“Media məni axmaq kimi təqdim edirdi” - Böyük Manipulyator
12 fevral 2025 16:30 (UTC +04:00)

“Media məni axmaq kimi təqdim edirdi” - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

15-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

LONDONDAN ÜÇÜNCÜ ADAM

Fərid Belkaçemi ilə Aleksandr Benallanın dostluğu çox maraq doğurur. Onlar bir-birlərini çox yaxşı tanıyırlar, özü də çoxdan. Hələ 2012-ci ildə Benalla Arno Monteburqun cangüdəni olanda, bu iki nəfər bir neçə ay ərzində tez-tez görüşmüşdülər. Və onu da unutmaq lazım deyil ki, mətbuatda yazılanlardan fərqli olaraq, Benalla Sosialist Partiyasındakı xidmət şəbəkələri sayəsində nazir Arno Monteburqun cangüdəninə çevrilmir. Onun nazirlik kabinetində tez bir zamanda belə bir “pilləyə qalxmağı” Benalla ilə onun keçmiş rəhbəri Fransua Hollandın yaxın dostu Erik Plümer arasında ciddi mübahisə yaradır. Məsələ burasındadır ki, bir neçə nazirliyin yerləşdiyi Solferino küçəsində hamının yaxşı tanıdığı Plümer heç cürə qəbul edə bilmir ki, niyə mühafizə xidmətinin başqa təcrübəli üzvləri dura-dura məhz onun keçmişdə qanadının altına aldığı gənc və təcrübəsiz Aleksandr Benalla nazirin cangüdəni olur?

“Mən bu xəbəri sonradan bildim, o, artıq rəsmi olaraq Arno Monteburqun cangüdəni təyin olunandan sonra. Mən çox narazı qaldım. Aleksandrla görüşüb ondan tələb elədim ki, mənə bu məsələni izah etsin. Mən Aleksandrı çoxdan tanıyırdım və onunla yaxın idim. Sonra aramız kəsildi, neçə illər ondan xəbərim olmadı”.

Erik Plümer onu da xatırlayır ki, “2017-ci ilin payızında Aleksandr artıq Yelisey sarayında olanda, özü mənimlə yenidən əlaqəyə girdi. O vaxt mənim vəziyyətim yaxşı deyildi, məni nazirlər kabinetindəki işimdən qovmaq istəyirdilər...”.

Bundan başqa, Arno Monteburqun özünün ilk dəfə dediklərindən fərqli olaraq, Aleksandr Benalla onun nazirlikdəki kabinetində bircə həftə yox, üç ay qaldı və keçmiş nazirin sözlərinə əsasən, yol hərəkəti qaydalarını kobud şəkildə pozub hadisə yerindən qaçdığına görə nazirlikdən uzaqlaşdırıldı… Məhz o zaman – 2014-2015-ci illərdə – Aleksandr Benalla Velours International şirkətinin filialı olan Velours özəl kəşfiyyat qrupunun əməkdaşına çevrilir. Bu şirkət banal bir cangüdənlər şirkəti deyil, onun missiyaları daha genişdir. 2018-ci ilin oktyabrında Benalla yarızarafat, yarıciddi demişdi ki, “o vaxt media məni iri əzələləri olan, ancaq başında heç nə olmayan axmaq bir ərəb gədəsi kimi təqdim edirdi”.

Onu da qeyd edək ki, hər şeydən əvvəl bu şirkətin Əlcəzairlə yaxın əlaqəsi var. Əvvəllər dediyimiz kimi onun rəhbərlərindən birinin – keçmiş fransız polis məmuru Uali Aberkanın əsli Əlcəzairdəndir. Bundan başqa, Velours şirkətinin müştərilərindən biri Issad Rebrabın Cevital qrupu idi. Məhz elə bu səbəbdən, Aleksandr Benalla franko-mərakeşli olmasına baxmayaraq, Əlcəzairi çox yaxşı tanıyır.

“O çox asanlıqla istənilən adamı inandıra bilirdi ki, onun əsli Əlcəzairdəndir. Təbii ki, bu yalan idi. O mənimlə Əlcəzair haqqında daha çox danışırdı, nəinki Mərakeş haqqında. Le Monde qəzetində onun çıxardığı hoqqalar haqqında məqaləni oxuyandan sonra mən başa düşdüm ki, onun əsli Mərakeşdən imiş”, – deyə onu tanıyanlardan biri bizə etiraf etdi.

Digər dumanlı bir element də var: 2015-ci ilin sonunda, Velours Mərakeşdə filial müəssisə açır. Velours MENA adlanan bu şirkətə Aleksandr Benalla ilə Joze Buyye rəhbərlik edirlər. Joze Buyye kim olsa yaxşıdır? Vaxtilə Arno Monteburqun cangüdənlərindən biri, özü də keçmiş jandarm! Bu məsələdən sonra, medianın bütün diqqəti Mərakeşə tərəf döndü. Lakin Əlcəzairdə Emmanuel Makron keçmiş sosialist nazirinin, xüsusilə İssad Rebrab və onun ətrafındakıların şəbəkələrindən istifadə etdi. Aleksandr Benalla da təbii ki, onlara yaxın idi...

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar