“Bax, bu oğlanların 25 nəfəri elə ordaca minaya düşüb öldü...” - MÜSAHİBƏ
07 iyun 2013 17:07 (UTC +04:00)

“Bax, bu oğlanların 25 nəfəri elə ordaca minaya düşüb öldü...” - MÜSAHİBƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da “Kəşfiyyatçının xatirələri” adlı layihəsi başa çatdı. Həmin silsilədə müxtəlif döyüşlərdə igidlik göstərən döyüşçülər haqda söz açılır, müharibə dövrünün dəyərlərindən danışılırdı. O döyüşçülərdən şəhid olanlar da olub, yaralı, ya sağ qayıdanlar da. Müharibədən qayıdan həmin keçmiş döyüşçülərin indiki həyatı necə keçir? O illəri necə xatırlayırlar? Rey Kərimoğlu ilə müzakirələrdən sonra qərara aldıq ki, bu da yazılmalıdır. “Barıt qoxusu” rubrikasında ilk qonağımız isə Qarabağ müharibəsinin ən gərgin anlarını fotolentə köçürmüş təcrübəli fotomüxbir Əli Qafarovdur. Bu gün – iyunun 7-də onun 70 yaşı tamam olur...

 

Bu dünyada hamıya bir gözlə baxmaq heç də asan məsələ deyil. Çünki insanlara bir gözlə baxmaq düzgünlük, obyektivlik, meyarıdır. Bunu da qorumaq həmişə çətin və qəliz məsələ olub. Amma o, baxıb. Ən azından düz 40 il... Daha doğrusu, həyatda elə sənət seçib ki, insanlara bir gözlə baxası olub. Di gəl, bunu sona qədər davam etdirə bilməyib. Yeni texnologiya bir çox məsələlərdə olduğu kimi, burada da insanın xoş missiyanı yarımçıq qoyub.

 

Foto sənətini deyirəm. Əvvəllər fotoqraflar çəkdikləri obyektə sol gözlərini qıyıb, fotoaparatın balaca deşiyindən-sağ gözləri ilə baxaraq şəkil çəkirdilər. Amma yeni model fotoaparatlarda monitor var deyə, ta gözünü yummağa, hamıya bir gözlə baxmağa ehtiyac yoxdur. Düzdür, yeni model, rəqəmsal, monitorlu fotoaparatları bəyənmir, lakin arada istifadə edib.

 

Qarabaği çəkən “Zenit”

 

Tale elə gətirib ki, bu bəstə boylu, ağ saçlı, üzü nurlu kişi fotomüxbir olub. Biz Qarabağda-cəbhədə ona öz aramızda Əli bəy deyirdik. Yox, bu dahi Üzeyir Hacıbəylinin Əli bəyi deyil! Bizim Əli bəydir, Əli Qafarov...

 

Onunla balaca, kommunal tipli bir otaqlı mənzilində görüşdük. Zəng edib ad günü ərəfəsində gələcəyimizi deyəndə “Nə əziyyət çəkirsiniz...” - dedi. İstəmirdi bizə əziyyət versin. Yaşadığı binanın həyətinə çıxıb özü qarşıladı bizi...

 

Əli Qafarov əslən bakılıdır. 1943-cü ildə, iyunun 7-də, İkinci Dünya Müharibəsinin ağır vaxtlarında, “Kömürçü meydanı” yaxınlığındakı ata yurdunda dünyaya göz açıb. Bütün ömrünü fotomüxbirlik sənətinə həsr edib. Əvvəlcə “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan idmançısı” qəzetlərində çalışıb. 1992-ci ildən “Xalq ordusu” (sonra adı dəyişilərək “Azərbaycan ordusu” oldu) qəzetində və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Sənədli filmlər kino-telestudiyası”nda çalışıb. Qarabağ müharibəsinin və ordu quruculuğunun xeyli anlarını öz barmaqları ilə tarixin lent yaddaşına köçürüb. 2006-cı ildən təqaüdə çıxıb. Bilirsiniz nə qədər pensiya alır Əli Qafarov? Bu barədə sonda...

 

Uşaqlıqdan fotoya həvəsi, sevgisi olub. Elə bu səbəbdən də hələ sovetlər vaxtı-1963-1967-ci illərdə hərbi xidmətdə olanda da fotoqraf olub. Arada bir neçə günlüyə Bakıya məzuniyyətə gələndə özünə “Fed-2” markalı fotoaparat alıb. 1969-cu ildə isə rəhmətlik qardaşı Əhməd Qafarov o dövrün ən populyar və çoxlarının həsəd apardığı “Zenit” markalı fotoaparat alaraq ona hədiyyə edib.

 

Otuz ilin yoldaşı

 

İndi evdə divardan bizə boylanan, bir vaxtlar isə Əli bəyin ondan ölkəyə, Qarabağa boylandığı həmin “Zenit” fotoaparatını bizə göstərir:

 

- Bununla düz 30 il yoldaşlıq etmişəm. Heç vaxt məni naümid qoymayıb!

 

Hə, bu o fotoaparatdır ki, Əli bəylə birgə bütün Qarabağ müharibəsini keçib. Bu gün də onunladır. Mənzilində, iş masanın yanından divardan asıb. Elə boyunu sevir ki, elə bil iki balası Namiqin və Zamirin boyunu sevir. Necə altı nəvəsi ilə fəxr edirsə, bax o “Zenit”lə də eləcə fəxr edir. Arada bizim fotomüxbirimizin əlindəki rəqəmsal və çox bahalı fotoaparata baxıb “Zenit”ini tərifləyir Əli bəy:

 

- Onlar fərli bir şey deyil! Mənim də var, iki min manat verib almışam. Odu ey, qalıb evdə. Sən get onunla Murovda bir şəkil çək görüm, necə çərisən! Çəkməz, donar, amma bu - “Zenit”i göstərir - çəkib, yenə də çəkər.

 

Fotomüxbirimiz Ramil bu gümüş saçlı fotoqrafla mübahisə etmir, ancaq di gəl, dilini də dinc qoymur:

 

- Əli müəllim, o “Zenit” 500 surətlə çəkir, amma bu 8000 surətlə çəkir ey...

 

Əli kişi dediyinin üstündə durur...Siqaretdən dərin bir qullab vurub, əli ilə tüstü dumanını havada oyan-bu yan edib gülümsəyir və şirin bakılı ləhcəsi ilə əlavə edir:

 

- Dedim sənə, apar qəytər də onu...

 

Və bizə göstərmək üçün çıxarıb stolun üstünə tökdüyü yüzlərlə şəkillərin arasından birini tapıb göstərir:

 

- O, “Qrad”ın ard-arda çıxan iki mərmisini bu keyfiyyətlə çəkə bilər?

 

Ağlıma gələn ilk sualla araya mən girirəm:

 

- Əli müəllim, heç bu fotoaparatla gözəl qızları, xanımları çəkmisinizmi?

 

“Bu nə yersiz sual idi gəldi ağlıma?”, - deyə öz-özümü qınadım. O isə gülümsəyərək cavab verdi:

 

- Eh! O qədər çəkmişəm ki, gəl görəsən! 1 may paradını, buraxılışları, - dərhal da mətbəxdəki xanımına tərəf baxaraq astadan əlavə etdi:

 

- Əşşi, qoy oturmuşuq, məni işə salma, sən allah!

 

Növbəti sualın yerdir, deyəsən:

 

- Ömür-gün yoldaşınızı necə, onu da ilk dəfə fotoaparatın obyektivindən görmüşünüz?

 

Səhv etmirəmsə, məni başından eləmək xətrinə cavab verir:

 

- Yox, onu elə belə görmüşəm...

 

Bir az dərinə getmək istəyirəm, lakin qocaman fotomüxbir imkan vermir:

 

- Eh, elə bilirsən bilmirəm nə demək istəyirsən? (Gülür...)

 

Bu dəfə şəkillərin arasından bir disk çıxardır və televizorda baxmaq üçün DVD-yə qoyur.

 

- Bunu 50 illiyimdə Rahib Qəribov (İndi ANS televiziyasında “Marş” verilişinin aparıcısı - R.K.) hazırlayıb. Nizami Abbas çəkib. Balaca bir filmdir.

 

Birlikdə təxminən 7-8 dəqiqəlik filmə baxırıq. Maraqlı hazırlanıb.

 

Yenidən söhbətimiz Qarabağdan düşür, cəbhə bölgəsində çəkdiyi şəkillərdən, rastlaşdığı hadisələrdən danışır.

 

“İlk dəfə insan ölümünü Qarabağda gördüm”

 

- Müharibədə də o qədər şəkil çəkmişəm ki! Elələri var, çəkmişəm, amma sonra şəhid olublar. İndi özləri yoxdur, amma fotoda, lentlərdə qalıblar... İlk dəfə insan ölümünü Qarabağda gördüm. Gözümün qarşısında elə oğlanlar yaralanıb şikəst olub, həlak olub... Bir dəfə Ağdərənin Çıldıran kəndi istiqamətində döyüş gedirdi (ayağa durub 50-60 əsgərin cərgə ilə gedən yerdə çəkilmiş bir fotosunu göstərir – R.K.) bu fotonu orada çəkmişəm. Bu uşaqların öndə gedənlərdən 20-25 nəfəri minaya düşərək şəhid oldu. Çox dəhşətli səhnə idi... Allah göstərməsin...

 

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin ağ-qara fotosunu göstərərək:

 

- Bilirsən nə oğul idi! Şəhid oldu...

 

O, adətən cəbhə bölgəsinə hərbi jurnalist İbrahim İbadoğlu ilə gedib. Mən də onları 1992-ci ildə Ağdamda, Şirin Mirzəyevin yaratdığı batalyonda bir yerdə görmüşdüm. Bu arada həmkarlarını, iş yoldaşlarını xatırlayır:

 

- İbrahim İbadoğlu, Nizami Abbas, Rahib, Üzeyir Cəfərov, Seyidağa Mövsümlü, Rəşid Faxralı, Knyaz Aslan, Şəmistan... Şəmistanın (hərbi diktor, vətənpərvərlik mahnılarının müəllifi Şəmistan Əlizamanlı - R.K.) iki şəkli var məndə, özünə verməmişəm hələ.

 

- APA TV-də “Müharibə adamı” adlı bir layihədə çalışırıq. Ver aparım verim özünə.

 

- Yox, vaxtı var, özünə verəcəm(Gülür)

 

- Xatalı şəkil deyil ki?

 

- Yox, yox, adi şəkildir, sadəcə, ona sürpriz edəcəm.

 

Bu yerdə Əli bəyin o zamanlar iş yoldaşlarından biri ilə etdiyi, ancaq başqasından eşitdiyim bir zarafatını xatırlamağın öz yeri var.

 

Günlərin bir günü iş yoldaşları ilə növbəti dəfə cəbhə bölgəsinə ezamiyyətə gediblər. Həmkarlarının birinin “xatalı” bir şəklini çəkib. Həmin şəkildən 20 ədəd çıxarıb qoyub evə. Üstündən bir müddət keçəndən sonra iş yerində uşaqların kefinə yeyib-içmək düşəndə şəkli çıxarıb həmin adama göstərib. Heç kəsə göstərməməyin müqabilində həmin həmkarı dostlara babat bir qonaqlıq verir. Bu iş bir neçə dəfə təkrarlanır. Artıq bütün kollektiv bilir ki, yeyib-içmək lazım olanda Əli bəyin yanına getmək lazımdır. Deyilənə görə, qonaqlıq verməkdən bezən həmin dostu bir gün təmtəraqlı bir ziyafət verərək şəklin neqativini birdəfəlik alıb Əli bəydən...

 

“Qan rəngli lentdə yox, ağ-qara lentdə daha effektli alınırdı”

 

Onunla qandan da danışdıq. Müharibədə, torpaqlarımızın müdafiəsi zamanı tökülən şəhid qanından.

 

- Əli bəy, müharibə deyəndə ilk növbədə adamın gözünün qabağına qanlı səhnələr, insan cəsədi gəlir. Şəhid, qazi qanı necə görünür obyektivdən?

 

- Adi halda insanlar hədəfə iki gözlə 180 dərəcə bucaq altında baxa bilir, amma fotoobyektivdən 90 dərəcə altından görünür.

 

- Bu nə deməkdir, yəni az görünür, yoxsa daha dəqiq görünmək deməkdir?

 

- Daha dəqiq görmək, yəni obyektiv məhz fokuslandığı yeri çəkir, lentin yaddaşına köçürür.

 

- Siz bir vaxtlar ağ qara, sonralar isə rəngli lentlərdən istifadə etmişiniz. Maraqlıdır, müharibəni, qanı hansı daha real yadda saxlayır?

 

- Qan rəngli lentdə yox, ağ-qara lentdə daha effektli alınırdı.

 

Xeyli arxivi var Əli Qafarovun. Adi, sadə vətəndaşdan tutmuş Heydər Əliyevə qədər xeyli maraqlı və məşhur insanları çəkib. Hərbi gəmidə dalğalanan milli bayrağımız olan bir şəkli göstərib deyir:

 

- Yadda qalan günlərdən biri də SSRİ dağılandan sonra hərbi gəmilərin Azərbaycan tərəfinə təhvil verilməsi prosesi idi. Saytda yaymaq üçün elə əlamətdar fotolardan bir qismini mənə verir.

 

- İndi nə işlə məşğulsunuz?

 

- O vaxt çıxarmadığım şəkilləri seçib yavaş-yavaş çap etdirirəm, arxivləşdirirəm. Oğlanlarım bir hissəsini disklərə köçürüblər. Açığı, çox incimişəm. Neçə illərdir bunlarla heç kəs  maraqlanmır. Bunlar mənim deyil ey, xalqımızındır də. Sahib çıxan yoxdur bunlara. (Yeşiklərə yığılmış minlərlə lenti göstərib yana-yana davam edir) Vallah, arada istəyirəm od vurub yandırım bunların hamısını! Evdən-evə köçəndə bir böyük qutu lentim itdi. Bu yaxınlarda, yenə sağ olsunlar, Azərbaycan Fotoqraflar Birliyindən maraqlandılar. Birliyin sədri Mirnaib müəllim (Mirnahib Həsənoğlu) gəlmişdi. Yüzə yaxın şəkil verdim. Bundan sonra bir az ruhlanmışam. Ona görə də şəkilləri seçib arxivləşdirirəm. Gələcək nəsillərə lazım olacaq.

 

Sənətkar onu da bildirdi ki, fotomüxbirlik təhsil almaqla olmur, gərək bu işə içindən istəyin, sevgin olsun! Bir də istedadın!

 

1998-ci ildə “Caspian Trans Co Inc” Okanv’ Erkan Tapan şirkətinin maddi dəstəyi ilə onun və həmkarı İsgəndər Hacı tərəfindən hazırlanan fotoalbom nəşr olunub. Bu fotoalbomda Ə.Qafarovun yaradıcılığının 10 ili əks olunub - 1988-1998-ci illər.

 

Ölümlə üz-üzə

 

Əli Qafarov da digər hərbi jurnalistlərimiz kimi Qarabağ müharibəsində dəfələrlə ölümlə üz-üzə gəlib. Amma danışmaq istəmədi...Dedi, birini Knyaz yazıb, İbrahimin “Sərkərdə” kitabında var. Tanınmış jurnalist Knyaz Aslan danışır ki, bir dəfə onlar - “Xalq ordusu” qəzetinin müxbirləri (Knyaz Aslan, Vaqif İsaqoğlu, İbrahim İbadoğlu, Əli Qafarov) Ağdama ezamiyyətə gediblər. Jurnalistlər bələdçinin köməkliyi ilə düşmənlə üzbəüz olan Gülablı kəndinə getməliymişlər. Amma bələdçi yolu səhv saldığından onlar “RAF” markalı mikro avtobusla iki erməni postunu keçib gedib çıxıblar ermənilərin yaşadığı Qarakəndə. Ətrafda ermənilər, erməni tankları... Və taleyin təsadüfi və qismətlərinə həmin gün ölmək, ya əsir düşmək yazılmamağın sayəsində oradan sağ salamat qurtarıblar. Bu, ayrıca bir hekayə mövzusudur.

 

İndi deyim ömrünü Azərbaycan hərb tarixinin bir hissəsini gələcək nəsillərə ötürən bu kişi nə qədər pensiya alır: 180 manat! Bəli, 180 manat. Bu gün gözü ilə Qarabağ müharibəsinin anlarına baxdığımız bir KİŞİ 180 manat pensiya alır. Nə ev verilib, nə avtomobil, nə də...

 

P.S. Lent.az saytının kollektivi adından xalqımızın dəyərli oğlu, peşəkar fotomüxbir, Qarabağ müharibəsinin ayrı-ayrı anlarını tarixləşdirib gələcək nəsillərə ötürən Əli Qafarovu 70 illiyi münasibəti ilə ürəkdən təbrik edirik!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13532
avatar

Rey Kərimoğlu

Oxşar yazılar