Böyük Manipulyator
37-ci hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
HAKİMİYYƏTDƏ OLAN HOMOSEKSUALLAR HOLLANDDAN NARAZIDIRLAR
Bütün siyasi partiyalar arasında müzakirə olunan, ancaq heç kimin hələ ki, real bir çıxış yol təklif etmədiyi bu məsələdən Makron prezident seçkiləri zamanı dördəlli yapışacaq. Ona görə də Respublikanın homoseksual şəbəkələri bunun müqabilində gənc namizədin zəif damarını – onun heç bir partiyanın üzvü olmaması problemini – hamıya unutdurmağa çalışacaqlar.
“Hollandın yanında olanda, o, hər şeyi dərindən təhlil etdi, hər şeyə diqqətlə nəzər yetirdi və məqam düşən kimi Hollanddan narazı olanları ətrafında səfərbər etdi”, – deyə Makronun köhnə dostlarından biri onun strategiyasını təhlil edir.
2017-ci ilin fevral ayında Lion şəhərindəki seçicilər qarşısında, Makron Şarl dö Qoldan tutmuş Fransua Mitterana qədər bütün prezidentlərə istinad edərək barokko stilində uğurlu bir çıxış edir. Bir neçə gündən sonra isə o, homoseksualların jurnalı “Tetu”ya müsahibə verir. Ancaq bununla da kifayətlənmir, bir həftə sonra aylıq Causeur jurnalının baş redaktoru Elizabet Leviyə, eləcə də Le Nouvel Observateur jurnalının mədəniyyət şöbəsinin müdiri Jerom Qarcinə verdiyi müsahibədə dönə-dönə vurğulayır ki, bəs Hollandın dövründə LMPT (eynicinsli cütlüklərin nikahına və onların övlad götürməsinə icazə verən qanuna qarşı çıxan ən böyük nümayişlərin və aksiyaların arxasında duran kollektiv) “təhqir olunub alçaldı”. İndi Makron xoşbəxtdir: sağçı konservatorların hakimiyyətə yenidən gəlməsindən qorxuya düşən homoseksuallar nə sağçıların namizədi Fransua Fiyyona, nə mütərəqqi katolik və ekstremist solçuların namizədi Jan-Lük Melanşona, nə də ekstremist sağçıların qarşısında qırmızı bayraq yellədən frank-masonlara etibar edirlər... Ona görə də belə bir şəraitdə təbii ki, bütün homoseksuallar nə sağçı konservator, nə mütərəqqi katolik, nə ekstremist solçu, nə də frank-mason olan Emmanuel Makronun seçki kampaniyasına üz tuturlar. Makrona da elə bulazımdır. Düzdür, homoseksualları Makronun başqa ideyaları o qədər də maraqlandırmır... amma nahaq, çünki namizəd bütün günü ağız dolusu, ölkədə yeni sosial model yaratmaqdan dəm vurur. Fransanın media, eləcə də iqtisadiyyat dünyasındakı homoseksuallar çevrəsində, demək olar ki, hamı Makronu dəstəkləyir. Məsələn, Sosialist Partiyasının üzvü, bir zaman homoseksualların Tetu jurnalının səhmdarı olan iş adamı Jan-Jak Oqier də Emmanuel Makrona qoşulur. Bu adam bir vaxtlar dostu Fransua Hollandın eynicinsli insanların bir-biri ilə evlənmə azadlığından öz siyasi məqsədləri üçün istifadə etməsini həzm edə bilməmişdi. Bundan başqa, o, Fransua Hollandın seçki kampaniyası zamanı lezbiyenlərə verdiyi sözün üstündə durmamasını da ona bağışlamamışdı. (O vaxt – prezidentliyə namizəd olanda – Holland lezbiyənlərin xoşuna gəlmək üçün onlara söz vermişdi ki, əgər prezident seçilsə, bir-biri ilə evlənən qadınlara süni mayalanma yolu ilə hamilə qalmağa icazə verəcək.) Bu kontekstdə Makron, həmçinin vaxtilə Siyasi Elmlər İnstitutunda onun müəllimi olmuş, ona ENA-ya (Milli Administrasiya Məktəbi) girməsinə kömək edən, 17 000 işçisi olan SOS qrupunun prezidenti və baş direktoru Jan-Mark Borellodan da dəstək alır. Əvvəllər məktəbdə tərbiyəçi olan bu keçmiş pedaqoq, 1980-ci illərdə narkomaniya və HİV-QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) mübarizə aparmaqdan ötəri SOS Drogue International assosiasiyası yaradır. Bir müddət homoseksualların və lezbiyənlərin La Palace adlanan məşhur gecə klubunu direktoru kimi fəaliyyət göstərəndən sonra Borello, 1998-ci ildə əvvəl SOS qrupunun sadə bir işçisi, sonra da həmin qrupun prezidenti olur. Borello təpədən dırnağa kimi sosialistdir. Marsel şəhərinin keçmiş meri Qaston Defferin kabinetinin üzvü olub, özü də Sosial İşlər naziri Jeorjia Düfuaksın yaxın adamıdır. "Hərəkətdə!" hərəkatı siyasi partiyaya çevriləndən sonra SOS qrupunun iki keçmiş işçisi Orelien Taşe və Pakom Rupan bu partiyanın üzvü keçir və bir müddətdən sonra da həmin partiyadan deputat seçilirlər.