Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir.
“Barıt qoxusu”nun növbəti qonağı Seyidağa Mövsümlüdür. Əslində onun xüsusi təqdimata ehtiyac yoxdur. Seyidağanı kim tanımır ki?
Olduqca maraqlı və şərəfli bir ömür yaşayıb, elə indi də yaşayır. Baxmayaraq ki, bir qədər əvvəl ölüm xəbəri də yayılmışdı. O vaxt bu xəbəri ilk eşidənlərdən biri də mən oldum. Dərhal da aradım...
Həmişəki kimi gur, şaqraq səsi gəldi:
- Kimsə mənim ölüm xəbərimi yayıb, amma yalandı, qardaş! Şükür Allaha, lap yaxşıyam.
Guya ölüm xəbərini eşitməmişəm, məlumatsızam, başqa bir şey soruşub xeyli söhbətləşdik.
Elə o vaxtdan onunla görüşüb dərdləşmək istəyirdim. Amma az sonra avtomobil qəzasına düşdü... Müharibədən bədənində yadigar qalan yarası bir yandan, şəkəri də bir tərəfdən...
Avqustun 31-də isə ad günü idi. Əvvəlcədən özü ilə razılaşmışdıq ki, ta iki dünya bir olsa da, görüşəcəyik. Amma yenə alınmadı. Xəstəlik onu yatağa saldı...
Və nəhayət görüş baş tutdu... Həmkarımız Gülnarə İlham onu APA TV-nin “Ulduz axını”na çəkirdi, mən də Lent.az üçün söhbətləşdim.
Kimdir Seyidağa Mövsümlü?
Tanıtım:
Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.
Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi” “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.
Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S.Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır.
O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub.
Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzyevin təklifi ilə 19 fevral 1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır.
2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb. Hazırda orada öz sevdiyi peşəsi ilə məşğuldur.
Çiynində kamera, əlində silah...
Bu gün bəzən ürək ağrısı, bəzən qüruru hissi ilə baxdığımız müharibə kadrlarını çəkmək ona elə də asan başa gəlməyib. Sağlamlığını itirmək bahasına əldə edib onları. Sözün əsl mənasında canını qoyub.
Qarabağ hadisələri başlayandan kamera çiynində, silah da əlində olub.
İlk dəfə Ermənistandan soydaşlarımızın deportasiyası xəbərindən sonra Azərbaycanın görkəmli alimi Həmid Əliyevlə birgə Allahşükür Paşazadə ilə görüşüblər. Vəziyyəti ona deyib Şeyxin kamerasını götürüblər. Birbaşa Qazax rayonu ərazisindən Ermənistana keçib.
- O vaxt Dövlət Teleradio Komitəsi baş verənləri lentə almaq üçün heç bir iş görmədi. Məcbur olub öz təşəbbüsümlə hadisələrin cərəyan elədiyi yerlərə getdim. Meşələr, dərələr ayağı yalın, başı açıq qaçqınlarla dolu idi. Çox acınacaqlı bir səhnə idi...Bakıya qayıdan kimi çəkdiklərimin surətini çıxardıb dövlət televiziyasına verdim. Çox böyük çətinliklə çəkdiklərimin kiçik bir hissəsini efirə verdilər.”
Bununla başlayıb Qarabağ faciəsini anbaan lentə almağa. Ardınca da meydan hadisələri.
- Mitinqləri efirə vermirdilər. Xalqın tələbindən sonra meydana kameraları gətirdilər. Guya mitinqi efirə canlı verirlər. Öyrəndik ki, xalqı aladırlar. Kameraları yalandan qoyublar, efirə isə başqa şey verirlər. Nəhayət, dekabrın əvvəlində Azadlıq meydanından mitinqin canlı verilməsinə nail olduq. “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları - Nizami Abbas, Zaur Məhərrəmov, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyevlə birgə meydan hadisələrini lentə ala bildik. Rus əsgərlərinin təqibi altında o kadrlar lentə alındı. Onun da nəticəsində “Meydan” filmi yarandı.
“Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü”
S. Mövsümlü xalqımızın tarixindən heç vaxt silinməyəcək 20 yanvar hadisələrinin də canlı şahidi olub, o tarixi anların bir hissəsini kameranın lentinə köçürə bilib.
- Yanvarın 19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycana SSRİ MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji bloku Moskvadan gəlmiş xüsusi təyinatlı “Alfa” qrupu tərəfindən partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət nümayəndələri Rasim Daşdəmirov, Rafiq Zeynalov və digərləri televiziyaya gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə salıb efirə çıxmaq olar. Maraqlıdır ki, həmin gün televiziya rəhbərlərindən heç kəs qalmamışdı orada...Artıq gecə saatlarında bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi. Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq. “Mayak” radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırılar, vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa bilmirdim...
Bəziləri elə bilir ki, həmin vaxt Mirzə Xəzər məlumat yayırdı. Amma biz idik. Məlumatı verəndən beş dəqiqə sonra əraziyə xeyli silahlı əsgər gətirdilər. Bizi tutdular. Hamımız yerə uzandırdılar. Sənədlərimiz yoxladılar. Səhərə yaxın Dubinyak (həmin gün Bakı şəhərinin hərbi komendantı təyin edilib - R.K.) və Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikov televiziyaya gəldilər. Onları müşayiət edən kapitan isə erməni idi. Dedilər ki, radio ilə çıxış etməlidilər. Dedim ki, enerji bloku partlayıb, necə çıxış edəcəksən? Erməni qışqırdı ki, səsini kəs, siz türklərin hamısını qırmaq lazımdır! Qalxdılar yuxarı. Həmin gün ilk dəfə Dubinyakın məlumatı oxundu...
Seyidağa bəy deyir ki, həmin vaxt televiziyanın rəhbərliyi kameraları bağlı otaqda saxlayırmış.
Yanvarın 18-dən kameralar olan otaqlar bağlı idi. Televiziyanın proqram direktoru Məmmədəli Zülfüqarov qoymurdu kamera götürməyə. Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım...O zaman kasetlərin çoxunu faciə ilə bağlı filim hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora. Əksəriyyəti qohum-əqrəbasını axtarırdı...
Bir azdan xalq şairi Bəxtiyar Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın xalq şairidir. Ovçinnikov onda dedi ki, “əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!”. Həmin gün Bəxtiyar müəllim radioda çıxış etdi.
Bəxtiyar müəllim radio ilə elan edib ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağrılır, bütün deputatlar gəlib iştirak etsinlər. Yanvarın 21-i S. Mövsümlü xalq artisti Zeynəb Xanlarovanın verdiyi kamera ilə çəkiliş aparıb, Ali Sovetin sessiyasını, şəhidlərin dəfnini çəkib...
“Avtomatı başıma dirəmişdilər”
Həmsöhbətim Azərbaycan Müdafiə Nazirliyinin ilk rəsmi batalyonu olan - Şıxov batalyonun yaradanlardan biri olub. Qarabağın müdafiəsində döyüşüb, bir-neçə dəfə yaralanıb. Şəhid olan döyüşçülərin adını çəkir; Əliyar Əliyev, Allahverdi Bağırov, Şirin Mirzəyev, “Cin Mübariz”, Həsən Qorxmaz...
Deyir laçınlı balası “Cin Mübariz” doğma yurdunu tərk etməyib. Sona qədər düşmənlə vuruşub, sonra Mehdi Hüseynzadə kimi qumbara ilə özünü partladıb, bu zaman xeyli düşməni də məhv edib.
1992-ci il, fevralın 19-da mərhum generalı Zaur Rzayevin və Müdafiə Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Ramiz Duyğunun təklifi ilə silahı yenidən kamera ilə əvəzləyib.
Fevralın 26-da səhər işə gələndə Ramiz Duyğun ona deyib ki, Xocalıda faciə baş verib. Amma rəsmi orqanlar 2 nəfərin öldüyü haqqında məlumat yayılıb. Ağdama getmək lazımdır. Amma kamera olmayıb. Dövlət Televiziya Komitəsinin sədri Məmməd Muradın tapşırığı ilə ona kamera verməyiblər. Bundan sonra AMİP sədri Etibar Məmmədova müraciət edir. Onun verdiyi “Sony” markalı kamera ilə fevralın 26-sı, səhər saat 11-12 radələrində S.Mövsümlü vertolyotla Ağdama uçur. Və...
- Ağdam Xocalıdan canını sağ qurtarıb qaçan insanlarla dolu idi. Kimi yaralı, kiminin əl-ayağı don vurmuş... Dəhşətli səhnə idi. Dərhal bu kadrları lentə almağa başladım. Xocalıdan gələnləri ağdamlılar və Allahverdi Bağırov qəbul edirdi. Onları xəstəxanalara, evlərə yerləşdirirdilər. Mən Allahverdi Bağırova dedim ki, çəkiliş aparmalıyam. Onunla Qarağacı qəbiristanlığına gəldik. Əsgəran postunda ermənilərin komandiri Vitalik Baqdasaryanla görüşdü Allahverdi bəy. Vitalik mənim getməyimə icazə vermək istəmirdi. Allahverdi Bağırov ona dedi ki, “mənim əsgərimdir, gəlməlidir”. O, Vitalikə dedi ki, bu faciəni siz törətmisiniz! Vitalik dedi ki, yox, bunu ruslar edib. Biz onların ardınca gəlmişik. Avtomatı dirəmişdilər başıma ki, artıq-əskik hərəkət eləməyim! Əsgəran körpüsunü keçəndə gördüm ki, orada xeyli Azərbaycanlı meyiti var. Hamısının da başı kəsilmişdi. Ermənilər kəsilmiş Azərbaycanlı başlarını yabaya keçirdib yol qırağına düzmüşdülər...İrəli getdikcə, daha dəhşətli səhnələrin şahidi olurdum. Sağımız, solumuz qız-gəlinlərin, uşaqların, qocaların cəsədi ilə dolu idi...Nələr görmədim orada?! Bir qədər də Naxçıvanik kəndinə tərəfə gedib meyitləri yığmağa başladıq. Mən də çəkirdim...Əlif Hacıyevin, Aqil Quliyevin meyitlərini biz tapdıq. Sən demə, ermənilər Əlifin cəsədini axtarırmışlar, amma tapa bilməyiblər.
Seyidağa bəy deyir ki, fevralın 26-dan, ta martın 7-ə qədər Ağdamda qalıblar. Çəkdikləri lentlərin üzünü Ağdamda Mədəniyyət Evində şair-publisist German və digər ağdamlıların köməyi ilə köçürüblər.
Qeyd edək ki, həmin gün Türkiyənin TRT kanalının əməkdaşı İrfan Sapmaz və azərbaycanlı jurnalist Ağası Hun da baş verənlərin bir hissəsini lentə alıblar.
Sonda onu da xatırladaq ki, Seyidağa bəy başda olmaqla Çingiz Mustafayev, Fəxrəddin Şahbazov, Tahir Qarayev, Nizami Abbas, Şakir Eminbəyli, Şakir Məmmədov, Ədil Arifoğlu, Babək Quliyev, Fikrət Qafarov, Ağdamlı Mətləb, Yevlaxlı İlham və adını çəkmədiyimiz xeyli operatorlarımız müharibə ilə bağlı çox qiymətli kadrlar çəkiblər.
P.S. Heydər Əliyev Fondunun dəstəyi ilə Pribaltikalı jurnalist Ricard Lapaytesin “Xocalı günəliyi” əsasında Xocalı soyqırımı barədə sənədli filim çəkilib. Həmin filmdə S. Mövsümlünün çəkdiyi unikal kadrlardan istifadə edilib.