12-ci hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
Əbdüləziz Buteflikanın səhhətinin ağırlaşması, onun 2019- cu ildə beşinci dəfə prezident olub-olmayacağının qaranlıq qalması namizəd Makronun Əlcəzairə səfərini bir az dolaşdırır. Çünki bu saat Əlcəzair hakimiyyəti bir neçə klana bölünüb və bu klanlar bir-birini didirlər. Daha dəqiq desək, hazırda hakimiyyətdə olan ərəblərlə ölkənin iqtisadiyyatını əllərində saxlayan kabillər arasında müharibə gedir. Digər tərəfdən, prezidentin qardaşı Səidin başçılıq etdiyi Buteflika klanı nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmaq istəyir. Bəlkə də, elə buna görə Makron prezident olandan sonra Buteflikanın klanı ilə ünsiyyəti azaltdı. Bəzi həmsöhbətlərimizə inansaq bu ünsiyyətin azalması Əlcəzairdə hamının zövqünü oxşamır. “Yaddan çıxarmaq lazım deyil ki, Djurini səfirlikdə əlcəzairlilər Makronun əlinə verdilər”, – deyə onlardan biri replika atır. Yaxşı, bəs Makron əkdiyini biçmir? Seçki kampaniyası dövründə, hələ prezidentliyə namizəd olanda Əlcəzairə səfəri zamanı hamının xoşuna gəlməyə çalışanda, bəyəm gələcək dövlət başçısı odla oynamırdımı? Biz gördük ki, namizəd Makron necə həvəslə FCE (Əlcəzair Biznes Liderlərinin Forumu Təşkilatı) rəhbərliyi ilə görüşdü. Özü də o, çox yaxşı bilirdi ki, FCE Əlcəzairdə müasirliyin simvolu deyil... onu nə Əlcəzairin hökumət orqanlarında baş verən qohumbazlıq, yerlibazlıq, nə də korrupsiya narahat elədi. “Yeni siyasi dünya” yaratmaq istəyində olan namizəd Makron, Aleksandr Djurinin yaxın dostu Əli Haddad başda olmaqla bütün şübhəli adamlarla görüşdü. Həmin gün, həmin səhər, həmin hoteldə, bir az əvvəl Emmanuel Makron başqa bir səhər yeməyində də iştirak edir. Kiçik, məxfi bir görüş. Masanın ətrafında Əli Haddad və Fransua Tuazi. Fotoqraflardan və kameralardan uzaq olan bu görüşü Aleksandr Djuri təşkil etmişdi. Üç fərqli şahidin dediyinə görə, əlcəzairli biznesmen Aleksandr Djuri həmin gün, həmin hoteldə Fransanın gələcək prezidenti ilə görüşüb. Ancaq 2019-cu ilin fevral ayında ona bu sualı verəndə, Aleksandr Djuri seçki kampaniyası zamanı namizəd Emmanuel Makronla görüşməyini boynuna almadı. Bizim sualımıza “heç vaxt” deyə cavab verdi. Sonra da əlavə etdi ki, “mən Tuazini-filanı tanımıram. Kim kimi manipulyasiya edir?”. Bir neçə gün əvvəl Aleksandr Djuri İngiltərə məhkəməsinin onu Fransaya transfer etmək qərarından sonra “France3” telekanalında çıxış etdi. Axırda da bəyan etdi ki, “bu mənim son müsahibəm deyil. Mən saat 20-də canlı yayıma çıxacam. Həqiqət Hərəkətdədir...” (!) Daha sonra Fransa səfirliyindəki o axşamkı qəbulda iştirakına görə Əlcəzairdən “qovulmasından” təəssüfləndiyini bildirdi. Doğrudanmı bu adam Makron prezidentliyə namizəd olanda, onunla görüşmüşdü? “Köhnə ənənələrlə” davam edən siyasəti tənqid edən “yeni siyasi dünya” yaratmağa çalışan bir namizəd üçün belə bir şey skandal olardı. Və ya bəlkə, hamının “Müsyö Aleksandr” çağırdığı bu adam gələcək prezidentlə kontakta girməyə cəhd etmişdi ki, onu bilərəkdən pis vəziyyətdə qoysun? Fransa səfi rliyində keçirilən o başıbəlalı qəbuldan əvvəl, Aleksandr Djuri 2017-ci ilin noyabrında Əbu-Dabi şəhərində Makronla görüşməyə çalışmamışdımı? O vaxt, orada, Luvr muzeyinin açılışı münasibəti ilə təşkil olunan qəbulda Aleksandr Djurinin Makronla görüşməyə can atması uğursuzluqla nəticələnmişdi. “Kim kimi manipulyasiya edir?”, – deyə Djuri çox haqlı bir sual verir. Bu sualın arxasında daha həssas bir sual gizlənir...
Ardı var...