Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir. “Barıt qoxusu”nun növbəti qonağı müəlliflə birgə döyüş yolu keçmiş Rafiq Xasay oğlu Kərimovdur.
***
Onun adı çəkiləndə ilk yadıma düşən bilirsinizmi nə oldu? Rafiq qulluq etdiyi hərbi hissədən 1 ədəd 7, 62 kalibirli “AK” markalı avtomatı da özü ilə gətirmişdi bizim batalyona. Xankəndindəki hərbi hissədə 15 nəfər azərbaycanlı olublar. Dağlıq Qarabağda Muxtar Vilayətində tətbiq edilən fövqəladə vəziyyət rejimində komendant xidmətində qullu edib.
Kod adı “Çantos”
Deyir fövqəladə vəziyyət qaydalarını pozan erməniləri gecə gətirib Əsgəran tərəfdə buraxırlarmış: “Bəzən ermənilər soruşurdular ki, onları hara aparırıq? Biz də qəsdən yalandan deyirdik ki, Ağdama. Başlayırdılar yalvarmağa ki, onları elə Əsgərəndaca güllələyək, amma Ağdama aparmayaq. Ağdamdan. OMON-la (Xüsusi Təyinatlı Milis Dəstəsi-R.K.) birgə Xocalı aeroportunun mühafizəsində, separatçıların kimliyinin araşdırılmasında, pasport rejiminin həyata keçirilməsində də iştirak etmişik. 1991-ci il, 13 dekabrda öz ərizəmlə hərbi hissədən tərxis olundum. 1992-ci ilin yanvar ayında Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissəyə yazıldım. Kəşfiyyat dəstəsində xidmət etdim”.
Kəşfiyyatçı kimi kod adı isə “Çantos” idi Rafiqin. Onunla bir neçə əməliyyatda iştirak etmişəm. Sonuncu dəfə isə 1992-ci ildə, martın 4-də Ağdərənin Qazançı kəndində birgə idik. Bu döyüşdə Rafiq ağır yaralandı: “Qazançının girəcəyində Həsəni (digər kəşfiyyatçı Həsən Mehdiyev-R.K.) vurdular, onu döyüş meydanından çıxarıb geri qayıdanda hiss elədim ki, kimsə sol tərəfdəki arxın içinə tullandı. Bir nəfər idi, bizə tərəf atəş açırdı. Əsgərlərimizin hamısını üzdən dəqiq tanımıram axı, geyimlərimiz də bir-birinə oxşayır. Dedim, ay qardaş, neynirsən? Bizi qırmışdın ey! Nə bilim ki, ermənidir...Mənə tərəf atəş açdı. Güllə sinəmə dəydi. (Bu arada qeyd edim ki, ermənilər də bizim kimi sovet hərbi mundirində olduğundan, bəzən döyüş meydanında qarşılaşanda onları səhv salırdıq-R.K.) Son anda anladım ki, bu ermənidir və dərhal da onu vurdum.”
Erməni ölümcül yaralanır və yerdə can verir. Rafiqin isə ani olaraq gözü qaralır, yerə oturub kürəyini balaca qayaya söykəyib dayanır. Əkbər (Batalyonun kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov- R.K.) Rafiqi bu vəziyyətdə görüb, elə bilir ki, dincini alır. Öz-özünə Rafiqin qarasına deyinib ki, bunun kefinə bax ey, oturub burda dincəlir! Gülə-gülə Rafiqə deyir ki, səni verənin başına dönüm, dur ayağa gedək! O, yalnız Rafiqin ayağa durmaq istəyərkən yenidən yıxıldığını və onu qan apardığını görəndə anlayıb ki, yaralıdır. Əkbər Rafiqin yarasını sarıyır, bu zaman can üstə olan erməni yalvarıb deyib ki, onun da yarasını sarısın, qoymasın ölməyə.
“O qədər qan itirmişdi ki...”
Rafiq əlini yarasının yerinə sürtə-sürtə danışmağa davam edir: “Huşumu itirdim, özümə gələndə soyuq tər basmışdı məni. Əkbər yaramı sarıyıb məni oradan çıxardı. Yarı yolda gördüm ki, Həsəni hələ aparıb çıxara bilməyiblər. O qədər qan itirmişdi ki, rəngi ağappaq olmuşdu. Bizi gətirdilər Ağdam dəmir yol stansiyasında dayanmış vaqon hospitala. Axşam yaralı döyüşçülərə baş çəkmək üçün Ağdam dəmir yol stansiyasında yaradılmış qatarlarda yerləşən hospitala getdik. Burada Rafiqi, Həsəni gördük, digər yaralılarımıza baş çəkdik. Bu qatar-hospital mənə Böyük Vətən Müharibəsi haqqında çəkilmiş kinolardakı dəmir relslər üzərindəki hospitalları xatırlatdı. İlk dəfə idi ki, vaqonlardan yod, dərman və xlor qoxusu duyurdum. Həmişə bu vaqonlarla Ağdamdan Bakıya və keçmiş SSRİ-nin digər şəhərlərinə getmişdik. Onlarla xatirəmiz var bu vaqonlarda. Amma indi onlar yaralı əsgərlərimizin xilas edildiyi xəstəxanaya çevrilmişdi”.
Rafiq davam edir: “Qardaşım Rizvana dedim ki, evdə anamgilə bildirməsin yaralandığımı, amma o demişdi. Bir də gördüm anam, bacım üz-gözləri qan içində gəlirlər... Yaralandığımı eşidən də əl atıb üzlərini cırıblar. And olsun Allaha, anam mənimlə görüşəndə yaramın qanın yaladı. Dəhşətli səhnə idi...”
Gözləri dolur...Divanda oturan körpə qızına baxıb vəziyyətdən çıxmaq üçün onu oxşamağa başlayır. Mən də daha bu söhbətə qayıtmıram...
Sağalandan sonra Rafiq yenidən batalyona qayıdır və xidmətini davam etdirir.
“Hamısı bir maşında həlak oldu”
Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevdən də danışır: “Hələ Şirin Mirzəyev sağ idi. İyun ayında Kiçan əməliyyatında onunla bir yerdə idim. Bir gün yenə birgə Kiçan kəndinə getdik. Ermənilər biz olan yeri güclü artilleriya atəşinə tutdu. Qorumaq üçün özümü balaca bir çuxura ardım. Bir də gördüm Şirin Mirzəyev başımın üstündə dayanıb gülür. Gülə-gülə mənə dedi ki, “Komandiri belə qoruyarlar?”. Ölümündən bir gün qabaq bizdə gördüm onu, çox yorğun idi. 3 gün idi yatmırdı. Kiçanda ağır itkilər verib geri çəkilmişdik. İyunun 18-də Qaralar tərəfdəki postdan irəlidə dayanan tankların yanına gedirdi. Bir gün öncə düşmən arxasına getmiş kəşfiyyatçılarla rabitə ilə əlaqə saxlamaq istədi, amma alınmadı. Rabitə əlaqəsi kəsildi. Dedi ki, bir azdan yenə əlaqə saxlamağa cəhd edəcək. Maşına minib getdi. Mən də minmək istəyirdim, yer olmadı deyə, qoymadı. Amma yeznəm Yavər Babayev, Şirin Mirəzyevin yaxın qohumları Mübariz, Araz və tankçıların komandiri onunla birgə maşına oturdular. Amma...(Bir anlıq susur) Amma bir də gördüm ki, maşın göyə uçdu. Minaya düşmüşdü. Tez özümü ora çatdırdım. Birinci Şirin Mirzəyevə tərəf qaçdım. Qan aparır, rabitə cihazı da əlində, sifəti də his içində... Məni görüb iki dəfə soruşdu:
- Nə olub?! Nə olub?!
Fəxrəddin Rəcəbov özünü yetirib maşını ilə onu hospitala apardı. Yavəri də minanın dalğası 12-13 metr kənara ataraq daşa çırpmışdı, Yavər keçinmişdi. Tankçının iki ayağı dibindən üzülmüşdü. Mübarizlə Araz da yaralı halda xırıldayırdılar...Hamısı can verirdi...Şirin Mirzəyevin sürücüsü Mübariz isə üzüqoylu sükanın üstünə yıxılmışdı. Avtomobilin siqnalı dayanmadan çalırdı. Mübarizdən başqa hamısı şəhid oldu!”
Ailəsini dolandırmaq üçün hamam kisəsi də satıb
Şirin Mirzəyev həlak olandan bir qədər sonra Rafiq ordudan tərxis olunub. 1993-cü ilin yayında, doğma kəndləri işğal olunanda isə yüz minlərlə qarabağlı kimi məcburi köçkünə çevrilib. Elə həmin il neçə müddət nişanlı olduğu Nəzakət xanımla ailə qurub. Toysuz, düyünsüz...Bir il sonra qızları Aytac - indi Azərbaycan Texniki Universitetində təhsil alır - dünyaya gəlib. İki il Ağdam Yanğınsöndürmə İdarəsində çalışıb. Amma aldığı məvacib dolanışıqlarına çatmayıb. Sonra Bakıya köçüb. Burada da günü xoş keçməyib. Ailəni dolandırmaq üçün min bir əziyyətə qatlaşıb. Rafiq deyir elə vaxt olub ki, çörək pulundan ötəri xanımı hamam kisəsi tikib, o da satıb...
Yeddi ay avtomobil ustası yanında şagird kimi çalışıb. Dəmirçiliyi, rəngsazlığı öyrənib. Bu gün məcburi köçkün kimi məskunlaşdığı Xətai rayonu ərazisində özünə balaca bir iş yeri açıb. Sonra bir müddət iş dalınca Rusiyaya üz tutub, amma ailəsinə görə, geri qayıdıb. Bu yaxınlarda, 18 ildən sonra ikinci qız övladı - Nurtac dünyaya gəlib. Elə bizimlə söhbət zamanı da bir gözü ona yaşamağa yenidən ruh verən balaca Nurtacda idi. Nə qədər kədərli olsa da, ona baxanda Rafiqin çöhrəsində sevinc hiss olunurdu, əhvalı yaxşılaşırdı...
Deyir ki, hər gecə yatmazdan qabaq işğalda olan torpaqlarımızı azad etmək barədə müxtəlif planlar qurub yuxuya gedir. Bu səbəbdən də tez-tez yuxularında Qarabağı, müharibəni görür Rafiq.
“Çantos”un müharibə fotolarına. İki foto ortadan qayçı ilə kəsilib. Səbəbini soruşuram. Xanımı gülümsəyərək ondan əvvəl cavab verir:
- Orada yanında qadın var idi, mən də kəsib tulladım...
Rafiqin həyat yoldaşı Nəzakət xanım onu əməlli qısqanırmış.
Bu yerdə “Kəşfiyyatçının xatirələri” adlı ötən layihəmdə Rafiqlə bağlı bəzi məqamlar yadıma düşdü. “Çantos”un gecə Xocavəndin (Martuni) Əmralılar kəndində postda olanda Oksana adlı erməni sevgilisini haraylamasını yazdığımı xatırladım.
Zarafatla Rafiqdən o hadisəni yazmağımın evdə problem yaradıb yaratmadığını soruşdum. Gülür:
- Onlar buna qədər olmuşdu axı...
Qonşu otaqda başı Nurtaca qarışan Nəzakət xanımın yarı zarafat, yarı incik səsi gəlir:
- Noolsun?!
QEYD: Qəhrəmanımız yalnız 2008-ci ildə əlillik sənədi ala bilib...