Samir Bağırov səhnəyə az çıxsa da, hər çıxışı maraqla qarşılanan müğənnilərdəndir. Hər nə qədər özü haqqında danışmağı sevməsə, yaradıcılıq baxımından tənbəllik etsə, gözdən uzaq olsa da, o unudulmur.
Lent.az “Bioqrafiya” rubrikasında estrada müğənnisi Samir Bağırov barəsində məlumat verir.
- Samir Bağırov harada və nə zaman anadan olub?
Samir Rafiq oğlu Minullin (Minullin, Samir Bağırov tatar əsilli atasının deyil ata nənəsinin soy adından istifadə edir) 21 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub.
- Samir Bağırov harada təhsil alıb?
Samir Bağırov 126 nömrəli orta məktəbdə oxuyub.
1984-cü ildə orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının klassik vokal şöbəsinə daxil olub. Konservatoriyanı bitirdikdən 2 il sonra sovet ordusunda hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edib. Hərbi xidməti Ukraynada başa vurub. 1989-cu ildə Moskvadakı Gnessin State Musical Collage-ində (hansı ki, həmin musiqi akademiyası rus estradasına Filip Kirkorov, Larisa Dolina, Murat Nasirov, Valeriya, Linda kimi ulduzlar bəxş edib) musiqi təhsilini davam etdirir.
- Samir Bağırov ilk dəfə hansı ansambla üzv olub?
İlk dəfə "Qaya" dövlət orkestrində işləməyə başlayıb. Paralel olaraq "Qaya" və "Gülüstan" qrupunda solistlik edib. 1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi "Bakı Payızı-88" müsabiqəsində laureat olub.
- Samir Bağırovun yaradıcılığı ilə bağlı hansı nailiyyətləri olub?
1991-ci ildə keçirilmiş "Yalta-91" müsabiqəsində Samir Bağırov ikinci yerə layiq görülüb. 1993-cü ildə ilk dəfə "Respublika" sarayında solo konsertini keçirib. 2000-ci ildə "Sevgilim" klipi Samirə daha böyük uğur gətirib. Brilliant Dadaşova ilə ifa olunan "Geri verərmi" dueti "Altun Nar" və "Grand" mükafatlarının sahibi olub.
- Samir Bağırov narkotik maddələrdən istifadə edib?
“2010-cu ildə mən nəinki, səhnəyə, həyata qayıtdım. Sanki başqa bir dünyada idim. Həyat yanımdan keçib gedirdi, mən isə demək olar ki, yaşamırdım. Məhz 2010-cu il mənim üçün tək səhnəyə qayıdışdan ibarət olmadı. İndi həyatdayam. Normal insan kimi yaşayıram. Bu, çox böyük bir işdir.
Mən gedəndə səbəbini heç kimə demədim, gizlədirdim. Axı necə deyə bilərdim ki, mən narkotik asılılığından müalicə almağa gedirəm? Tamaşaçılara deyəcək sözüm olmadı. Amma eşitdim ki, gedişimə bir çox səbəblər bağladılar. Guya mən Rusiya şou-biznesini fəth etmək üçün vətənimi tərk etmişəm. Amma əsl həqiqət məndə idi, mənimlə bağlı idi. Mən isə bunu deyə bilmirdim. İnsanları çağırıram, narkotikə qurşanmasınlar, bu, çox qorxulu şeydir!”,- deyə o bir müsahibəsində bildirib.
- Samir Bağırov niyə səhnədə az görünür?
Samir Bağırov tez-tez depressiyadan əziyyət çəkir.
- Samir Bağırova nə üçün səhnənin ekstravaqant müğənnisi deyirlər?
O Azərbaycan səhnəsinə çıxmış ilk qeyri – adi müğənnilərdən biridir. Cinsi oriyentasiyası barədə suala həmişə susur. Səhnəyə hamam xalatında çıxan da odur, qadın görkəmində görünən də.
”Çoxları mənim taxtmı almaq istəyirlər. Bəlkə də hər kəs ən ekstravaqant müğənni olmaq istəyir. Amma ala bilməyəcəklər. Qoy cürət edib, alsınlar görüm.
Mən hələ ki, belə bir adam görmürəm. İndi baxıram bu təzələrə və özüm üçün axtarıram. Görəsən, elə bir müğənni gələcək ki, Samir Bağırovu əvəz edə bilsin? Yoxdur beləsi”, deyə o qeyd edib.
- Samir Bağırovla stilist Samiraldo sevgilidir?
Bu sualın cavabını Samiraldo verərək, çox yaxın dost olduqlarını, bir-birlərini sevdiklərini deyib : “Amma bu sadəcə dostluqdur. Ayrı məna yükləməyə dəyməz”.
- Samir Bağırov evlidir?
57 yaşlı müğənni heç vaxt evli olmayıb.
- Samir Bağırov toylara gedir?
Nadir hallarda toylarda yarım saatlıq çıxış edir. əsasən restoranda oxuyur.
- Samir Bağırovun toy qonorarı nə qədərdir?
Yarım saatlıq çıxış üçün 2500 manat tələb edir.
- Samir Bağırov mentalitetdən uzaq adamdır?
O bu suala belə cavab verib: “Hansı mentalitetdən danışırsınız? Kabel televiziyaları səhərə kimi porno filmlər nümayiş etdirirlər. Amma gözə girən elə mən oluram. Bu, sovet dövründən belə olub”.
- Samir Bağırov estetik əməliyyat keçirib?
Bəli. Dəfələrlə üzündə müxtəlif estetik əməliyyatlar etdirib. Qaş, üz gərdirmə, burun, dodaq əməliyyatlarından keçib.
- Samir Bağırovun haqqında cinsi əməliyyat keçirtməsi barədə şayiələr dolaşıb. O əvvəllər qadın olub deyənlər var. Müğənni bu suala necə cavab verib?
“Danışırlar, əslində mənə xoşdur ki, danışırlar. Çünki var olduğumu xatırladırlar. Amma mövzuların haradan qaynaqlanmasını bilmirəm. Bəlkə də danışan şəxslər istəyirlər ki, mən əməliyyat olunum... Kim bilir, bəlkə də nə zamansa Bülend Ersoy olaram. Təbii ki, bu, zarafatdır. İnanın ki, mənə indi həyatda qadın olmaq lazım deyil. Mən bəlkə də şou-biznes üçün belə bir proyekt işləyib, qadın olardım. Amma sadəcə bir proyekt! Bəlkə də güclü bir sponsor olsaydı, vaxtında mən bu əməliyyata imza atıb, qadın olardım. Sənətim xətrinə bu sensasiyanı edərdim. Fərqi yoxdur, kişi və ya qadın, insanda əsas qəlbdir. Qəlbin isə cinsiyyəti olmur. Əsası odur ki, insan olasan. Kişi ol, qadın ol, amma qəlbində insanlığın olsun” – o deyib.
- Samir Bağırov caduya inanır?
Özünün cavabı budur: “Mənim belə şeylərlə əlaqəm yoxdur. Amma qorxuram”.