14 erməni tankını məhv etmiş qəhrəman: “...neyləmişəm ki?” XATİRƏ
22 oktyabr 2013 16:18 (UTC +04:00)

14 erməni tankını məhv etmiş qəhrəman: “...neyləmişəm ki?” XATİRƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir. “Barıt qoxusu”nun növbəti qonağı Quliyev Vahid Həbibulla oğludur...

Vahid Quliyev. Bu ad sizə nəsə deyirmi? Amma tanımalıyıq, sayğı göstərməli, onunla bir dövrdə yaşamağımıza görə, qürur da duymalıyıq.

Elə bu səbəbdən də “Barıt qoxusu”nda onunla  söhbət etdik. Vahid Quliyev Azərbaycanın canlı Milli Qəhrəmanlarındandır. Elə-belə qəhrəman yox, nə az, nə çox, düz 14 düşmən tankını və zirehli texnikasını məhv edən qəhrəman! Müharibədə olmuşam, çox qanlı hadisələrə şahidlik etmişəm, elə bir o qədərini də eşitmişəm, amma beləsini eşitməmişdim, beləsinə rast gəlməmişdim...

 

***

 

Uşaqlıqdan hərbiçi olmaq istəyib, amma tale onu tamam başqa sahəyə aparıb çıxarıb. Müəllim olub. Necə?

Quliyev Vahid Həbibulla oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. 1972-ci ildə Zəngilan rayon Hacallı kənd orta məktəbini bitirib. 1974-cü ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçib. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdıb və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub...

 

Ardını özü danışır:

 

- Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. Hərbi kafedrada bizi tank əleyhinə idarə olunan raketlər sistemini tədris edirdilər. Uşaqlıqdan arzum hərbçi olmaq idi. Elə ona görə böyük həvəslə hərbi biliklərə yiyələnirdim. Marağım böyük idi. 1981-ci ildə təhsilimi başa vuraraq təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərildim. Üç il orada ixtisasımla yanaşı müxtəlif fənlərdən  dərs dedim. 3 ildən sonra Bakıya gələrək “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində çalışmağa başladım”.

 

Ruslar hərbi texnikanın mikrosxemini doğrayıblar

 

1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanır:

- Qarabağda müharibə başlamışdı, baş verənlərdən mütəmadi xəbər tuturdum. Çox narahat idim. Qərar aldım ki, ehtiyatda olan zabit kimi yaşadığım ərazi üzrə Yasamal rayon Hərbi Komissarlığına müraciət edim. Elə də etdim. Komissarlıqda mənə dedilər ki, “neynirsən gedib Qarabağda döyüşüb. Bir az pul ver səni Bakıda, Badamdarda bir hərbi hissə var, ora göndərək”. Razılaşmadım. Dedim ay kişi, mənim atam, anam odun-alovun içində qalıb, müharibə gedir, burada nə işim var... Gördü əl çəkmirəm, dedi ki, yaxşı, get evə, amma ünvanının və əlaqə telefonun bizə ver, lazım olsa çağırarıq. Bir müddət keçdi çağırmadılar. Yenidən komissarlığa müraciət etdim. Bu dəfə də eyni sözü dedilər. Onda soruşdum ki, Badamdardakı hərbi hissə haradadır? Yerini dedilər, bir başa deyilən hərbi hissəyə getdim. O zaman Milli Orduda artilleriya işini qurmağı Əli Bağırov adlı bir polkovnikə tapşırmışdılar. Onunla görüşdüm. İstəyimi dedim. Mənə bir “zapiska” verdi. Dedi gedərsən Qobuya, orada hərbi hissə komandiri var, polkovnik Vaqif İsrafilov, mənim adımdan ona yaxınlaşarsan. “Zapiska”nı da alıb getdim Qobudakı hərbi hissəyə. Orada tələbə yoldaşım, əslən Qubadan olan Nazifi də gördüm. Vaqif İsrafilov görüşdüm. Məni hərbi hissəyə qəbul elədilər. Ta sevindiyimdən evə də getmədim, qaldım hərbi hissədə. Bir həftə hər gün eyni formada təlim keçdilər bizə. Yalnız Tank Əleyhinə İdarə Olunan Raketlərin maşınlarını (“Şturm-S”) sürürdük, sonra da təmizləyib qayıdırdıq hərbi hissəyə. Amma raketlərin necə idarə edilməsinə öyrənməyə qoymurdular. Deyirdilər ki, işləmir. Bir həftə belə davam elədi. Hərbi hissənin qərargah rəisi var idi Çernov. Bir gün ona yaxınlaşıb dedim ki, icazə verin raketləri yoxlayaq, görək bunlar niyə işləmir. Dedi, gedin baxın, onsuz da başınız çıxmayacaq. Gəldik uşaqlarla maşınların yanına. Raketlərin idarə etmə qutusu var. Onun qapağına baxdıq. Əməlli başlı plomblanıb, möhürlənib bağlanmışdı. Plombu qırıb qapağı açdıq. Raketlərin idarə edən mikrosxemlər kəsilib doğranmışdı. Sonra bəlli oldu ki, deməli, ruslar hərbi hissəni tərk edəndə bütün maşınların idarəetmə sisteminin mikrosxemlərini doğrayıblarmış. Hətta anbarda saxlanılan ehtiyat hissələrini də doğramışdılar. Yalnız biri salamat qalmışdı. Onu da yəqin unudublar deyə qalıb. Onu götürüb cihazqayırma zavoduna apardım. Orada Spartak adlı bir şəmkirli balası var idi. O, nümunəyə baxaraq bütün maşınların mikrosxemini yığdı. Və beləliklə maşınlar hazır vəziyyətə gətirildi. Bir müddət sonra bizi cəbhə bölgəsinə göndərdilər.

 

Onları Ağdama göndəriblər. Heyətin birində V. Quliyev Xilqət adlı bir zabitlə xidmət edib. İlk döyüşünü qəhrəmanımız belə xatırlayır:

 

- 1992-ci il, sentyabrın 6-da bizi gətirdilər Ağdama. Maşının birini Ağdam - Qarakənd, birini, yəni biz olanı Ağdam-Xanabad istiqamətində yerləşdirdilər. Biz maşın üçün əlverişli bir mövqe seçib gözlədik. Bir həftə keçdi, heç nə edə bilmədik. Xilqətin növbəsi gəldi. Maşını ona təhvil verib Uzundərə bazasına qayıtdım. Onu dəyişmək üçün növbəyə gələndə bildim ki, ermənilər hücuma keçiblər, maşının da yan yörəsini möhkəm bombardman ediblər. Xilqət ruhi sarsıntı keçirmişdi...O, növbəni mənə təhvil verib qərargaha getdi. Xanabad tərəfdə ermənilərin tankı var idi, tez-tez orada peyda olub, bizim əsgərlərin mövqeyini, Ağdamı atəşə tuturdu. Ha çalışırdım vura bilmirdim. Maşının mənfi bir xüsusiyyəti, işləmə qaydası vardı. Yarım saat işləyəndən sonra cihaz qızırdı, gərək söndürüb, yarım saat da fasilə verəsən. Yenidən işə salmaq üçün isə azı 5 dəqiqə vaxt lazım olurdu. Yəni gözləyirdim, gözləyirdim gəlmirdilər. Elə ki, maşını söndürürdüm qəfil peyda olurdular. Elə bil gizlənqaç oynayırdılar mənimlə. İki gün güddüm onları. Bir gün yenə maşını işə saldım və gözlədim...Amma erməni tankları görünmürdü. Artıq söndürmək vaxtı idi. Elə əlimi atıb söndürmək istəyirdim ki, gördüm bu da ha, erməni tankı gəlir...Gözlədim bir mərmi də atdı. Yerin tam dəqiqləşdirib, tuşlayıb raketi buraxdım. Dəydi! Erməni tankı əvvəlcə tüstülədi, sonra partlayıb yandı. Elə sevindim ki...Yerli əsgərlər də sevindi. Onlar qışqıraraq bir-birini qucaqlayıb təbrik edirdilər.

 

Vurduğu erməni tankına görə qeyri-adi hədiyyə

 

V.Quliyev təlimata görə dərhal tank vurması ilə bağlı mərkəzə məlumat verməliydi. Bu həm də maşınların bir növ sınağı olduğundan komandanlığa maşının necə işləməsi ilə bağlı dəqiq məlumat lazım idi. Amma rabitə cihazı ilə ona verilən tezlikdə mərkəzlə əlaqə yarada bilmir. Məcbur olub gözləyir.

- Səhəri gün Qatır Məmmədin ( Əsgəran istiqamətində yerləşən hərbi hissənin komandiri Yaqub Rzayev - R.K.) batalyonundan Mamed adlı komandir müavini gəldi yanımıza. Bizi qucaqlayıb bağrına basdı. Dedi, tankı vurduğumuza görə, Qatır Məmməd bizə mükafat təyin edib. Özü ilə gətirdiyi bir xanımı da bizə təqdim edib bildirdi ki, bu gündən bu xanım bizə  yemək bişirəcək. Açığı, biz orada olduğumuz bir həftə ərzində ərzaq sarıdan çox korluq çəkirdik. Bir həftə idi demək olar ki, yatmırdıq. Biz maşında idarə etmə üçün nəzərdə tutulan iki nəfərlik balaca dəmir oturacaq var, elə orda yatıb, orda da dururduq. Çox narahat idi.

Qəhrəmanımız Ağdamda daha bir düşmən tankını məhv edir. Onları xilqətin ekipajı əvəz edir. Qəhrəmanımız qayıdır Bakıya. Bir müddət sonra onu heyəti ilə birgə Qubadlı bölgəsinə göndərirlər. Qubadlıda bir müddət xidmət etsə də, düşmən tankları ilə rastlaşmır. Çox güman ki, ermənilər ərazidə “Şturm-S” in olduğunu bilirmişlər. Nəhayət, ermənilərin müxtəlif istiqamətdən hücumu başlayır. Bu zaman V. Quliyev ekipajı ilə birgə böyük qəhrəmanlıq göstərir. Avqustun 26-da onların olduğu mövqe çox güclü artilleriya atəşinə məruz qalır. Vahid deyir ki, həmin gün elə bir yer yox idi ki, ora mərmi düşməsin. Onlar, sadəcə, sırf təsadüf nəticəsində sağ qalıblar...

 

Qubadlıda vurulan 5 tank...

 

1993-cü il avqustun 28-i, Qubadlı. Ermənilər 3 tank və 2 BMP ilə onlar olan istiqamətdə hücuma keçirlər. V.Quliyev bu hadisənin danışanda ərazidə olan topçuların qəhrəmanlıqlarını da unutmur. Deyir onlara yaxın ərazidəki topçular son ana qədər düşmənə qarşı döyüşüb, əsl qəhrəmanlıq göstəriblər:

- Ermənilər Güləbird tərəfdən, bizim arxamızdan hücum etdi. Biz maşını (“Şturm-S”-i  nəzərdə tutur - R.K.) biçilmiş, amma taxıllığın içində gizlədib məqam gözləyirdik. Tanklar gəlib bizim yaxınlığımıza çatdı. Lakin məsafə elə idi ki, biz onları vura bilməzdik. Ərazi də dərə-təpə idi. Onlar uzaqdan pulemyotla piyada döyüşçülərin qaldığı yeri, dəmir vaqonu vurub deşik-deşik elədilər...Gözlədik bir qədər sağa tərəf irəli getdilər. Atəş məsafəsinə yetişəndə üzərində xeyli düşmən əsgəri olan tankı tuşlayıb atəş açdım. Raket tanka dəydi...Tank tüstüləyib alışdı. Bizim “Armudun dibi” deyilən yerə atəş aça-aça topçuların mövqeyinə tərəf irəlilədi. Dəmir vaqonun altına alıb keçəndə arxası bizə tərəf düşdü. İkinci raketi buraxdım. Bu da hədəfə dəydi. Bu zaman erməni piyadaları irəliləməyə başladı. İki əsgər, iki də biz, dörd avtomatımız, iki tapançamız vardı, maşının önündə qazdığımız səngərdən ermənilərə tərəf atəş açmağa başladıq. Ermənilər qayıdıb dərəyə töküldülər. Bir tank və 2 BMP-ləri də dərədən üzü yuxarı atmağa başladı. Amma o atəşlər bizi tutmurdu...

 

Xilqətin ölümü

 

Bu istiqamətdə ümumilikdə 5 tank və BMP vurur Vahid. Amma bütün bunlara baxmayaq ermənilər Qubadlını işğal edir. Bundan sonra V. Quliyevi yenidən Ağdam istiqamətinə göndərirlər. Mərzili istiqamətində gedən döyüşdə Xilqətin maşının vurular. İçi raketlə dolu maşın alışıb partlayır. O döyüşdə Xilqətlə birgə ekipaj həlak olur...

Qəhrəmanımız 1994-cü ilə-atəşkəs elan olunana qədər Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir. Bura da xeyli düşmən tankı və zirehli texnikasını məhv edir...

 

9 oktyabr, 1994-cü il...

 

- Ağdamda maşının içərisində radiostansiyada “Arazı”ı tutub xəbərlərə qulaq asırdım. Diktor Azərbaycan Respublikası Prezidentinin bir qrup döyüşçüyə adlar verilməsi ilə bağlı fərmanını oxuyurdu. Öz adımı da eşitdim. Ancaq inanmadım, dedim, mən burada, döyüş bölgəsi, kim onlara xəbər verib ki, mən kiməm, neyləmişəm... Bir neçə gün sonra məni hərbi hissəyə çağırdılar. Dedilər ki, Ali Baş Komandan, Heydər Əliyevin fərmanı ilə sənə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib...

1995-ci ildə cəbhə bölgəsindən Bakıya qayıdan Vahid 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbdə baş müəllim işləyib. 2002-ci ildə ordudan tərxis olunub. Ailəlidir, iki övladı var.

Burnuna barıt qoxusu gəlmir Vahidin, çünki “Şturm-S”in ayrı qoxusu olub...

Torpaqlarımızın azad olunmasını istəyir. Ən böyük arzusudur bu. Bunun üçünsə müharibənin başlamasını arzulayır...

Bu gün adi bir Azərbaycan vətəndaş kimi həyatını yaşayır. Nə villası, nə bahalı avtomobilləri, nə də şəhərin müxtəlif yerlərində restoranları, ticarət mərkəzləri var onun. Heç biri yoxdur.

Amma hər kəsin qibtə edə biləcəyi bir ömür yolu, ən əsası ən uca titulu var: Azərbaycanın Milli Qəhrəmanı adı!

Bu isə hər kəsə nəsib olmur...

[email protected]

# 15984
avatar

Rey Kərimoğlu

Oxşar yazılar