80-ci illərdə Azərbaycan televiziyasında bir teletamaşalar bumu yaşanırdı. Bir-birinin ardınca maraqlı, məzmunlu, baxımlı, öyrədici televizya tamaşaları ekrana vəsiqə alırdı.
Bu dəfə Lent.az-da onlardan biri barədə söhbət açıram - “Günahsiz Abdulla” teletamaşasından. 1984-cü ildə ilk dəfə televiziya ekranında nümayiş olunub.
Abdulla (Mikayıl Mirzə) sakit bir kəndlidir. Günlərin bir günü şərə düşüb, 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı mənəvi əzabları əks olunur. Adam günahsız olduğundan həbsxana əzabı birə beş artır. Gündən-günə onu şərə salana qarşı aqressiyası və qisas arzusu artır. Bir gün səbr kasası dolur və Abdulla həbsdən qaçıb qisas almaq üçün kəndinə qayıdır. Kənddə isə onun yolunu heç kim gözləmirdi. Ailəsi də dağılmışdı, anası dünyasını dəyişmişdi. Abdullanın başqa yolu qalmır, kəndiri salıb boğazına özü özünü boğur. Tamaşa belə bitir. Amma tamaşa. Əslində əsərdə belə sonluq yoxdur.
Əsər barədə daha maraqlı məlumatlar var. Tamaşanın rejissoru Ramiz Həsənoğlu 1981-ci ildə Riqada teletamaşalar festivalında iştirak edəndə Gürcüstandan gələn Tomaz Qodezişvili ilə tanış olub. Əsər barədə Həsənoğluna o, danışıb.
Tanınmış gürcü yazıçısı Mixaeil Cavaxişvili (1880-1937) azərbaycanlıların yaşadığı bölgədə (Kvemo Kartli) doğulub. Gözəl Azərbaycan dili bilirmiş.
Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırıblar.
M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunmuşdu.
Rus və gürcü ədəbiyyatı üzrə Britaniya mütəxəssisi Donald Rayfeld onun yaradıcılığına məqalələr həsr edib, onu Stendal, Gi de Mapassan, Emil Zolya ilə bir tutub. Onun fikrincə, gürcü ədəbiyyatında bir o, bir də Konstantin Qamsaxurdia bu qədər beynəlxalq səviyyəli statusa layiqdir.
Onun demək olar ki, bütün əsərlərində azərbaycanlı obrazı var.
Festivalın bağlanışında Riqa televiziyasında çəkilişlərdə Ramiz Həsənoğlu təklif edib ki, qarşılıqlı təcrübə mübadiləsi olsun, məsələn, gürcü əsərini biz tamaşaya qoyaq, onlar da bizim əsəri tamaşaya qoysunlar. O görüşdən sonra Tomaz Ramiz müəllimə məsləhət görüb ki, Cavaxaşvilinin “Günhasız Abdulla” əsərini oxusun. Deyib ki, siznkilərin həyatından bəhs edir.
“Bakıya dönəndən sonra bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən bu əsəri Gürcüstan televiziyasında, gürcü aktyorları ilə hazırlayım, gürcü rejissoru da gəlib bizim televiziyada dramaturqlarımızdan birinin əsərini tamaşaya qoysun. Təəssüf ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə başlayaq.
Dilsuza təklif elədim əsəri tərcümə eləsin. Tərcümə elədi və finalı dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən qaçıb Mustafanı öldürür. Bunu tuturlar, təzədən mühakimə eləyirlər və sonda bəraət qazanır.
Dilsuza dedim ki, gəl bunu öldürək. Belə də oldu, yadımdadır ki, tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu”.
İlk dəfə musiqidə yalnız insan səslərindən istifadə olunub
Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev:
- Əslində o zaman biz böyük bir iş görəcəyimizi düşünmürdük. Ramiz televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən biri idi. Ondan əvvəl “Topal Teymur” teletamaşasında birlikdə işləmişdik, ikinci işimiz “Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində çoxlu rejissor, aktyor dostlarım vardı. Hərdən qədimi meydan teatrı barədə danışırdılar. “Günahsız Abdulla”nın meydan teatrı üslubunda tamaşaya qoyulması mənə daha maraqlı göründü.
İllər ötür, xatirimdə qalan odur ki, bu teletamaşada çox həvəslə işlədik. Nəticədə çox duyğulu tamaşa alındı. Düşünürəm ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı hazırladı. Yoxsa Mikayıl Mirzədən nə qalacaqdı?
Teletamaşanın baş qəhrəmanı Mikayıl idi. Abdulla rolunu çox gözəl oynayırdı, sanki bu rol ona biçilmişdi.
Dediyim kimi, teletamaşada meydan teatrının ünsürləri vardı, hər şey tamaşaçının gözünün qabağında baş verirdi. Səhnə dəyişəndə belə, gözünün qabağında dəyişirdi. Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata keçirdi. Və o zamankı mütəxəssislərin dediklərinə görə, teletamaşa uğurlu alınmışdı. Alınmasaydı, bunca illərdən sonra biz o tamaşa barədə danışmazdıq.
O ki, qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət ediblər, tamaşanın musiqisində bir dənə də olsun musiqi aləti səslənmir. Hamısı insan səsləridir. Rejissorla belə qərara gəldik ki, tamaşanın musiqisini yalnız insan səsləri ilə həll edək. Əslində dünyanın ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri çoxdur. Bu hikmətin bir daha şahidi olduq və əmin olduq ki, insan səsiylə hətta tamaşanın da musiqisini qurmaq olar.
Tamaşada Abdullaya yerə-göyə sığmayan haqsızlıq edilir. Onu ifadə eləmək üçün çox duyğusal, emosional musiqi lazım idi. Tamaşada xor, duet, solo oxumalar var.
Musiqini çəkilişlərdən əvvəl yazdıq, çünki elə səhnələr var idi ki, musiqinin fonunda çəkilməli idi. Azərbaycan televiziyasının xorunu sərəncamımıza verdilər. Brilyant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı və onu hələ heç kim tanımırdı. Tamaşaya tanınmayan səs lazımdır, əgər belə olmasa, tamaşanın sirri itir, rejissorun məqsədi puç olur. Mahnılardan bir neçəsini Brilyant oxudu, kişi səsləri ilə olan mahnıları məcbur olub özüm oxudum. Çünki müğənni kimi məni kimsə tanımırdı. O üzdən musiqiləri çəkilişdən əvvəl bəstələdim, lentə alındı və ondan sonra çəkilişlər başladı.
Hər dəfə bu tamaşaya baxanda deyirəm, əcəba, bu bizim işimizdirmi? İnsan gənc olanda çox enerjili olur, çox müsbət hislərlə irəli baxdığından əlindən çıxan işlər də elə işıqlı, həyatsevər, enerjili olur”.
“Mən Ramizin kəndirində boğuldum”
Mikayıl Mirzə xatirələrində yazıb: “...Tale elə gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi, gördüm ki, dəhşət bir roldur. Kiçik bir əsərdi, amma burda yerin-göyün günahları var. “Günahsız Abdulla” Azərbaycan televiziya teatrında yaranmış möcüzə tamaşalardan biri idi. Yaradıcısı Ramiz idi...
... Sonda mən özümü boğmurdum, əslində günahlarımı boğurdum. Mən Mustafanı boğduğum kəndiri əlimdə gətirmişdim. Və orda variantlar var idi, özümü nə cür boğum. Birinci dublda kəndir əlimdədir necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə kəndir idi, bir də gördüm kəndir dolanıb ey mənim boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində, Ramiz kəndirində...
“Günhasız Abdulla”dan danışarkən teletamaşanın operatoru Eldar Məmmədovun, rəssam Rəfael Əlizadənin, eləcə də tamaşada iştirak edən Sofiya Bəsirzadə, Hamlet Qurbanov, Ramiz Məlikov, Səidə Quliyevanın adlarını çəkməli, hər bir aktyorun tamaşanın uğurunda payı olduğunu xatırlamalıyıq.
...Üstündən üç onilliyədək vaxt ötsə də, “Günahsız Abdulla” unudulmadı. Yenə baxılar, əgər göstərsələr.
Əsərin müəllifi: Mixail Cavaxişvili
Ssenari müəllifi: Dilsuz Mustafayev
Quruluşçu rejissor: Ramiz Mirzəyev
Quruluşçu operator: Eldar Məmmədov (II)
Quruluşçu rəssam: Rəfael Əlizadə (Rafael Əlizadə kimi)
Bəstəkar: Cavanşir Quliyev
Səs rejissoru: Mikayıl Vəkilov
Operatorlar: Yusif Dadaşov, Əlövsət Aslanov, Elman Aslanov
Rejissor assistenti: Adil Bünyadov
Rəssam: Azər Cəbrayılov
Qrim rəssamı: Aslan Qafarov
Rollarda
Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi)-Abdulla
Hamlet Qurbanov-Hakim
Sofa Bəsirzadə(Sofiya Bəsirzadə kimi)-Zöhrə
Səidə Quliyeva-Fatma
Ramiz Məlikov-Şakro
Şahin Cəbrayılov-I dustaq
İlham Əsgərov-II dustaq
Elxan Quliyev-Keşikçi
Rüstəm Əliyev-Əliqurban
Məzahir Cəlilov-Hüseyn
Fərhad İsrafilov-Mustafa
Mustafa Süleymanov-Kəndli