Bakıda bir neçə gün yağış yağacaq
05 oktyabr 2010 11:18 (UTC +04:00)

Bakıda bir neçə gün yağış yağacaq

Azərbaycan paytaxtında yağışlı hava şəraiti bir neçə gün davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havaların buludlu olacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, havanın temperaturu gündüz 17-19 dərəcə, axşam 15-17 dərəcə olacaq.

Yağmurlu hava şəraiti oktyabrın 6-da da davam edəcək. Sabah paytaxtda yağış yağacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, havanın temperaturu gecə 13-15 dərəcə, gündüz 18-20 dərəcə olacaq.

Oktyabrın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək, havanın temperaturu gecə 13-15 dərəcə, gündüz 19-21 dərəcə olacaq.

Oktyabrın 8-də havalar dəyişkən buludlu olacaq, gündüz arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 19-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Yağıntıların əsasən gecə və axşam saatlarında yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-8 dərəcə, gündüz 9-14 dərəcə olacaq.

Oktyabrın 07-08-də bölgələrdə əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə olacaq.
# 594

Oxşar yazılar