Böyük Manipulyator
30-cu hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
ARVADI ONUN ÜÇÜN NARKOTİK KİMİDİR
Bu ümumi atmosfer, bu zirvələri fəth etmək iştahı, kimlərdənsə intiqam almaq arzusu, bəziləri demişkən, kimlərəsə yanıq vermək istəyi onları get-gedə bir-birinə daha çox bağlayır. Bu cütlük yaxşı tapışıb. Emmanuel Makron hər yerdə təkrar edir ki: “Brijit mənəm... mən də Brijit”. “Onlar iki bədəndə bir qəlbdirlər”, – deyə bu cütlüyün yaxın dostlarından biri rişxəndlə gülür.
Onların başqa bir yaxın adamı ehtiyatla bizə dedi ki: “Brijitin siyasi ambisiyası Emmanuelinkindən daha çoxdur”. Seçki kampaniyası zamanı bunu hamı hiss etdi. Odur ki, onların yaxın çevrəsində olan adamlardan biri daha dəqiq analiz verir: “Emmanuel fenomenini Brijit yaratdı. Onda prezident olmağa həvəs oyadan, ona ilham verən, onda hakimiyyətə istək aşılayan, bir sözlə, onu adam edən Brijit oldu. Onun taleyini də Brijit yazdı. Ona görə də Emmanuel hər şeyə görə ona borcludur...”.
Prezident seçkilərinin birinci turundan sonra Emmanuel Makron, kampaniyasının bütün üzvləri qarşısında arvadına bu sözlərlə təşəkkür edir: “... Brijitə, birinci növbədə həmişə yanımda olan Brijitə təşəkkür edirəm... Onsuz mən, mən olmazdım...”. Onun bu sözlərindən sonra seçki kampaniyasının üzvlərindən biri yanındakına tərəf əyilib istehza ilə pıçıldayır: “Makronun həyatını kim idarə edir? Özü, yoxsa arvadı?”. Həyat yoldaşı çox nadir insanlardan biridir ki, Emmanuel Makron onu, həqiqətən, diqqətlə qulaq asır və ona yüz faiz etibar edir. Hər ikisinin xasiyyəti ağır olduğundan, hər ikisi tərs, ancaq öz dediyini eləyən adam olduğundan, onlar həqiqəti bir-birinin üzünə kobud şəkildə, filtrdən keçirmədən deməyi bacarırlar. Brijit Emmanueli əks etdirən güzgüdür. Emmanuel ona baxıb özünü görür. Arvadı onun üçün narkotik kimi bir şeydir.
Seçki kampaniyasının pərdə arxasında, mərkəzi siyasi rolu əsasən Brijit oynayır. O, ətrafına “dostlarından” ibarət başqa bir kampaniya yığıb, paralel olaraq onlarla da təşviqat aparır. Onun dostları arasında Challenges qəzetinin jurnalisti Brüno Roje-Peti, eləcə də Bertrand Dele kimi siyasətçi var. Teleqram elektron-mesaj platforması vasitəsilə onlar Brijitə hansı strategiyanı tutmaq və necə inkişaf etdirmək haqında məsləhətlər verirlər. Arvadının “dostları” öz qəhrəmanlarının mediadakı imicini qaldırmaq və seçicilərlə görüşlərini planlaşırmaqla məşğul olur. 2016-cı ilin payızında Brijit Makron ərinin öz prezidentlik macəraları haqqında yazıb çapa hazırladığı Revolution (İnqilab) kitabının əlyazmasını dəfələrlə oxuyur, bəzi hissələrini dəyişdirir, bəzi fəsilləri yerli-dibli dəyişib özü bildiyi kimi yazır. Arvadı Emmanuel Makronun bir çox çıxışlarını da necə deyərlər redaktə edir, bəzi hissələrin pozur, bəzi hissələrini artırır.
“Brijit ərinin prezident kampaniyası vaxtı təşviqat sisteminin döyünən ürəyi idi”, – deyə onlara könüllü kömək göstərən seçicilərdən biri etiraf edir. Hətta həddindən artıq vacib və siyasi cəhətdən həssas məsələlərdə belə Brijit şəxsən özü qərar qəbul edir, məsələn, namizədin xarici ölkələrə səfərləri, hansı ölkənin prezidenti ilə nə vaxt görüşməyi, onunla hansı problem barədə danışmağı arvadı ona məsləhət görür. Seçkilərin ikinci turundan sonra Brijit prezident seçilən ərini də yanına alıb axırıncı dəfə seçki kampaniyasının baş qərargahına baş çəkir, kampaniyanın hər bir üzvünə seçkilər zamanı göstərdikləri köməyə görə ayrı-ayrılıqda təşəkkür edir.
Ardı var…