) hesabatında bildirib ki, seçki kampaniyasına 74 702 nəfər şəxs ianə verib. Çox qəribədir ki, mart ayının sonunda, bu rəqəm yalnız 35 000 idi... Göründüyü kimi bu rəqəmlər qətiyyən bir-birinə uyğun gəlmir, buqədər böyük fərq heç vaxt ola bilməz! Ona görə heç də təəccüblü deyil ki, niyə Ədliyyə Nazirliyi bu ianələri dərindən yoxlamağa qərar verdi. Bundan sonra 2018-ci ilin noyabrında Paris prokurorluğu ilkin istintaq işinə başladı – müstəntiqlər, xüsusilə 2017-ci ildə "Hərəkətdə!" hərəkatına köçürülən 144 000 avronun haradan gəldiyini araşdırmağa başladılar. Ancaq bu istintaq heç bir nəticə vermədi – halbuki qanuna görə bu məsələ bütün incəliklərinə qədər araşdırılıb xalqa çatdırılmalıydı. Neynəmək olar... bu, Makronun seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı yeganə müəmmalı məsələ deyil...
Ardı var...