Xəbər verdiyimiz kimi, sabiq deputat Xanhüseyn Kazımlı bu gün 83 yaşında vəfat edib.
Lent.az “Bioqrafiya” rubrikasında Xanhüseyn Kazımlı haqqında məlumat verir.
- Xanhüseyn Kazımlı kimdir?
- Xanhüseyn Kazımlı birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, həmçinin 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.
- Xanhüseyn Kazımlı harada və nə zaman anadan olub?
- Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.
- Xanhüseyn Kazımlı harada təhsil alıb?
- Xanhüseyn Kazımlı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsindən məzun olub. O, İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilib. Eyni zamanda Xanhüseyn Kazımlı 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir.
- Xanhüseyn Kazımlı əmək fəaliyyətinə harada başlayıb?
- O, 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
Daha sonra o, 1994–1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləyib. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olub. Həmçinin o, Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib.
-Xanhüseyn Kazımlının ailəsi barədə hansı məlumatlar var?
- Xanhüseyn Kazımlının 5 övladı var. O, İpoteka və Kredit Zəmanət Fondunun sədri Fəxri Kazımovun və əvvəllər fəaliyyət göstərmiş Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın atasıdır.
- Xanhüseyn Kazımlı barədə mediada nələr danışılır?
- Xanhüseyn Kazımlı Milli Məclisə V çağırış seçkilərdə öz yerinə qızı Əsli Kazımovanın deputatlığa namizəd olmasını istəyib. Lakin buna nail ola bilməyib.
Mediada yazılan məlumata görə, Xanhüseyn Kazımlı sahibkar Elşən Ələkbərovu aldatmaqda ittiham olunub. Belə ki, o, Elşən Ələkbərov adlı sahibkara 56 000 AZN borclu olsa da, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb.
Daha sonra Xanhüseyn Kazımlı ona məxsus olduğu iddia olunan şirkətlərlə gündəmə gəlmişdi.
“Humay Broyler" MMC - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.
“Barat Kəndli (fermer) Təsərrüfatı” MMC - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, “Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.
“Dəyanət Gələcəyə Baxış” MMC - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.
“Aqroflora” MMC - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.
“Faruz” MMC - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.
- Xanhüseyn Kazımlı nə zaman vəfat edib?
- Xanhüseyn Kazımlı 24 iyul 2025-ci ildə 83 yaşında dünyasını dəyişib.
- Xanhüseyn Kazımlının ölüm səbəbi nə olub?
- Xanhüseyn Kazımlı Parkinson xəstəliyindən vəfat edib. O, uzun müddət müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti ağırlaşıbmış.