Manaf Ağayev kimdir?  - Müğənnilərə ev alan, “blatnoy oğlan”
05 iyul 2024 16:06 (UTC +04:00)

Manaf Ağayev kimdir? - Müğənnilərə ev alan, “blatnoy oğlan”

Lent.az “Bioqrafiya” rubrikasında müğənni,  “Toylar kralı” Manaf Ağayev haqqında məlumat verir

- Manaf Ağayev harada və nə zaman anadan olub?

1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində doğulub. Orta təhsilini Füzuli rayonunda alıb. 

- Manaf Ağayevin ali təhsili var?

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olub. 

- Manaf Ağayev yaradıcılığa nə zaman başlayıb?

İlk albomu 1996-ci ildə işıq üzü görüb. Ən uğurlu nailiyyətlərindən biri 2009-cu ildə “Toylar kralı” adlı telemüsabiqənin qalibi olmasıdır.

- Manaf Ağayevin paxıllığını çəkənlər var?

O, bu suala belə cavab verib: “Var da sözdür? Paxıllığımı çəkən çoxdur. Hamı bilir yaxşı oğlanam, yaxşı kişiyəm, yaxşı dostam, yaxşı ailə başçısıyam və bu danılmazdır, paxıllıq edirlər. Həzm edə bilməyənlər var. Yoxsa kimə nə pislik etmişəm?” 

- Manaf Ağayevə toyda “sən oxuyan deyilsən, sən kişisən” deyilmişdi. Bu ona necə təsir edib?

“Video yayıldı, toyda bir kişi mənə “sən oxuyan deyilsən, sən kişisən” demişdi. İlk dəfə məni görürdü. Efirlərə, saytlara fərqli verdilər. Bakı balaca şəhərdir, hamı hamının haqqında nə istəyirsə o məlumatı toplaya bilir. Kişilik məşq eləməklə əldə olunmur. Gərək qanında, canında, əmdiyin südündə ola. Adam tanıyıram ki, pulu yoxdur, ədasından yanından keçmək olmur. Kişi də var kasıbdır, amma mərddir. Adamlıq pulla olmur”,- deyə Manaf bildirib. 

- Dilindən dost sözü düşməyən Manaf Ağayevin zay əməlinə görə silib atdığı dostları var?

Var. “Mən tutulanda, baxdım  gördüm ki, dost bildiklərimin çoxu adicə şəklimi qoyub paylaşmağa, bir kəlmə “keçmiş olsun” yazmağa qorxdular. Mən dövlətə xəyanət eləməmişdim ki. Bir xəta idi, ona da 15 sutkalıq həbs verildi. Amma mən gəlib sənin ailənə dəstək olardım. Bir şəkil qoyub, bir status yazmağa ürkdün? Bircə Ədalət Şükürov yanıma da gəldi, evimə də gəldi. Sənətdən kənar dostlarım çox var, onları nəzərdə tutmuram, öz camiəmizdən qorxanlar çox oldu. Həmişə onları qorumuşam. Amma gördüm ki, səhv eləmişəm. Sonra fikirləşdim ki, niyə özümü öldürürəm, onların limiti bura qədərdir, bura qədər dostluq edə bilirlər. Mən də hamını özüm kimi görmək istəyirəm. Axı hamı mən ola bilməz. Mən içəridə olanda Orxan Lökbatanlı elə səhəri gün trend olan bir meyxana demişdi. Dost bildiklərim, qoruduqlarım bunu eləmədilər. Mən pul istəmirəm, mal istəmirəm, ailəmə yaxınlaşıb bir kəlmə xoş söz də deyə bilmirdilər? Bəs 15 il alsam, nə edərdilər?”,- deyə müğənni gileylənib.

- Manaf Ağayev nə üçün həbs edilmişdi?

O, şəxsi avtomobili ilə işğaldan azad edilmiş ərazilərə icazəsiz keçdiyi üçün 15 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

- Manaf Ağayev özünü sənət adamı, yoxsa toy müğənnisi hesab edir?

“Həmişə demişəm ki, mən əsl toy müğənnisiyəm. Kim nə iş görür görsün, mən toyxana üçün yaranmışam, səhnə istəmirəm, dünya turu istəmirəm. Özünü əsl sənətdə hesab edənlər də gəlib toy oxuyurlar. Guya bizim sənətdən kim gedib Avropaya çıxa bilir? Xaricə konsertə gedirəm deyənlərin çoxu elə toy oxumağa gedir”,- deyə o bildirib.

- Manaf Ağayev sənət yoldaşlarını evinə buraxır?

Onun fikrincə evə hər adamı buraxmazlar. Dostlarını bağına dəvət edir. Ailəvi gediş-gəlişi olan tanınmışlar Vasif Məhərəmmli, Ədalət Şükürov, Nüşabə Ələsgərli, Afət Fərmanqızıdır.

- Manaf Ağayev xanımını qısqanır?

“Hər insanı evə gətirmək olmaz. O əvvəllər olub. Ona görə yox ki, qısqanıram. Ailəmi, balalarımı yaxşı tanıyıram, ailəmdən arxayın olduğum üçün böyük-böyük danışıram. Kişini kişi eləyən onun ailəsidir”, - deyə müğənni bildirib.

- Manaf Ağayev vəzifəli dostlarından kömək alıb?

“Mənim bir dostum durub deyə bilməz ki, Manaf məndən bir xahiş edib. Vəzifəsi olanlara ancaq bayramlarda zəng edib təbrik edirəm. Acından ölərəm, bir nəfərdən 1 manat istəmərəm. Sadəcə kişi kimi dostluq edirəm. Dost dosta edər, bu ayrı məsələ. Amma ehtiyacım yoxdur. Rəhmətə gedən dostlarımı unutmuram, gedib kənd-kənd gəzib məzarlarına baş çəkirəm” deyib.

- Manaf Ağayev toya neçəyə gedir?

Onun toy qiyməti 5 min manatdır.

- Manaf Ağayevin övladları nə işlə məşğuldur?

Böyük oğlu dövlət işindədir, kiçik oğlu və qızı öz işini qurub. Özü belə deyir: “Üçü də 2 ali məktəb bitiriblər, qırmızı diplomlarla. Çox zaman heç mənim övladım olduqlarını demirlər ətrafdakılara”. 

- Manaf Ağayevin əlavə biznesi var?

Yoxdur.

- Manaf Ağayev hansı sənət dostlarına ev almağa kömək edib?

Afət Fərmanqızı və Samir Piriyevin ev almasına  dəstək olub.

- 60 yaşlı Manaf Ağayev estetik əməliyyat etdirib?

Öz dediyinə görə etdirməyib. Amma köhnə şəkillərinə baxanda göz qapaqlarında dəyişiklik görünür. “Saçımı rəngləmişəm, üzümdə heç nə etdirməmişəm. Estetik əməliyyata pis baxmıram, səhnə adamı özünə fikir verməlidir. Necə olur diş töküləndə diş düzəltdiririk, burun əyridirsə kəsdirmək ayıb olur? Ehtiyac varsa etdirsinlər. Daha bizim o bəzi qadın müğənnilər kimi yox da. Arxasını yığdırır, dodağını başı boyda etdirir”,- deyə o bildirib. 

- Manaf Ağayevin neçə avtomobili var?

İkisi antikvar olmaqla 4  çox bahalı  avtomobili var.

-  Manaf Ağayev geyimlərini harada hazırladır? 

“Geyimlərimə həmişə xüsusi fikir verirəm. Məndə olan paltardan heç kimdə olmamalıdır. Xüsusi kostyumlar hazırladıram. Türkiyədə xüsusi butiklər var ki, mənim üçün geyimlər hazırlayırlar. Geyimlərin üzərində yalnız mənə məxsus olan emblemlər, naxışlar vurulur. Xüsusi fabriklər var ki, onlardan yalnız mənə məxsus geyimlər alıram. Ancaq mənim üçün buraxılır, üstünə adım yazılır”,- deyə o qeyd edib.

- Manaf Ağayevin sənətdən getmək fikri var?

"Mən urvatsız gedənləri görüb həmişə demişəm ki, bu sənətdən gedəndə kişi kimi getmək lazımdır. Hiss etsəm ki, sevənim yoxdur, toyum azalıb, alqış yoxdur, sənətdən gedərəm. Toya şah kimi getməlisən, səni qarşılamalıdırlar. Əgər o olmasa, şəxsən söz verirəm ki, həmən günü sənətdən gedərəm”,- deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 61752
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar